Dünya sivilizasiyaları tarixinin silinməz izlər buraxan millətlərindən biri də təbii ki, qədim türklərdir. Qədim türklərin təşəkkül tapdığı, formalaşdığı, eyni zamanda ilkin vətəni ilə bağlı indiyədək 10-dan artıq müxtəlif nəzəriyyələr (Altay, İdil-Ural, Urmu, Şimali Qafqaz, Ön Asiya, Anadolu, Şimali Qara dəniz sahili ərazilər –Atalkuz və s.) mövcuddur. Bunlara misal olaraq, XVIII–XIX əsrlərdə çarizm tərəfindən ortalığa atılan, “Avropa mərkəzçilər”in daha çox müdafiə etdiyi və türklərin yarandığı ərazilərin istiqamətini Sayan-Altay dağları ərazilərinə lokalizə edən “Altay dilləri ailəsi” nəzəriyyəsini qeyd etmək olar. İsbat olunmayan bu nəzəriyyəyə görə, guya türklər monqol və tunquz-mancur xalqları ilə qohumdur və onlar nə vaxtsa, Altay dil ailəsi adlanan protoaltay dili parçalanandan sonra bir-birindən ayrılmışdır. Guya türklər Altaydakı monqoloid qohumlarından ayrılıb, qərb ölkələrinə köçmüşlər. Həmçinin, bu nəzəriyyənin qatı tərəfdarları güman edirlər ki, erkən/prototürklər Altay, Cənubi Sibir, Baykal ətrafı ərazilərdə, Tanrı dağlarının ətəklərində təşəkkül tapmış, iqtisadi, sosial və siyasi səbəblərdən müxtəlif ətraf ərazilərə yayılmışlar. Yetmiş ilə yaxın mövcud olan sovetlər birliyində “Altay” nəzəriyyəsinin əsas ideoloqları belə hesab edirdilər ki, monqol-tunqus tayfaları ilə bir qoldan olan türklər Altay coğrafiyasında təşəkkül tapıb formalaşmış, IV–VI əsrlərdə isə “xalqların böyük köçü” nəticəsində şərqdən qərbə kütləvi axınlar etmişlər.
“Altay” nəzəriyyəsinin müdafiəçilərindən olan türk tarixçisi B.Ögəl Afanasiyev mədəniyyətinin sahiblərinin ağ irqə mənsubluğunu nəzərə alaraq Altayı türklərin ilkin vətəni hesab edir. Digər türk tarixçisi Gömeç Selenqa və Orxon hövzələ-rini türkün ilkin vətəni, formalaşdığı ərazilər hesab edir. Toğan da Nemethin fikir-ləri ilə hesablaşaraq Tanrı dağları ilə Aral gölü arasındakı düzənliyi türklərin ata yurdu hesab edir. Nemeth ilə hesablaşan digər tədqiqatçı Rasonyi də türkün ata yurdunun Mərkəzi Asiya bozqırının şimal hissələri olduğunu güman edir.
Еrkən türklərin ilkin vətəni ilə bağlı ortaya atılmış nəzəriyyələrdən biri də İdil-Ural nəzəriyyəsidir. Bir qrup türkoloq alimlər –Y.Nemeth, A.Zayonçkovskiy, M.Şirəliyev, K.T.Laypanov, İ.M.Miziyev, O.Karatay və başqaları prototürklərin ilkin vətəni kimi bu coğrafi ərazinin ola biləcəyi ehtimalını qəbul edir və bu fikri müdafiə edirlər. Xüsusilə, Laypanov və Miziyev e. ə. IV–III minilliklərdə Asiya və Avropanın bir çox bölgələrinə köç edərək yayılmış olduqları İdil-Ural bölgəsini bozqır və bozqır-orman ərazisi kimi daha məhsuldar hesab edir, buralarda sakin olan etnosların sürətli inkişafına nəzərəçarpacaq dərəcədə əlverişli şərait yaratdığını qeyd edir. Burada ev heyvanlarının yaşaması üçün vacib olan meşə təbəqəsi, balıqçılıq üçün çay və göllər, eləcə də zəngin faydalı qazıntı yataqları mövcud idi. Altay, Cənubi Sibir, Qafqaz qurşağı (Kubanın yuxarı hissəsində Qaraçay Kuban mədəni) ilk mədən mərkəzlərindən birinə çevrildi. Bu bölgə Uralın və ona bitişik rayonların iqtisadi inkişafında böyük rol oynadı. Həmçinin burada qədim türklər, fin-uqorlar və digər etnoslar bir-birilərinə qarışmışdır. İdil-Ural bölgəsi Asiya ilə Avropanın, Şimali Qafqaz ilə Ön Asiya və Şərqi Avropa arasında qovşaq olduğu üçün əhalinin sürətli hərəkəti, məskunlaşması və qaynayıb-qarışması baxımından əlverişli hesab olunur. Mezolit və Neolit dövrlərində bölgədə daha sıx əhali təbəqəsi müşahidə olunmuşdur. E. ə. IV minilliyin sonlarında İdil-Ural bölgəsində etnik proseslərin sürətlənməsi ilə kurqan mədəniyyətlərinin (Afanasiyevo, Andronovo, Sintaşta) inkişafı eyni vaxtda təşəkkül tapmış, 500-600 il ərzində geniş bir bölgəyə yayılmışdır. Bu miqrasiyaların coğrafiyası şərqdə Baykal arxasına və Mancuriya-ya, qərbdə Dünay və Karpatlara, cənubda Ön Asiyaya, qısası Baykal arxasından Dunaya, Uraldan Şumer elinə, Suriya və bugünkü Türkiyəyə qədər əhatə etmişdir.
İdil-Ural nəzəriyyəsinin tərəfdarları ən qədim türkcənin və türklüyün Avrasiyanın xeyli qərbində Cənubi Ural ərazisində ortaya çıxdığını güman edirlər. Bu bölgənin birinci mərhələdəki sakinləri Altaylara doğru gedən Afanasyevo ilə Cənubi Sibir qurşağını tutan sonrakı türklərin ataları olmuşdurlarsa, ikinci mərhələdə də Andronovo ilə cənub və cənub-şərqə yayılaraq indiki Türkmənistan xaric bütün Mərkəzi Asiya bozqırlarının sakinləri olmuşlar. Birinci mərhələnin yerli sakinləri qərb türklüyünü, ikinci mərhələnin sakinləri isə şərq türklüyünü təmsil edirdilər. Şərq türklüyü qonşu Çin və monqol irqləri ilə qaynayıb-qarışaraq dəyişsə də, qərb türklüyü o qədər də dəyişməmişdir. Türklərdə Avropa genlərinin çoxluğu özünü göstərir və qeyd etdiyimiz kimi, türklərin Qərbi Avrasiya mənşəli olduğunu ortaya çıxarır.
O.Karataya görə “r” hərfi ilə danışan türklər qərb türklüyünə, “z” hərfi ilə danışan türklər isə Şərq türklüyünə aid edilirdi. “Z” ilə danışan türklər “r” ilə danışan türkləri, çuvaşlar istisna olmaqla “uddu”. Müəllifin fikrincə, Türk və As xalqlarının Qərbdən Şərqə köçü istisna olmaqla, tarixdəki bütün köçlər şərqdən qərbə olmuşdur. Tarixi dönəmlərdə şərqdən Avropaya gedən topluluqlar istisnasız eyni şeyi etmişlər. İskit/sakalar, sarmatlar, yazıqlar, hunlar, avarlar, bulqarlar, macarlar, peçeneqlər, oğuzlar və qıpçaqlar Qara dənizin şimalına hakim olur, oradan da Aşağı Dunaydan cənuba enməyə çalışır, ancaq ilk imkanda macar ovalığına çatmağa çalışırdılar.
