Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 65,37%-ə çatıb
Qazaxıstanda yeni Konstitusiya əsasında keçirilən ilk parlament seçkilərində seçici fəallığı saat 16:00-a olan məlumata görə 65,37%-ə çatıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə 8 milyon 240 min 336 seçici iştirak edib. Bu, seçici siyahısına daxil edilən vətəndaşların 65,37 faizini təşkil edir.
Seçici fəallığı ölkənin müxtəlif bölgələrində fərqli olub. Ən yüksək göstərici Qızılorda vilayətində qeydə alınıb – 81,38 faiz. Ən aşağı iştirak isə ölkənin ən böyük şəhəri Almatıda olub – 36,65 faiz. Paytaxt Astanada seçici fəallığı 46,38 faiz təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə Qazaxıstan parlamentinin aşağı palatasına – Məclisə keçirilən seçkilərdə seçici fəallığı 54,21 faiz olub. Beləliklə, builki göstərici əvvəlki parlament seçkilərinin nəticəsini üstələyib.
Avqustun 23-də keçirilən seçkilər ölkənin yeni Konstitusiyası əsasında təşkil olunan ilk parlament seçkiləridir. Yeni Konstitusiya əvvəlki ikipalatalı parlamenti ləğv edərək 145 deputatdan ibarət birpalatalı Qurultay parlamentinin yaradılmasını nəzərdə tutur.
Seçkilərdə parlamentdəki 145 yer uğrunda yeddi siyasi partiya mübarizə aparır. Deputatlar partiya siyahıları əsasında seçilir.
21:26 23.08.2026
Oxunuş sayı: 60