İsrail Qəzzanı iki yerə bölür?
İsrail ordusu Qəzza zolağında nəzarət etdiyi ərazilərlə anklavın digər hissəsi arasında böyük torpaq səddi inşa edir.
Crossmedia.az xəbər verir ki, “Associated Press” (AP) peyk görüntülərinə əsasən bildirir ki, bu addım Qəzza zolağının parçalanmasını daha da gücləndirir.
Məlumata görə, son aylarda İsrail hərbçiləri tərəfindən 23 kilometrdən çox uzunluqda istehkam xətti yaradılıb. Sədd İsrail ordusu tərəfindən dağıdılmış fələstin yaşayış məntəqələrindən keçir.
Qəzza zolağının uzunluğu təxminən 40 kilometr, eni isə 11 kilometrə qədərdir. Ərazidə 2 milyondan çox insan yaşayır. Qeyd olunur ki, yeni inşa edilən sədd sahil zolağının ümumi uzunluğunun yarısından çoxunu əhatə edir.
İsrail Müdafiə Ordusu ˝AP˝-yə peyk görüntüləri təqdim edildikdən sonra sarı xətt adlandırılan ərazidə fiziki maneənin tikildiyini təsdiqləyib. Bu xətt İsrail qüvvələrinin HƏMAS-la oktyabr ayında əldə olunan atəşkəs razılaşması çərçivəsində geri çəkildiyi sərhəd kimi göstərilir.
ABŞ-nin dəstəyi ilə hazırlanmış sənədə əsasən, həmin xətt İsrail qoşunlarının tam çıxarılmasına qədər ərazinin müvəqqəti bölünməsi üçün nəzərdə tutulmuşdu.
21:34 21.07.2026
Oxunuş sayı: 63