Prototürklərin ilkin vətəni ilə bağlı ortaya atılmış başlıca, tutarlı nəzəriyyələrdən biri də “Urmu” nəzəriyyəsidir. “Urmu” nəzəriyyəsinin, yəni türklərin ilkin vətəninin Ön Asiya, Urmiya gölü ətrafı, Güney Azərbaycan olmasının müəllifi Firudin Ağasıoğluna görə, “türk” adının ilk forması e.ə. III–II minilliklərdə burada meydana çıxmış, ilk böyük türk imperiyası Qut Eli də Azərbaycanda yaranmışdır. Onun fikrincə, türklərin ilkin vətəni Ön Asiya, o cümlədən Güney Azərbaycan ətrafı ərazilər, atayurdları isə Anadolu, Mərkəzi Asiya, Şimali Qafqaz, Qara dənizin şimal sahilləri, Altay və digər coğrafiyalar olmuşdur. Firudin Ağasıoğlu ilə yanaşı, bu fikrin tərəf-darlarının sayı son dövrlər sürətlə artmaqdadır. Z.M.Bünyadov, M.İsmayıl, Y.Yusifov, Q.Qeybullayev, Z.M.Yampolskiy, T.Hacıyev, Y.Mahmudov, S.Əliyarlı və digərləri başlıca olaraq türkün ilkin vətənini Ön Asiya, Urmiya gölü ətrafı, Şərqi Anadolu və Şimali Qafqazda olduğunu güman edirlər. Bu nəzəriyyənin tərəfdarlarının müdafiə etdiyi əsas müddəa ondan ibarətdir ki, bölgə şimal-cənub, şərq-qərb istiqamətlərində başlıca qovşaq rolunu oynamış, torpaq son dərəcə meşə, çöllük ərazilərlə bol olmuş, xüsusilə kurqan mədəniyyətinin yüksəlişi və yayılması daha çox bu ərazilərdə nəzərə çarpmışdır. Həmçinin ərazidə təbii fay-dalı qazıntı yataqlarının zənginliyi, metala daha çox rast gəlinməsi ərazinin əhali tərəfindən daha erkən mənimsənilməsinə və buraya digər ərazilərdən əhali axınına şərait yaratmışdır.
Azərbaycanın qədimdən türklərin vətəni, Urmiya gölünün cənub və cənub-şərqinin prototürklərin ilkin məskəni, hətta e.ə. III minilliyin I yarısında bu ərazi-lərdə Aratta ölkəsinin mövcud olmasını iddia edən görkəmli alimlərimizdən biri də Yusif Yusifov idi. O, qədim Urartu mənbələrinə istinad edərək ən qədim Azərbay-can dövlətinin “Aratta” olduğunu, lakin sonrakı dövrlərdə bu adın dəyişikliyə uğrayaraq “Alatey”, “Alatau” kimi formalara düşdüyünü və qədim türk dilində “dağ silsiləsi” mənasını ifadə etdiyini qeyd edir. O, bu coğrafiyanın yerli əhalisinin prototürklərin olmasına əsas sübutlardan biri kimi e.ə. III–II minilliklərdə burada yaşayan trukkuları, “Turukkum” ölkəsini göstərmişdir. Y.Yusifov yazır ki, “turukku” etnonimi “türk” tayfa adının erkən forması olmuşdur: “Erkən orta əsr yadelli qaynaqlarda “türk” adı ilə yanaşı“turukka” (hind qaynaqları), “trukki” (Xotan mənbələri), “druq//druqi” (Tibet qaynaqları) formaları işlədilmişdir. E.ə. II minillikdə akkad mixi yazıları etnonimin erkən, “turukki”, “turuki” formasını saxlamışdır. Bu onu deməyə əsas verir ki, e. ə. III–II minilliklərdə Azərbaycan ərazilərində bir sıra proto/erkən türk etnosları (lullubi/lullubey, kuti/quti, su, trukku /trukka və s.) yaşamış və onlar o dövrün siyasi hadisələrində yaxından iştirak etmişlər. B.Lansberqer kutilərin türk etnosu olması fikrini irəli sürmüş və buna uyğun olaraq quz/oquz türk tayfa adı kuti adının dəyişilmiş fonetik forması kimi qələmə verilmişdir. Kamal Balkan isə kuti hökmdar adlarının türk dillərindən izah olunduğunu təsbit etmişdir. Y.Yusifov kutilərin ağbəniz türk etnoslarından olduğu mülahizəsini irəli sürmüşdü. Beləliklə, Azərbaycanın ən qədim sakinlərindən biri prototürklər olmuş və onlar hələ biri digərindən fonetik cəhətdən çox da fərqlənməyən ümumtürk dilində danışmışlar. Lakin bu dövrdə qərb və şərq türk dillərini səciyyələndirən bir sıra fonetik əvəzləmələr artıq yaranmışdı.
