Amur qaz-kimya kompleksində ölənlərin sayı 15-ə çatdı
Rusiyanın Amur vilayətindəki Amur qaz-kimya kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 15-ə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Amur qaz-kimya kompleksinin mətbuat xidmisi bu barədə məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə işləri başa çatıb və yanğın nəticəsində 15 nəfərin öldüyü təsdiqlənib. Onlardan biri Rusiya, 14-ü isə Çin vətəndaşıdır.
Məlumata görə, ölənlərin hamısı podratçı şirkətlərin əməkdaşları olub. Daha 39 yaralı xəstəxanalarda müalicə olunur.
Amur qaz-kimya kompleksi Rusiyanın “Sibur” şirkəti ilə Çinin “Sinopec” şirkətinin birgə layihəsidir. Layihədə “Sibur”un payı 60 faiz, “Sinopec”in payı isə 40 faizdir.
Müəssisənin illik 2,7 milyon ton polietilen və polipropilen istehsal gücünə malik olması planlaşdırılır. Şirkət daha əvvəl yanğının piroliz qurğusunun köməkçi texnoloji sahəsində baş verdiyini və əsas avadanlıqların zərər görmədiyini bildirmişdi.
17:43 27.08.2026
Oxunuş sayı: 44