Avropada Dunay və Reyn çayları quruyur: Böhran dərinləşir
Avropanın mühüm su arteriyaları olan Dunay və Reyn çaylarında su səviyyəsinin kəskin azalması ciddi narahatlıq yaradıb. Quraqlıq və yüksək temperatur nəticəsində çayların bəzi hissələrində su səviyyəsi tarixi minimumlara enib. Bu vəziyyət həm nüvə elektrik stansiyalarının soyudulmasına, həm də yanacaq və yük daşımalarına mənfi təsir göstərir.
Crossmedia.az xəbər verir ki, Dunay çayında suyun səviyyəsi bəzi ərazilərdə 14-19 santimetrə qədər geriləyib. Rumıniya və Macarıstanda nüvə stansiyalarının soyutma suyunun çaydan təmin edilməsi səbəbindən həyəcan yaşanıb. Macarıstanda su axınının stansiyaya çatmasını təmin etmək üçün çaya iki böyük barja batırılıb, Rumıniya isə nüvə stansiyasını müvəqqəti olaraq dayandırmağa məcbur olub.
Reyn çayında da vəziyyət kritik həddə çatıb. Suyun səviyyəsinin kəskin azalması Fransanın şərqində yanacaq təchizatında problemlərə səbəb olub. Strasburq limanına gəmilərin çatmasının çətinləşməsi Şimali Avropadakı liman və neft emalı zavodlarından bölgəyə yanacaq daşınmasını ciddi şəkildə məhdudlaşdırıb.
Quraqlıq Almaniyada da Reyn çayında gəmiçiliyi iflic vəziyyətinə gətirib. Kaub ərazisində suyun səviyyəsi 130 santimetrə qədər düşüb. Normal şəraitdə 1 500 tondan çox yanacaq daşıya bilən tanker gəmiləri hazırda cəmi təxminən 350 ton yük götürə bilir.
Mütəxəssislər qarşıdakı günlərdə yağış gözlənilsə də, bunun problemin həlli üçün kifayət etməyə biləcəyini bildirirlər. Proqnozlara görə, yağışdan sonra çayların səviyyəsi təxminən 20 santimetr yüksələ bilər, lakin daha sonra yenidən azalması gözlənilir.
18:18 16.08.2026
Oxunuş sayı: 62