Hind-Avropa dil ailəsinə daxil olan etnik qrupların ilk məskənləri barədə müxtəlif mülahizələr mövcuddur. Aparılan son tədqiqatlar göstərir ki, Hind-Avropa etnik qrupunun ilkin vətəni Şərqi Anadolu, Ön Qafqaz və Şimali İkiçayarası olmuşdur. Belə ki, e. ə. V–IV minilliklərdə burada ümumi Hind-Avropa dili mövcud olmuş, IV–III minilliklərdə, daha dəqiq desək, e. ə. 2500-cü ildə bu dil qrupu ana qaynaqdan qoparaq bir sıra dialektlərə parçalanmış (yunan, balt, slav və ari dillərinə) və müxtəlif ləhcələrdə danışan qrupun üzvləri, qərb, şimal və şərq istiqamətlərində hərəkət etmişlər. İlk olaraq, yunanların şimaldakı ana hissədən qoparaq e. ə. 2200-cü ildən etibarən Egey sahillərinə endikləri güman edilir. Karataya görə, ari qolunun ən gec e. ə. 2300-cü illərdə Hind-Avropa dillərindən ayrıldığı və e. ə. II minilliyin əvvəllərində iki müstəqil qola –İran və Hind qollarına bölündüyü qeyd edilir. E. ə. XVII əsrdə Orta Şərqdəki Hurri-Mittani dövlətinin rəhbər təbəqəsinin dilində sanskrit kəlimələrinin mövcudluğu bu bölünməni o zamandan da daha erkən baş verdiyini deməyə əsas verir. Daha sonra e. ə. 1800-cü illərdə onlar Xorasanla sərhəddəki əraziləri, eləcə də, Hindistandakı Harappa mədəniyyətini məhv etmişdilər. Qamkrelidze və İvanov arilərin Qərbi Türküstandan İrana enmələrini Hindistana gedişlərindən çox sonraya, e. ə. 1000 ilə aid edirlər. Arilərin yüz illərlə dəyişilməyən adət-ənənələri və təsərrüfat həyatı haqqında Kuzmina qeyd edir ki, arilər donuz saxlamayan və ətini yeməyən, dəvənin varlığı, at minmənin özəl rolu, at arabası və at kultu, od kultu və əkinçilik ilə heyvandarlığın qarışıq olduğu bir iqtisadi bütündür.
E. ə. III minillikdə Hind-Avropa dil ailəsinin parçalanması nəticəsində bir sıra dil qrupları (qədim Şumer, Sam, Elam, türk dilləri və s.) ayrıldılar. Son tədqiqatlar onu deməyə əsas verir ki, Hind-Avropa dil ailəsinin parçalanmasına qədərki mərhələdə Ön Asiyada prototürk dil birliyi mövcud olmuşdur. Çox güman ki, e. ə. VIII–VII minilliklərdə erkən türk dil qrupu parçalanmış və birliyə daxil olan xalqlar müxtəlif cinahlara doğru axınlar etmək məcburiyyətində qalmışlar. Erkən türklər qonşuluqdakı digər dil qruplarına aid xalqlarla ünsiyyət saxlamış və bir-birinin mədəni həyatına bu və ya digər formada təsir göstərmişdir. Y.Yusifov bu etnosların arasındakı qarşılıqlı leksik münasibətlərin erkən türklərin ilkin vətəni –Ön Asiyada baş verdiyi mülahizəsini irəli sürür.
S.Əliyarlı dünya türkoloqlarının yalnız bir hissəsinin Altay bölgəsini türklərin ilkin vətəni saydığını, qalanlarının onların bu bölgəyə Ön Asiyadan sonralar gəldiyini yazmaqdadırlar. O, fikirlərinə davam edərək yazır ki, 20-30-cu illərdə başlıca olaraq Avropa alimləri erkən türklərin izlərini Ön Asiyanın uzaq keçmişində axtarmaqda idilər. Şumercənin türkcə ilə “əqrəba” olması haqda ilk dəfə alman professoru Fritz Hommel yazmışdır. Ankara Universiteti Dil və Tarix-coğrafiya fakültəsində Şumeroloji kafedranı professor Beno Landsberqer açmış, e. ə. 2150–1950-ci illərdə Mesopotamiyada hökm etmiş kutilər barəsində: “türklərlə ən yaxın münasibətdə olan, hətta bəlkə də eyniyyət göstərən qəbilə budur” fikrini yazan ilk şəxs olmuşdur”.
