İnsanların bir-birinə güvənini sarsıdan əsas səbəb
Müasir dövrdə insanlar arasında münasibətlər genişləndikcə qarşılıqlı etimad məsələsi də daha çox müzakirə olunur. Gündəlik həyatda şəxsi münasibətlərdən tutmuş işgüzar əlaqələrə, alış-verişdən sosial münasibətlərə qədər bir çox sahədə insanların bir-birinə güvənməsi mühüm rol oynayır. Lakin həyatın mürəkkəbləşməsi ilə yanaşı, yalan, xəyanət və etimaddan sui-istifadə halları da insanların münasibətlərə yanaşmasına təsir göstərir. Bir insana göstərilən etimadın qarşılığında yalan və ya xəyanətlə üzləşmək həmin şəxsin gələcək münasibətlərində daha ehtiyatlı davranmasına səbəb ola bilər. Bu proses təkcə fərdlər arasındakı münasibətlərə deyil, bütövlükdə cəmiyyətdə etibar mühitinə də təsir edir. İnsanların bir-birinə güvənməsi üçün isə yalnız fərdi münasibətlərin deyil, sosial sistemin, qaydaların və qanunların da düzgün işləməsi vacib amillərdən biridir. Bəs cəmiyyətdə etimadın zəifləməsinin əsas səbəbləri nələrdir və yalan insanların bir-birinə münasibətini necə dəyişir?
Sosioloq Mail Yaqub mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, əvvəllər insanların bir-birinə etibarı və etimadı daha çox idi. Bunun səbəbi həyatın indiki kimi mürəkkəb olmaması, daha bəsit və sadə olması ilə bağlıdır. Həyat nə qədər mürəkkəbləşirsə, münasibətlər və işlər nə qədər çoxşaxəli xarakter alırsa, alış-verişlər nə qədər çoxalırsa, təəssüf ki, etibar və etimad məsələsi də bir o qədər zəifləyir. Buna ən vacib səbəblərdən biri yalandır. Psixoloqlar da bu məsələni tədqiq ediblər. Əgər insanların bir-birinə etimad etdiyi, lakin qarşılığında bunun müsbət geri dönüşünü görmədiyi bir mühit varsa — biri başqasına etibar edir, qarşı tərəf isə ona yalan danışır, xəyanət edirsə — orada etibar və etimad sarsılır. Bu, konkret psixoloji eksperimentlərlə də sübut edilib. Məsələn, Massaçusets Texnologiya İnstitutunun professoru Den Ariellinin kitabında bu barədə ətraflı yazılıb".

Sosioloq qeyd edib ki, əgər bir insan qarşısındakından xəyanət və yalan görürsə, o zaman etimad və etibar zəifləyir. Burada yalanı və xəyanəti aradan qaldırmaq lazımdır. Digər tərəfdən, insanların nə üçün yalan danışdığı, niyə yalan danışmağa ehtiyac duyduğu da müəyyənləşdirilməlidir. Bunun səbəbini tapmaq və həmin səbəbi aradan qaldırmaq lazımdır. Hər şeyin qaydasında getdiyi və sistemin düzgün işlədiyi mühitdə adətən insanların yalan danışmağa ehtiyacı olmur. Məsələ yenidən sistemin düzgün işləməsinə gəlib çıxır. Əgər qaydalar və qanunlar düzgün işləyirsə, insanlar niyə yalan danışsınlar ki? Nəticədə, hər kəs doğru danışdığı üçün insanların bir-birinə etibarı və bir-birinin sözünə etimadı da artmış olur".
Zeynəb Həsən
14:00 28.08.2026
Oxunuş sayı: 56