Dəfinə tapsanız dövlət sizə bu qədər pul ödəyəcək
Bəzən insanlar həyətlərində və ya torpaq sahələrində qazıntı apararkən tarixi zinət əşyaları, qədim sikkələr, qiymətli əşyalar və digər tapıntılar aşkarlayırlar. Belə hallarda tapılan əşyanın kimə məxsus olması, onu aşkar edən şəxsin həmin əşya üzərində hansı hüquqlara malik olması və tapıntının dövlətə təhvil verilib-verilməməsi ilə bağlı suallar yaranır. Xüsusilə tarixi və mədəni əhəmiyyət daşıyan əşyaların aşkarlanması zamanı qanunvericiliyin tələblərinin necə tətbiq olunduğu maraq doğurur.
Bəs insan həyətində və ya torpaq sahəsində qazıntı zamanı tarixi və ya dəyərli əşya taparsa, onu özündə saxlaya bilərmi?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, belə hallar Mülki Məcəllənin 187-ci maddəsi ilə tənzimlənir:
“Bu Mülki Məcəllənin 187-ci maddəsi ilə tənzimlənir. Bu, dəfinədir. Dəfinə, yəni torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşya nəzərdə tutulur ki, onun mülkiyyətçisini müəyyənləşdirmək mümkün deyil. Bu halda, əgər onların razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, dəfinə onun gizlədildiyi əmlakın mənsub olduğu şəxslə, yəni harada gizlədilibsə, onu aşkar edən şəxsin mülkiyyətinə bərabər pay şəklində daxil olur. Yəni torpaq sahəsi mənimdir, amma dəfinəni siz tapmısınız. Bu halda onu sizinlə yarıbayarı bölürük. Amma ola bilər ki, siz mənim tapşırığımla orada işləyirsiniz və bizim sizinlə əvvəlcədən razılaşmamız var ki, dəfinə tapsanız, necə bölünəcək. Bu halda həmin razılaşmaya uyğun hərəkət edilir”.

Ə.Həsənov əgər aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidəsi, elmi dəyərli əmlak olarsa, onun dövlət mülkiyyətinə verildiyini qeyd edib:
“Bu halda sadəcə həmin sahənin mülkiyyətçisi ilə onu aşkar edən şəxsin dəfinənin dəyərinin 50 faizi miqdarında bəxşiş almaq hüququ var. Yəni fərq budur: birinci halda dəfinəni bölürlər, ikinci halda isə əmlak dövlətə keçir, onların isə dəfinənin dəyərinin 50 faizi miqdarında bəxşiş almaq ixtiyarı var”.
Zərnigar Hüseynli
20:30 01.09.2026
Oxunuş sayı: 51