Bu gün də tarixçiləri ən çox düşündürən məsələlərdən biri türklərin ilkin Və-təni problemi ilə bağlıdır. Türk adının ilk dəfə göytürk yazılarında çəkilməsi də diqqət mərkəzindədir. Nemethdən fərqli olaraq, bütün Qərb tarixçiləri türkləri Monqolustanda axtarmaqdadırlar. Grosset türk, monqol və tunquz dillərinin bir-birindən çox fərqləndiyini, eyni zamanda bu xalqların bir-birindən uzaqda təşəkkül tapdığını, Asiyanın şimal-şərqində formalaşdığını qeyd edir.
Ligeti isə türklərin ilkin vətənini Altay dağlarının şərqi ilə lokallaşdırır. Klyaştornı isə türkün ilkin vətəni kimi Cənubi Sibir və Mərkəzi Asiyanı qeyd edir. Tanınmış ABŞ türkoloqu P.Qolden də türklərin ilkin vətənini Mərkəzi və Şərqi Monqolustan bölgəsində axtarır. Türk tarixçisi Faruk Sümer isə türklüyün vətənini Sibirin içərilərində, Baykal, Ankara və Yenisey bölgələrində olduğunu güman edir.
Hüseyn Baykara isə türkün ilkin vətəninin daha geniş coğrafiyanı əhatə etdiyini və İssık gölü ilə Altay arasındakı sahəni, şərqdə Ötükənə, qərbdə Aral gölünə qədər uzandığını qeyd edir.
Türkiyəli tarixçilər içərisində türklərin ilkin vətəninin daha çox qərbdə olduğu fikrini ən çox Qəfəsoğlu yazır və Xəzər dənizinin şimal-şərqindəki bozqırları işarə edir. O.Karatay isə ata yurdun Cənubi Ural bozqırlarında olması fikrini müdafiə edir. Onun fikrincə, Fin-Uqor dillərinə yaxınlığı ilə seçilən türk dilləri monqolcadan əsaslı surətdə fərqlənir. Həmçinin, Karatay türk və monqol dillərinin 6-7 min il əvvəl ayrıldığını qeyd edir. Starostin də Altay dil ailəsinin parçalanmasını e. ə. VI minilliyə aid edir. Türk tarixçisi Osman N.Tuna isə ana türkcənin 8352 il öncə formalaşdığı fikrini irəli sürür. Malloriyə görə, türkcə V əsrdə Altay dağlıq bölgəsində danışılan, sonradan geniş coğrafiyaya yayılan bir dildir. Ən yeni araşdırmalar aparan Dıbo yanlış olaraq ilkin türkcədəki alaçıq, altun, gümüş, dəmir, bəy, bitik, denk, don, sir və inci kimi kəlimələrin çincədən keçdiyini qeyd edir. Qeyd edək ki, türkcəyə monqolcadan heç bir kəlmə keçməmiş, əksinə türk dilindən monqol dilinə xeyli söz keçmişdir. Məhz bu mənada dilçilər türk dilinin mühafi-zəkar bir dil olduğunu qeyd edirlər.
Renfrevin Anadolu, Qamkralidze və İvanovun Azərbaycan, Koppersin Qərbi Türküstan və Narainin Şərqi Türküstan, K.T.Laypanov və İ.M.Miziyevin isə İdil-Ural bölgəsi olaraq qeyd etdiyi ata yurdların hər biri qədim türklərin təşəkkülü və formalaşması baxımından olduqca qiymətlidir. Problemlə bağlı müasir qərb elminin başlıca qənaəti Qara dənizin şimal əraziləri olan –Atalkuz ilə Karpatdan Cənubi Urala qədər uzanan ərazilərdə birləşmişdir. Antoni son tədqiqatlarında Qara dənizin şimal-şərqini, Qafqazın şimalındakı çölləri türklərin təşəkkül tapdığı ilkin ərazilər hesab edir. Əsas səbəb kimi arabanı kəşf edən buradakı topluluğun bununla uzun məsafələrə yayıla bilməsidir. Antoni ilk arabanın e. ə. 3500-cü ildə bu ərazilərdə hazırlandığını qeyd edir. Dünyadakı ən qədim araba rəsmi də Polşada e. ə. 3500-cü illərə aiddir və e. ə. 3100-cü illərdə araba bütün bozqır həyatının bir parçasına çevrilmişdir.
