CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

14:20 30.10.2026

Dövlət xidmətlərində pozuntulara görə 250 manatdan 1050 manatadək cərimə

14

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. Crossmedia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, dövlət xidmətlərinin göstərildiyi informasiya ehtiyatlarında və sistemlərində aparılan təkmilləşdirilmə işləri barədə xidmət istifadəçilərinin elektron qaydada məlumatlandırılmamasına görə vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimələnəcək. Xidmət istifadəçilərinin dövlət xidmətlərinin göstərilməsi qaydaları ilə bağlı məlumatlandırılmamasına görə vəzifəli şəxslər üç yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunacaq. Elektron xidmət üzrə dövlət rüsumlarının və (və ya) xidmət haqlarının (ödənişlərin) xidmətin göstərilməsi zamanı elektron formada ödənilməsi imkanının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə ediləcək. Xidmət istifadəçilərinin müraciətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə və ya informativ xidmət göstərilməklə zəruri informasiya verilməməsinə görə vəzifəli şəxslər beş yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimələnəcək. Xidmət istifadəçilərinə dövlət xidmətlərinin göstərilməsindən imtinanın və ya xidmətin göstərilməsinin dayandırılmasının hüquqi əsası, habelə şikayət etmək hüququ barədə məlumat verilməməsinə görə vəzifəli şəxslər altı yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə ediləcək. Əlilliyi olan şəxslərin dövlət xidmətlərindən istifadəsinə şərait yaradılmamasına və ya normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda onlara səyyar xidmət göstərilməməsinə görə vəzifəli şəxslər yeddi yüz əlli manatdan səkkiz yüz əlli manatadək məbləğdə cərimə olunacaq. Dövlət xidməti üzrə məlumatlar Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmədən dövlət xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər səkkiz yüz əlli manatdan doqquz yüz əlli manatadək məbləğdə cərimələnəcək. Dövlət xidmətlərinin göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq dövlət xidmətlərinin göstərilməməsinə və ya nəticəsi barədə xidmət istifadəçilərinin məlumatlandırılmamasına görə vəzifəli şəxslər doqquz yüz əlli manatdan min əlli manatadək məbləğdə cərimə ediləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər