Qarabağda biznes quranlar MİLYONLARLA vergi və rüsum ödəməyib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal fəaliyyəti quran müəssisələr (sənaye parkları daxil olmaqla) idxal olunan texnika, texnoloji avadanlıqlara, eləcə də xammallara görə indiyədək 17,4 milyon manat dəyərində vergi və gömrük rüsumlarından azadolma əldə ediblər.
Crossmedia.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə investisiya mühitinin yaxşılaşdırılması, istehsal fəaliyyətinin təşviqi və sahibkarlığın inkişafı məqsədilə bu ərazilərin rezidentləri üçün müxtəlif dəstək mexanizmləri tətbiq edilir. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il 1 yanvar tarixinədək müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, habelə xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azaddırlar.
Tətbiq olunan bu və digər güzəşt və dəstək mexanizmləri çərçivəsində bölgədə tekstil, tikinti materialları, elektrik avadanlıqları, nəqliyyat vasitələri və s. sənaye məmulatlarının istehsalı fəaliyyəti həyata keçirilir.
Bu güzəştlərdən yararlanmaq üçün sənədləri fiziki və elektron formada nazirlik qəbul edir. Müvafiq fəaliyyət sahələri üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların siyahısı Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli qərarı ilə təsdiq edilib.
12:53 25.08.2026
Oxunuş sayı: 39