Naxçıvanın yeni inkişaf mərhələsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcəyi ilə bağlı strateji baxışın mühüm ifadələrindən biridir. Müsahibənin əhəmiyyəti yalnız Naxçıvanda həyata keçirilən layihələrin sadalanması ilə məhdudlaşmır. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinin mahiyyətini, regionun dəyişən geosiyasi və iqtisadi reallıqlarını, Zəngəzur bağlantısının yaratdığı imkanları və Naxçıvanın qarşıdakı illərdə oynayacağı rolu aydın şəkildə ortaya qoyur. Prezidentin müsahibəsində toxunduğu məsələlərə bütöv şəkildə nəzər saldıqda görünür ki, söhbət yalnız Naxçıvanın inkişafından deyil, onun Azərbaycanın regional və beynəlxalq imkanlarının mühüm mərkəzlərindən birinə çevrilməsindən gedir.
Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri dövlət başçısı kimi bu qədim diyara 17-ci səfəridir. Bu faktın özü Naxçıvanın dövlət siyasətində tutduğu xüsusi mövqeni nümayiş etdirir. Prezident qeyd etdi ki, hər səfərin öz mənası və nəticəsi var. Son illərdə Naxçıvanda həyata keçirilən proseslər də bir-birindən ayrı layihələr deyil, təhlükəsizlik, enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm, sosial infrastruktur və idarəetməni əhatə edən kompleks inkişaf strategiyasının tərkib hissəsidir.
Bu strategiyanın ilk və fundamental sütunu təhlükəsizlikdir. Naxçıvanın coğrafi mövqeyi onun müdafiə məsələlərinə xüsusi yanaşmanı tələb edir. Azərbaycanın əsas hissəsi ilə quru sərhədinin olmaması Naxçıvanın təhlükəsizlik sisteminin ayrıca və yüksək səviyyədə təşkil edilməsini zəruri edir. Prezident müsahibəsində Əlahiddə Ordunun yaradılmasını və Naxçıvanın hərbi potensialının gücləndirilməsini xüsusi vurğuladı. Ən müasir hərbi texnika ilə təchizat, yeni komando qüvvələrinin yaradılması və Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının artırılması Naxçıvanın müdafiə qabiliyyətinin dövlətin ümumi hərbi strategiyası daxilində davamlı şəkildə gücləndirildiyini göstərir. Bu yanaşmanın mahiyyətində mühüm prinsip dayanır: inkişafın ilk şərti təhlükəsizlikdir. Təhlükəsiz olmayan məkanda davamlı iqtisadi inkişaf, investisiya, turizm və sosial rifahdan danışmaq mümkün deyil. Naxçıvanda müdafiə potensialının sistemli şəkildə gücləndirilməsi buna görə yalnız hərbi məsələ deyil, gələcək inkişafın fundamental təminatıdır.
İkinci böyük istiqamət enerji təhlükəsizliyidir. Prezidentin müsahibəsində bu məsələyə geniş yer ayırması Naxçıvanın gələcək inkişaf modelində enerjinin mühüm rolunu göstərir. Hazırda Naxçıvanın təxminən 200 meqavat generasiya gücünün olduğunu bildirən Prezident 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşa ediləcəyini açıqladı. Bu, mövcud generasiya gücünün əhəmiyyətli dərəcədə artırılması deməkdir. Daha mühüm məqam isə yeni stansiyanın yalnız Naxçıvanın daxili enerji tələbatını ödəmək üçün nəzərdə tutulmamasıdır. Burada gələcək ixrac imkanları da nəzərə alınır.
Beləliklə, Naxçıvanın enerji siyasətində keyfiyyətcə yeni mərhələ yaranır. Əvvəl əsas məsələ Naxçıvanın enerji ilə təmin olunması idisə, indi məqsəd enerji artıqlığının yaradılması və həmin enerjinin regional bazarlara çıxarılmasıdır. Başqa sözlə, Naxçıvan yalnız daxili tələbatını ödəyən ərazi olmaqdan enerji istehsal edən və ixrac potensialı formalaşdıran məkana çevrilir. Qaz təminatında da eyni məntiq görünür. Prezidentin qeyd etdiyi kimi, Naxçıvanda qazlaşma səviyyəsi 100 faizdir. İranla həyata keçirilən qaz mübadiləsi mexanizmi Naxçıvanın enerji təminatının dayanıqlılığında mühüm rol oynayıb. İndi isə məqsəd yalnız enerji təhlükəsizliyini qorumaq deyil, yeni istehsal gücləri hesabına Naxçıvanı regional enerji sisteminin fəal iştirakçısına çevirməkdir. Burada bərpaolunan enerji xüsusi əhəmiyyət daşıyır. Prezident Naxçıvanın Günəş enerjisi baxımından Azərbaycanın ən əlverişli məkanlarından biri olduğunu bildirdi. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Bundan başqa, 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə bağlı işlər aparılır, Ordubad rayonunun Tivi kəndində isə 15 meqavatdan bir qədər artıq gücə malik su elektrik stansiyası layihəsi nəzərdə tutulur.
Prezidentin müsahibəsində səslənən mühüm proqnozlardan biri Naxçıvanda Günəş elektrik enerjisi istehsalının ən azı 500 meqavata, potensial olaraq isə 1000 meqavata qədər yüksələ bilməsidir. Bu rəqəmlər Naxçıvanın gələcəkdə yalnız regional enerji təminatında deyil, enerji ixracında da ciddi rol oynaya biləcəyini göstərir. Türkiyə və İran əsas mümkün ixrac istiqamətləri kimi nəzərdən keçirilir, gələcəkdə isə Avropa bazarına çıxış imkanları da yarana bilər. Müsahibənin ən strateji hissələrindən biri Zəngəzur dəhlizi və TRIPP layihəsi ilə bağlı fikirlərdir. Naxçıvanın gələcəyini müəyyənləşdirən ən böyük geosiyasi dəyişiklik Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının formalaşmasıdır.
Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü Azərbaycana məxsusdur və Azərbaycanın əsas hissəsinin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirilməsi çoxdankı hədəfdir. Dövlət başçısı 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda bu məsələnin əks olunması üçün göstərilən siyasi səyləri xatırlatdı. Sonrakı illərdə praktiki addımların ləngiməsini qeyd edən Prezident 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşünün bu məsələdə dönüş nöqtəsi olduğunu bildirdi. TRIPP layihəsinin icrasına başlanması Zəngəzur bağlantısının siyasi müzakirədən praktiki layihəyə çevrildiyini göstərir.
Burada söhbət yalnız bir yolun çəkilməsindən getmir. Dəmir yolu, avtomobil yolu, elektrik xətləri, fiber-optik kabellər və perspektivdə digər kommunikasiya və enerji infrastrukturlarının yaradılması vahid şəbəkə təşkil edə bilər. Buna görə Zəngəzur bağlantısını yalnız Naxçıvanın Azərbaycana quru yolla bağlanması kimi təqdim etmək onun strateji miqyasını kiçiltmək olardı. Əslində söhbət Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində mövqeyinin daha da möhkəmləndirilməsindən gedir.
Prezidentin müsahibəsində Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğu, dəmir yolunun tikintisinin də sürətlə davam etdiyi bildirildi. Azərbaycanın öz ərazisində bu işləri həyata keçirməsi onun layihəyə siyasi və iqtisadi hazırlığını göstərir. Naxçıvan istiqamətində isə Ordubad və Sədərək rayonları ərazisində mövcud olmayan dəmir yolu hissələrinin bərpası planlaşdırılır.
Burada xüsusilə 15 milyon ton rəqəmi diqqət çəkir. Hazırkı dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon ton olduğu halda, Azərbaycanın məqsədi onu yenidən quraraq ən azı 15 milyon ton yük daşıya biləcək səviyyəyə çatdırmaqdır.
Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun uzunluğu 194 kilometr olacaq. Bu uzunluğun əvvəlki variantdan daha çox olmasının səbəbi yolun yüksək yükdaşıma qabiliyyətinə uyğunlaşdırılmasıdır. Yəni məqsəd köhnə xətti sadəcə bərpa etmək deyil, müasir və yüksək tutumlu nəqliyyat sistemi yaratmaqdır. Daha bir mühüm məqam beynəlxalq investorların prosesə cəlb edilməsidir. Prezident Avropa İttifaqının nümayəndələrinin Naxçıvana gəldiyini və layihə ilə maraqlandığını bildirdi. Azərbaycanın mövqeyi aydındır: nəqliyyat infrastrukturunda beynəlxalq konsorsiumların iştirakı mümkündür, lakin nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmalıdır. Eyni zamanda layihəyə beynəlxalq iştirak olmasa belə, Azərbaycan bu yolu öz maliyyə imkanları hesabına inşa etmək gücündədir. Bu yanaşma Azərbaycanın iqtisadi müstəqillik siyasətinin məntiqi davamıdır. Ölkə xarici sərmayəyə açıqdır, lakin strateji infrastrukturu öz iradəsindən asılı vəziyyətə salmır. Xarici kapital əməkdaşlıq üçün imkan yaradır, dövlətin strateji nəzarəti isə qorunur. Naxçıvanın nəqliyyat perspektivinin ən mühüm xüsusiyyətlərindən biri onun eyni vaxtda bir neçə dəhlizə çıxış əldə etməsidir. Prezidentin sözlərinə görə, Zəngəzur bağlantısı Şərq–Qərb nəqliyyat dəhlizinin qolu olmaqla yanaşı, Şimal–Cənub dəhlizinin də yeni qoluna çevrilə bilər. Naxçıvan vasitəsilə Culfa üzərindən İrana çıxış, oradan isə Fars körfəzinə və daha geniş coğrafiyaya uzanan marşrutlar formalaşa bilər. Belə bir perspektivdə Naxçıvanın coğrafi mövqeyi onun ən böyük iqtisadi resursuna çevrilir. Naxçıvan artıq coğrafi təcridin yaratdığı çətinliklərlə xarakterizə olunan ərazi deyil, müxtəlif istiqamətləri birləşdirən qovşaq kimi nəzərdən keçirilir.
Prezidentin “bu layihənin mərkəzində Naxçıvan dayanır” fikri də məhz bu kontekstdə xüsusi məna kəsb edir. Naxçıvan burada son dayanacaq deyil, müxtəlif nəqliyyat və enerji marşrutlarının birləşdiyi strateji düyündür. 15 milyon ton və daha çox yükün Naxçıvandan keçməsi regionda yeni iş yerlərinin yaranmasına, logistika xidmətlərinin inkişafına, ticarət dövriyyəsinin artmasına və iqtisadi fəallığın yüksəlməsinə səbəb ola bilər. Enerji ilə nəqliyyatın paralel inkişaf etdirilməsi isə bu strategiyanı daha da gücləndirir. Zəngəzur bağlantısı yalnız dəmir və avtomobil yollarından ibarət olmayacaq. Elektrik xətlərinin çəkilməsi, fiber-optik infrastrukturun yaradılması və perspektivdə digər enerji kommunikasiyalarının keçirilməsi də mümkündür. Cəbrayıl rayonunda böyük yarımstansiyanın yaradılması bu baxışın texniki bazasının formalaşdığını göstərir. Beləliklə, Zəngəzur layihəsi nəqliyyat dəhlizindən daha geniş anlayışa çevrilir. Bu, enerji, rəqəmsal kommunikasiya, logistika və iqtisadi inteqrasiyanı özündə birləşdirən çoxfunksiyalı regional bağlantıdır.
Müsahibədə Naxçıvanın kənd təsərrüfatı potensialına da xüsusi diqqət yetirilməsi göstərir ki, dövlət strategiyası yalnız iri geosiyasi layihələrə köklənməyib. Suvarma layihələri, artezian quyularının qazılması, müasir suvarma sistemlərinin quraşdırılması və əvvəllər suvarılmayan torpaqların su ilə təmin edilməsi kənd təsərrüfatının inkişafına ciddi təkan verə bilər. Bu istiqamət xüsusilə əhəmiyyətlidir. Naxçıvanın iqtisadi potensialının tam reallaşdırılması üçün sənaye və logistika ilə yanaşı, aqrar sektorun da modernləşdirilməsi vacibdir. Su resurslarından səmərəli istifadə, müasir texnologiyalar və məhsuldarlığın artırılması regionun ərzaq və məşğulluq imkanlarını genişləndirə bilər.