Antoni türkün ilkin vətəninin Şimali Qafqaz, Gimbutas Cənubi Ural olduğunu güman edir. Onlar həmçinin bölgənin yerli əhalisinin tamamilə türk və fin qrupundan olan xalqlardan ibarət olduğunu qeyd edirlər. Mallori isə türklərin ilkin vətəninin Xəzər dənizinin güneyindəki kurqanlarla zəngin çöllük ərazilərin olduğunu qeyd edir. Onun kimi bir çox tədqiqatçılar da qədim dövr Orta Şərqində peyda olan Hind-Avropalı əksər xalqların (perslər, hetlər, friqlər, ermənilər) kənardan gəldiyini qeyd edir. Görkəmli etnoqraf Darden hetlərin Orta Anadoluya sonradan gəldiyini və çox güman ki, Qara dənizin şimalından Balkan yarımadasına ilk gələn toplumun da bu Anadolu dillərində danışanların atalarının olduğunu güman edir. Daha dəqiq məlumatlara görə, Mərkəzi Asiyanın şimalında, İşim çayının şərqindəki Botay hövzəsindəki tapıntılar e. ə. 3700-cü ildən etibarən ata minildiyini göstərir. Drewsə görə, atlı döyüşçülər e. ə. 1000-ci ilə doğru meydana çıxmışdır.
Şərqin böyük alimi Əbu Osman Əmr ibn Bəhr Cahiz (775–868) “Mənaqibi-t Türk” adlı risaləsində türklərin antropoloji görkəminə toxunaraq onların “kürən saçlı, bəyaz dərili” olduğunu yazmışdır. Nizami yaradıcılığında da “Türk” sözü ağlıq, bəyazlıq və gözəllik çalarında işlənməkdə idi. Orta çağın böyük tarixçilərindən Həmdullah Qəzvininin “Nüzhətül-qülub” əsərində bu barədə çox tutarlı yazılar var. Onun bilgisinə görə, Xoy şəhərində “yaşayanların üzlərinin rəngi ağdır, kökcə xətayi və görkəmcə gözəl adamlardır. Xoy türk yurdu kimi bəllidir”. Qəzvin, Marağa və Sərab şəhərlərində yaşayanlar barəsində də “bəyaz üzlü adamlardır”, “buranın xalqı ağ bənizlidir, türkdür” yazmışdır. XIX əsr müəlliflərindən İ.Şopen tarixi qaynaqlara əsaslanaraq Azərbaycanın ən qədim boylarından olan kəngərlilərin də “göygöz, sarı saç” olduqlarını bildirir.
E. ə. IV minillikdən başlayaraq çöl-düzənlik dəfn qaydasının sabit, ənənəvi etnokültür göstəricisi olan kurqan anlayışı Hind-Avropa, Hind-İran və Qafqaz dillərinin heç birində yoxdur, bu anlayışların kökü yalnız türk dillərindədir, bu qur (tikmək, düzəltmək, torpaq tökməklə yaratmaq) və qan (ata, soy, nəsil) hissələrinin birləşməsindən yaranmışdır. E. ə. VII-III minilliklərdə Ön və Mərkəzi Asiyada onlarca yaşayış yerlərinin adlarında, bir qayda olaraq, təpə sözü var, bu söz isə, bütün dünya dilçilərinin bildiyi kimi, ümumtürk kökündəndir.
Kurqan mədəniyyəti fikrinin sahibi olan Gimbutas İdil-Ural çevrəsindən gələn atlı döyüşçülərin ilk dəstəsinin e.ə. 3500-cü illərdə və sonuncusu e. ə. 2400-2200-cü illər arasında olmaqla 3 dalğada təxminən bütün Avropanı ələ keçirdiklərini, dolayısı ilə sonrakı Hind-Avropa dilində danışanların atalarının bunlar olduğunu qeyd edir. E. ə. 3700-cü ildən etibarən Altay və ətrafında formalaşan Afanasiyev sakinləri ilə əlaqə saxlamışlar. Asiyadakı Sintaşta ilə Afanasiyev genlərinin fərqli formalaşması, birincilərin Şimali Avropa seramik mədəniyyəti, ikincilərin də Yamnaya ilə daha çox eynilik daşıması, Gimbutun iddia etdiyi bütün kurqan axınlarının eyni nöqtədən gəlmədiyi gerçəyinə işarədir. Qara dənizin şimalı ilə orta və aşağı Dunay boyu ərazilərə yayılmış kurqan mədəniyyəti İrlandiyaya qədər gedən qol kurqanların Qərbi Avropada yayılmasında mühüm rol oynamışdır.
Taleh Cəfərov
ADPU-nun Ümumi Tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru