Meşələri məhv olmuşdu, indi isə dünyanın yaşıl ölkələrindən biridir
Kosta-Rika 1948-ci ildə daimi ordudan imtina etməklə tarixdə nadir qərarlardan birini qəbul edib.
Crossmedia.az ˝Unian˝-a istinadən xəbər verir.
Ölkə ordunun saxlanmasına xərclənəcək vəsaitləri təhsil, səhiyyə və ekologiyanın inkişafına yönəldib.
Qərar 1948-ci ildə baş verən vətəndaş müharibəsindən sonra qəbul edilib. Bir il sonra isə daimi silahlı qüvvələrdən imtina Konstitusiyada təsbit olunub.
Onilliklər sonra Kosta-Rika meşələrin bərpasında dünyanın lider ölkələrindən birinə çevrilib. Ölkədə meşə örtüyünün sahəsi iki dəfə artıb.
XX əsrin ortalarında Kosta-Rika ərazisinin böyük hissəsini tropik meşələr təşkil edirdi. Lakin kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün aparılan intensiv meşə qırıntıları nəticəsində 1980-ci illərin əvvəllərinə qədər ölkə meşələrinin təxminən üçdə ikisini itirmişdi.
Meşələrin məhv edilməsi torpaqların deqradasiyasına və biomüxtəlifliyin azalmasına səbəb olmuşdu. Bundan sonra hökumət ağac kəsilməsinə məhdudiyyətlər tətbiq edib və təbii resurslardan istifadəyə nəzarəti gücləndirib.
Əsas dönüş nöqtəsi 1996-cı ildə baş verib. Həmin vaxt torpaq sahiblərinə meşələrin qorunmasına və məhv edilməsinin qarşısının alınmasına görə ödəniş sistemi tətbiq olunub. Beləliklə, meşəni qorumaq onu məhv etməkdən daha sərfəli hala gəlib.
Yeni siyasət nəticəsində meşələrin qırılması kəskin azalıb, əvvəllər məhv edilmiş ərazilər isə tədricən bərpa olunmağa başlayıb.
Hazırda Kosta-Rika ərazisinin yarısından çoxu meşələrlə örtülüdür. Bu ərazilərin böyük hissəsini əvvəllər məhv edilmiş və sonradan bərpa olunan ikinci dərəcəli meşələr təşkil edir.
Meşələrin qorunması ölkəyə yalnız ekoloji deyil, həm də iqtisadi üstünlüklər qazandırıb. Tropik meşələr, milli parklar, vulkanlar və zəngin biomüxtəliflik sayəsində Kosta-Rika ekoturizm və macəra turizminin əsas mərkəzlərindən birinə çevrilib.
Turizm sektorunun inkişafı minlərlə iş yeri yaradıb və ölkə iqtisadiyyatında mühüm rol oynayır. Eyni zamanda sağlam ekosistemlər karbonun udulmasına, su ehtiyatlarının qorunmasına və nadir canlı növlərinin yaşamasına kömək edir.
01:20 20.08.2026
Oxunuş sayı: 52