Naxçıvan Sənaye Parkının yaradılması isə qeyri-neft sektorunun inkişafı baxımından mühüm mərhələdir. Prezidentin qeyd etdiyi kimi, Naxçıvan Sənaye Parkı ərazi baxımından Azərbaycanda Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkı olacaq. Burada yeni istehsal müəssisələrinin yaradılması həm iş yerlərinin artmasına, həm də Naxçıvanda iqtisadi fəallığın genişlənməsinə xidmət edəcək. Bu layihənin enerji infrastrukturu ilə birləşdirilməsi də təsadüfi deyil. Sənaye inkişafı enerji təminatının gücləndirilməsini tələb edir. Deməli, 300 meqavatlıq elektrik stansiyası ilə Sənaye Parkının yaradılması bir-birini tamamlayan layihələrdir. Bir tərəfdə enerji istehsalı artırılır, digər tərəfdə həmin enerjini istifadə edəcək sənaye potensialı yaradılır. Sosial infrastruktur da bu inkişaf modelinin ayrılmaz hissəsidir. DOST Mərkəzinin açılması, ASAN xidmət sisteminin fəaliyyəti, yeni uşaq bağçalarının tikintisi və təmiri ilə bağlı planlar dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlib. Şəhər nəqliyyatında elektrik avtobuslarının tətbiqi Naxçıvanın yaşıl şəhər konsepsiyasına uyğun inkişaf etdirildiyini göstərir. Rayonlararası nəqliyyat üçün 217 müasir avtobusun alınmasının nəzərdə tutulması isə inkişafın yalnız Naxçıvan şəhəri ilə məhdudlaşmayacağını göstərir.
Yol infrastrukturu üzrə də geniş proqram nəzərdə tutulur. Təxminən 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri 26 yaşayış məntəqəsində təxminən 160 min nəfərin həyatına birbaşa təsir göstərəcək. Bu rəqəmlər dövlət siyasətində infrastrukturun geniş miqyasda nəzərdən keçirildiyini göstərir.
Naxçıvanın inkişaf strategiyasında turizm də mühüm istiqamətdir. Regionun qədim tarixi, memarlıq abidələri, təbiəti, təmiz havası və mənzərəli məkanları böyük turizm potensialı yaradır. Lakin mehmanxana infrastrukturunun zəifliyi bu potensialın tam reallaşmasına mane olan amillərdən biridir. Bu baxımdan Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu mehmanxananın tikintisinin başlanması mühüm addımdır.
Tarixi-mədəni irsin qorunması isə bu inkişaf modelinin mənəvi dayağıdır. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi abidələrin konservasiyası və Əcəmi Naxçıvaninin irsinə diqqət Naxçıvanın yalnız iqtisadi deyil, mədəni potensialının da inkişaf etdirilməsini nəzərdə tutur. Prezidentin müsahibədə vurğuladığı kimi, sosial-iqtisadi layihələrin təməlində milli kimlik, milli ruh, dil, tarix, ədəbiyyat və mədəniyyət dayanır. Bu yanaşma mühüm məna daşıyır. İnkişaf yalnız yeni yollar, binalar və zavodlar tikməkdən ibarət deyil. İnkişaf milli-mədəni yaddaşdan qopmamalıdır. Naxçıvan nümunəsində iqtisadi modernləşmə tarixi irsin qorunması ilə paralel aparılır.
Bu kontekstdə Heydər Əliyev amili xüsusi yer tutur. Prezident İlham Əliyev Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini vurğuladı. Naxçıvanın müasir Azərbaycan dövlətçiliyinin tarixində oynadığı rolu Heydər Əliyevin siyasi fəaliyyəti ilə birlikdə nəzərdən keçirmək zəruridir. Naxçıvanın milli dövlətçilik düşüncəsinin mühüm mərkəzlərindən birinə çevrilməsi, burada müstəqillik ideyalarının qorunması və dövlətçilik institutlarının möhkəmləndirilməsi Azərbaycan tarixinin xüsusi səhifəsidir.
Müsahibənin mühüm siyasi ideyalarından biri Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyasında birləşdirilməsidir. Prezident bildirdi ki, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid konsepsiya əsasında inkişaf etməlidir. Bu, yalnız iqtisadi yanaşma deyil, yeni regional inkişaf modelidir. Bu konsepsiyanın coğrafi əsasları da var. Zəngilanla Ordubad arasında məsafənin cəmi 42 kilometr olması iki regionun fiziki yaxınlığını göstərir. Tarixi baxımdan da Zəngəzur, Naxçıvan və Qarabağ bir-biri ilə sıx əlaqəli məkanlar olub. Bu gün həmin coğrafiyanın yeni infrastruktur və iqtisadi layihələrlə yenidən əlaqələndirilməsi Azərbaycanın regional inkişaf strategiyasına yeni məzmun verir.
