Alimlər əsrlik həyatın sirrinə yaxınlaşıb
Dünyanın ən yaşlı insanlarının immun sistemi zəifləmək əvəzinə, əksinə, daha yüksək fəallıqla işləyə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝New Scientist˝ məlumat yayıb.
Yeni araşdırma göstərir ki, 110 yaşdan yuxarı insanların orqanizmində sağlamlıq problemləri ilə mübarizə aparan xüsusi immun hüceyrələrinin səviyyəsi yüksəkdir.
Tədqiqatçılar hesab edir ki, bu xüsusiyyət yaşlı insanların orqanizminin yaşla bağlı artan sağlamlıq risklərinə, o cümlədən xərçəng təhlükəsinə qarşı daha güclü müdafiə reaksiyası yaratmasına imkan verə bilər. Alimlərin fikrincə, məhz bu xüsusiyyət qeyri-adi uzunömürlülüyün səbəblərindən biri ola bilər.
Yaponiyanın Osaka Universitetindən Kosuke Haşimoto bildirib ki, yüz ildən artıq həyat sürməsinə baxmayaraq, bəzi insanların immun sisteminin uyğunlaşmaq qabiliyyətini qoruması diqqətçəkəndir. Onun sözlərinə görə, bu insanlarda immun sistemi yaşla sadəcə zəifləmir, əksinə, illər ərzində yaranan müxtəlif problemlərə uyğunlaşmaq qabiliyyətini saxlayır.
Əvvəlki araşdırmada alimlər superuzunömürlülər üçün xarakterik olan immun hüceyrə növünü müəyyən ediblər. Söhbət xərçəng kimi təhlükələri tanıyaraq məhv edə bilən CD4 sitotoksik T-limfositlərdən gedir.
Yeni araşdırmada alimlər bu hüceyrələrin yaş artdıqca necə dəyişdiyini müəyyənləşdirmək üçün 70-99 yaş aralığında səkkiz, 100-109 yaş arasında 10 və 110 yaşdan yuxarı daha 10 nəfəri araşdırıblar.
Qan analizləri göstərib ki, yaş artdıqca CD4 sitotoksik T-limfositlərinin ümumi T-hüceyrələrindəki payı da yüksəlir. Bu göstərici 70-99 yaş qrupunda təxminən 4 faiz olduğu halda, 100-109 yaşlılarda 10 faizə, 110 yaşdan yuxarı insanlarda isə 17 faizdən çoxa çatıb.
Tədqiqatın müəllifləri nümunənin kiçik olduğunu qəbul etsələr də, Yaponiyada 110 yaşdan yuxarı insanların sayının cəmi təxminən 150 nəfər olduğunu və buna görə 10 nəfərlik qrupun əhəmiyyətli göstərici sayıldığını bildirirlər.
04:10 22.08.2026
Oxunuş sayı: 105