Ukraynanın zərbələri Rusiyada logistika obyektlərinə yönəlib
Ukrayna ordusunun gecə saatlarında Rusiya ərazisindəki hədəflərə endirdiyi zərbələr nəticəsində onlayn ticarət obyektinə ziyan dəyib, işğal altındakı Krımda isə elektrik kəsintiləri qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə monitorinq kanalları məlumat yayıb.
Məlumata görə, Krımın işğal olunmuş Masandra qəsəbəsində və yaxınlıqdakı Yalta şəhərində iki elektrik yarımstansiyası Ukrayna dronlarının hücumuna məruz qalıb. Hücumdan sonra bölgədə elektrik kəsintiləri və bir sıra yanğınlar qeydə alınıb.
Bundan əlavə, Rusiyanın Krasnodar şəhərində onlayn pərakəndə satış nəhəngi "Wildberries" şirkətinə məxsus logistika mərkəzi vurulub.
Krasnodar meri Yevgeni Naumov bildirib ki, dron hücumu nəticəsində şəhərin bir neçə hissəsində infrastruktur obyektlərinə ziyan dəyib.
Onun sözlərinə görə, dron qalıqları Prikubanski rayonunda yerləşən yaşayış binasının eyvanına və pəncərələrinə zərər vurub. Hadisə nəticəsində ölən olmayıb.
"Rəqibin zərbəsi logistika anbarına da düşüb və yanğın başlayıb. Üç nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılıblar", – deyə Naumov bildirib.
Həmçinin Stavropol diyarının Nevinnomısk şəhərində yerləşən digər "Wildberries" logistika mərkəzinin də hücuma məruz qaldığı və nəticədə azı beş nəfərin yaralandığı bildirilib.
12:48 22.07.2026
Oxunuş sayı: 58