Yaşıl enerji bu üç regionu birləşdirən başqa mühüm istiqamətdir. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonası kimi inkişaf etdirilir. Naxçıvanda bərpaolunan enerji istehsalının genişləndirilməsi ilə yanaşı, ən azı 100 meqavat gücündə batareya enerji saxlanc qurğusunun yaradılması nəzərdə tutulur. Bu, Günəş və su elektrik stansiyalarından əldə olunan enerjinin daha səmərəli idarə edilməsinə imkan verəcək. İdarəetmə sahəsində həyata keçirilən dəyişikliklər də bu vahid inkişaf konsepsiyasını tamamlayır. Prezidentin xüsusi nümayəndəliyi institutunun Naxçıvanda tətbiqi Qarabağ və Şərqi Zəngəzurda özünü doğrultmuş idarəetmə modelinin burada da tətbiq edilməsinə imkan verir. Prezident xüsusi olaraq vurğuladı ki, Naxçıvan Muxtar Respublikasının muxtar statusu qalır, lakin idarəetmə qaydaları təkmilləşdirilir. Bu yanaşmanın məqsədi idarəetmənin daha çevik, koordinasiyalı və nəticəyönümlü qurulmasıdır. Sürətli inkişaf dövründə qərarların qəbulu və icrası arasında vaxt itkisi minimuma endirilməlidir. Xüsusilə iri infrastruktur, enerji, nəqliyyat və investisiya layihələrinin paralel həyata keçirildiyi şəraitdə vahid koordinasiya mexanizminin olması mühüm üstünlük yaradır. Prezidentin müsahibəsində səslənən mühüm siyasi mesajlardan biri də Azərbaycanın öz inkişaf strategiyasını həyata keçirmək üçün həm siyasi iradəyə, həm də maliyyə imkanlarına malik olmasıdır. “Heç kimdən asılı deyilik” fikri Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi və siyasi imkanların ümumi xarakteristikasını ifadə edir. Naxçıvanla bağlı böyük layihələrin dövlət vəsaiti hesabına həyata keçirilməsi bu siyasi iradənin praktiki göstəricisidir.
Beləliklə, 11 avqust müsahibəsinə yalnız Naxçıvanın inkişafı haqqında müsahibə kimi baxmaq kifayət deyil. Bu müsahibə Azərbaycanın gələcək regional modelinin konturlarını göstərir. Təhlükəsizlik, enerji müstəqilliyi, yaşıl enerji, nəqliyyat bağlantıları, sənaye, kənd təsərrüfatı, turizm, sosial xidmətlər, mədəni irs və çevik idarəetmə bir sistemin müxtəlif elementləridir.
Bu sistemin mərkəzində isə Naxçıvan dayanır.Naxçıvanın qarşısında açılan perspektiv əvvəlki tarixi mərhələlərdən ciddi şəkildə fərqlənir. Bir vaxtlar əsas məsələ bu qədim diyarın coğrafi təcridinin yaratdığı problemləri aradan qaldırmaq idisə, indi məqsəd Naxçıvanı regional əlaqələrin mərkəzinə çevirməkdir. Zəngəzur bağlantısı reallaşdıqca Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə fiziki əlaqəsi güclənəcək, Türkiyə və Avropa istiqamətində yeni imkanlar açılacaq, İran vasitəsilə Fars körfəzinə çıxış genişlənəcək.Nəticədə Naxçıvanın coğrafi mövqeyi məhdudlaşdırıcı amildən strateji üstünlüyə çevrilə bilər.
