Azərbaycanda bu ərazilərdə sel olacaq - Diqqətli olun
Azərbaycanda intensiv və uzunmüddətli yağıntılar, eləcə də dağlarda qar örtüyünün əriməsi bəzi ərazilərdə sel və daşqın riskini artırır. Xüsusilə dağətəyi və dağlıq zonalarda yerləşən rayonlar bu baxımdan daha yüksək risk altındadır. Böyük və Kiçik Qafqazın ətəklərində yerləşən bir sıra çaylarda suyun səviyyəsinin kəskin artması ətraf ərazilər üçün ciddi təhlükə yarada bilər. Şəki, Oğuz, İsmayıllı, Şamaxı, Qax, Balakən, Zaqatala, Quba və Qusar istiqamətləri riskli bölgələr sırasında göstərilir. Mütəxəssislər xüsusilə Kişçay, Şinçay, Girdimançay, Talaçay, Kürmükçay, Qudyalçay, Vəlvələçay və Qusarçay kimi çaylarda daşqın riskinin yüksək olduğunu bildirirlər. İqlim dəyişmələri nəticəsində yağıntıların intensivliyinin və müddətinin artması isə bu təhlükəni daha da gücləndirir.
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az- a açıqlamasında bildirib ki, Azərbaycanda yağıntılar və dağlarda qarın əriməsi ilə yaranan çaylar bir neçə zonada daha yüksək risk daşıyır: "Azərbaycan şimal-qərb və cənub-qərb istiqamətində Böyük Qafqaz və Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir. Xüsusilə cənub və qərb hissədə, məsələn, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax və Balakən istiqamətlərində sellər daha çox baş verir.
Bu sellər əsasən Şəki rayonunda Kişçay və Şinçay ərazisində müşahidə olunur. Kişçay xüsusilə tez-tez daşır və bu, həm güclü yağıntılar zamanı, həm də dağlarda qarın əriməsi nəticəsində ətrafa xeyli zərər vura bilir. Bu baxımdan həmin rayonlar yüksək risk daşıyır.
Qax rayonunda Kürmükçay var və bu çay da tez-tez daşaraq ətrafa xeyli zərər verə bilir. Balakən-Zaqatala bölgəsində Talaçay yerləşir və burada da tez-tez daşqın riskləri yaranaraq əraziyə ciddi zərər dəyə bilir. Bu il ərzində də belə hallar bir neçə dəfə müşahidə olunub.
Eyni zamanda, Kişçay, Şinçay və Girdimançay da yüksək riskli çaylar sırasındadır. Girdimançay İsmayıllı və Şamaxının cənub hissəsini əhatə edir. Bu çaylar xüsusilə dağətəyi zonalarda yerləşən ərazilər, o cümlədən Şəki, İsmayıllı və Oğuz rayonları üçün ciddi fəsadlara səbəb ola biləcək daşqın riski yaradır.
Yağıntıların intensiv və uzunmüddətli olması nəticəsində bu bölgələrdə ətrafa ciddi zərər verən daşqınların yaranma riski artır.
İkinci yüksək risk daşıyan bölgə şimal və şimal-qərb istiqamətidir. Quba-Xaçmaz və Qusar zonalarında da yüksək risk mövcuddur. Burada Qudyalçay, Vəlvələçay və Qusarçay kimi çaylarda intensiv yağışlar nəticəsində suyun səviyyəsinin artması ətrafa ciddi zərər vura bilər. Bu ərazilər də yüksək risk daşıyan zonalar qrupuna daxildir.
Naxçıvan bölgəsində Ordubadçayda da tez-tez daşqın təhlükəsi yaranır. Eyni zamanda, Talış dağlarında və Azərbaycanın cənub bölgəsində, xüsusilə Lənkəran-Astara istiqamətində yerləşən dağ çaylarında da müəyyən daşqınlar baş verir.
Ancaq ən yüksək risk Şəki, Oğuz və İsmayıllı bölgələrinin payına düşür. Bu ərazilər dağətəyi zonalarda yerləşdiyinə görə daha yüksək risk altındadır. Şəki, Quba-Qusar bölgələrində də tez-tez daşqınların baş verməsi müşahidə olunur. Xüsusilə Şəki rayonunda Kişçay və Şinçayın daşması nəticəsində belə hallar dəfələrlə baş verib.
Bununla bağlı körpülərin dağılması hadisələrini bu il də müşahidə etmişik və daşqınların ətraf mühitə ciddi təsirləri olur.
Məsələn, Şəkidə bir tədbirdə iştirak edirdik. Həmin tədbirdə əhali Kişçayın və digər çayların hövzələrinin təmizlənməsinə icazə verilmədiyinə görə həmin hövzələrdə suyun daşması prosesini əsaslandırdı.

Bunu belə qiymətləndirmək olar ki, çay hövzələrinin dərinləşdirilməsi prosesi aparılsa, müəyyən qədər risklərin qarşısını almaq olar. Düzdür, bunun üçün böyük iqtisadi vəsait tələb olunur. Lakin maliyyə çatışmazlığı səbəbindən yerli regionlar həmin işləri tam həyata keçirə bilmirlər. İşlər qismən yerinə yetirilə bilir.
Bu da sellərin daha çox olduğu dövrdə müəyyən problemlər yaradır. İqlim dəyişmələri nəticəsində yağıntıların intensivliyi artıb, yağışlar daha uzunmüddətli olur və çoxlu fəsadlar törədir.
Hətta Bakı şəhərində, Sumqayıtda və digər şəhərlərimizdə də iri fəsadlara səbəb olan yağışlar artıq iqlim dəyişmələri nəticəsində daha tez-tez baş verir".
Zeynəb Həsən
19:00 20.08.2026
Oxunuş sayı: 50