Rubio: İran ABŞ ilə danışıqlara ciddi yanaşmır
ABŞ dövlət katibi Marko Rubio Tehramı Vaşinqtonla aparılan danışıqlara ciddi yanaşmamaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN Xarici İşlər Nazirlərinin görüşü zamanı danışıb.
"Hazırda üzləşdiyimiz problem ondan ibarətdir ki, İran danışıqlara ciddi yanaşmır. Əgər onlar ciddidirlərsə, biz də ciddiyik. Əgər ciddi deyillərsə, ABŞ öz maraqlarını və müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün lazım olan bütün addımları atacaq", – deyə Rubio bildirib.
ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton diplomatik həll yoluna sadiq qalır və Tehranla fikir ayrılıqlarının danışıqlar yolu ilə aradan qaldırılmasına açıqdır.
Rubio həmçinin Hörmüz boğazındakı gəmiçiliyə toxunaraq bildirib ki, İranın bu beynəlxalq su yolundan keçən gəmilərə nəzarət etmək hüququ yoxdur.
Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq dəniz marşrutudur və burada hər hansı dövlətin nəqliyyata nəzarət etməsi təhlükəli presedent yarada bilər.
"Əgər Yaxın Şərqdə hər hansı dövlət beynəlxalq su yoluna nəzarət etmək, ödəniş tələb etmək və buna əməl etməyən gəmiləri hədəfə almaq hüququ əldə etsə, bu, dünyanın digər bölgələrində də təkrarlana biləcək təhlükəli nümunə olacaq", – deyə ABŞ dövlət katibi qeyd edib.
Rubio əlavə edib ki, məsələ beynəlxalq gəmiçilik azadlığının fundamental prinsiplərinə aiddir.
12:32 22.07.2026
Oxunuş sayı: 67