Bu, Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin ümumi məntiqinə də uyğundur. Azərbaycan öz coğrafiyasını passiv şəkildə qəbul edən dövlət deyil. Əksinə, ölkə öz coğrafi mövqeyindən maksimum siyasi və iqtisadi üstünlük yaratmağa çalışır. Bakı limanı, Ələt, Orta Dəhliz, enerji layihələri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Zəngəzur bağlantısı və Naxçıvanın inkişafı eyni böyük strategiyanın müxtəlif istiqamətləridir.Prezidentin müsahibəsində ifadə olunan gələcək təsəvvür məhz buna görə geniş miqyaslıdır. Naxçıvanın gələcəyi yalnız Naxçıvanın öz sərhədləri daxilində müəyyənləşmir. Onun gələcəyi Azərbaycan–Türkiyə əlaqələri, Azərbaycan–İran münasibətləri, Cənubi Qafqazın yeni nəqliyyat sistemi, Orta Dəhliz, Şimal–Cənub dəhlizi və Avropanın enerji və logistika ehtiyacları ilə sıx bağlıdır.Əgər nəzərdə tutulan layihələr reallaşarsa, Naxçıvanın iqtisadi siması əhəmiyyətli şəkildə dəyişə bilər. Sənaye Parkı yeni istehsal müəssisələri yarada, enerji layihələri elektrik ixracını artıraraq yeni gəlir mənbələri formalaşdıra, 15 milyon tonluq dəmir yolu logistika imkanlarını genişləndirə, turizm infrastrukturu xidmət sektorunu canlandıra, kənd təsərrüfatı layihələri isə regionda məşğulluğu artıra bilər.
Ən əsası isə bu proseslər bir-birindən təcrid olunmayacaq. Sənaye üçün enerji, enerji üçün nəqliyyat, nəqliyyat üçün logistika, logistika üçün investisiya, investisiya üçün təhlükəsizlik, turizm üçün infrastruktur və bütün bunların davamlılığı üçün səmərəli idarəetmə lazımdır. Prezidentin müsahibəsində təqdim edilən modelin gücü məhz bu qarşılıqlı bağlılıqdadır.Naxçıvanın yeni inkişaf mərhələsi həm də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qarşısına qoyduğu yeni məqsədlərin göstəricisidir. Artıq əsas gündəlik yalnız dağıdılmış ərazilərin bərpası deyil. Qarabağ və Şərqi Zəngəzur kimi Naxçıvan da müasir, innovativ, yaşıl və yüksək həyat standartlarına malik regiona çevrilməlidir.Bu baxımdan Prezident İlham Əliyevin 11 avqust müsahibəsini Naxçıvanın gələcək inkişaf proqramının siyasi və strateji ifadəsi kimi qiymətləndirmək mümkündür. Burada keçmişə hörmət, bu günün problemlərinin həlli və gələcəyə hesablanmış böyük hədəflər eyni məntiqdə birləşir.Naxçıvanın tarixi keçmişi onun milli kimliyinin əsaslarından biridir. Naxçıvanın bugünkü təhlükəsizliyi Azərbaycanın gücünün göstəricisidir. Naxçıvanın enerji potensialı gələcək iqtisadi müstəqilliyin resursudur. Naxçıvanın coğrafi mövqeyi isə gələcək nəqliyyat və logistika imkanlarının açarıdır.
Məhz buna görə Prezidentin müsahibəsində səslənən fikirlərdən çıxan ən mühüm nəticə belədir: Naxçıvan artıq yalnız qorunmalı və inkişaf etdirilməli strateji ərazi deyil, Azərbaycanın regional gücünün formalaşmasında fəal rol oynayacaq strateji mərkəzdir. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yol sadəcə iki coğrafi məkanı birləşdirən xətt olmayacaq. O yol Şərqlə Qərbi, Şimalla Cənubu, enerji istehsalı ilə enerji bazarlarını, sənaye ilə logistikanı, Azərbaycanla Türk dünyasını birləşdirən geniş kommunikasiya sisteminin mühüm hissəsinə çevrilə bilər.
Naxçıvanın yeni əsri məhz bu perspektiv üzərində qurulur.Və bu perspektivin əsas xüsusiyyəti ondan ibarətdir ki, Naxçıvan artıq Azərbaycanın coğrafi baxımdan ayrı düşmüş hissəsi kimi deyil, Azərbaycanın yeni regional güc xəritəsinin mərkəzlərindən biri kimi nəzərdən keçirilir. Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvandan verdiyi mesajların siyasi mahiyyəti də məhz budur: təhlükəsiz Naxçıvan, enerjisi güclü Naxçıvan, sənayeləşən Naxçıvan, yolların qovuşduğu Naxçıvan, yaşıl enerjinin mərkəzinə çevrilən Naxçıvan və nəhayət, Azərbaycanı daha geniş coğrafiya ilə birləşdirən Naxçıvan.

Elnarə Mustafayeva
YAP Yasamal rayon təşkilatının sədr müavini
14:14 13.08.2026
Oxunuş sayı: 51