Şimali Koreya ABŞ və Cənubi Koreyanı hərbi təlimlərlə bağlı xəbərdar edib
Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini pisləyərək buna cavab olaraq “özünümüdafiə tədbirləri” görmək hüququndan istifadə edəcəyini açıqlayıb. Crossmedia.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bu barədə məlumat yayıb.
Pxenyanın bəyanatı ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Seul arasında keçirilən birgə hərbi təlimlərin miqyasının azaldılması barədə göstəriş verməsindən sonra səsləndirilib.
Şimali Koreyanın dövlət mediası avqustun 17-də başlayan “Ulchi Freedom Shield” (UFS) təlimlərini hərbi təhdid kimi qiymətləndirib. Təlimlərin ilkin olaraq 11 gün davam etməsi planlaşdırılıb.
KCNA-nın yaydığı şərhdə bildirilib ki, düşmən ölkələr güc yolu ilə üstünlük əldə etmək cəhdlərindən əl çəkməyənədək Şimali Koreya hərbi təhdidləri “tamamilə neytrallaşdırmaq” üçün özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya sonradan təlimlərin müddətini və miqyasını azaltmaq barədə razılığa gəlib. Təlimlərin avqustun 21-dək davam etməsi və bəzi sahə təlimlərinin ləğv edilərək simulyasiyalarla əvəzlənməsi nəzərdə tutulur.
14:55 19.08.2026
Oxunuş sayı: 35