Azərbaycan, Ermənistan və digər region ölkələri bir masada - regionda yeni hərəkətlilik
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Azərbaycan və Ermənistanın iştirakı ilə “3+3” regional əməkdaşlıq platformasının xarici işlər nazirlərinin növbəti görüşünün yaxın vaxtlarda keçiriləcəyinə ümid edir. Onun sözlərinə görə, belə bir görüşün keçirilməsi ilə bağlı prinsipial razılıq hələ 2024-cü ilin oktyabrında İstanbulda əldə olunub. Zaxarova əlavə edib ki, bu ilin iyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “3+3” platformasının sessiyasında da iştirakçılar siyasi məsələlərdən kənar, qarşılıqlı faydalı iqtisadi layihələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Maraqlıdır yaxın dövrdə “3+3” formatı çərçivəsində növbəti görüşün keçirilməsi nə dərəcədə real görünür?
Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, "3+3" regional əməkdaşlıq platforması Cənubi Qafqazda dialoq və iqtisadi əməkdaşlığın inkişafına xidmət edən mühüm formatlardan biridir: “Bu baxımdan, növbəti xarici işlər nazirlərinin görüşünün keçirilməsi mümkündür. Lakin bunun baş tutması ilk növbədə iştirakçı dövlətlərin siyasi iradəsindən, xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişindən asılı olacaq. Əgər tərəflər əməkdaşlıqda maraqlı olsalar, belə bir görüşün keçirilməsi üçün maneə yoxdur. Rusiya bu platformanın iştirakçısı kimi öz mövqeyini ifadə etmək hüququna malikdir. Ancaq regionun gələcəyinə dair əsas qərarlar kənar güclər tərəfindən deyil, məhz region dövlətlərinin suveren iradəsi əsasında qəbul edilməlidir”.

A.Əlizadə qeyd edib ki, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh prosesi hər hansı vasitəçinin maraqları deyil, beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmalıdır: “Bu gün Cənubi Qafqazda yeni geosiyasi reallıq mövcuddur və Azərbaycan bu reallığın formalaşmasında həlledici rol oynayıb. Ona görə də "3+3" platforması yalnız siyasi bəyanatlarla kifayətlənməməli, konkret iqtisadi layihələrin, nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə və regionda dayanıqlı sülhün möhkəmlənməsinə xidmət etməlidir. İstənilən halda, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyini müəyyən edən əsas amil məhz iki ölkə arasında birbaşa dialoq və əldə olunacaq razılaşmalar olacaq”.
Politoloq Aytən Qurbanova qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “3+3” regional əməkdaşlıq platforması çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda dəyərləndirilməlidir: "Moskvanın 2024-cü ilin oktyabrında İstanbulda əldə olunmuş razılaşmaya istinad etməsi Rusiyanın regionda institusional iştirakını qorumaq niyyətini nümayiş etdirsə də, bugünkü geosiyasi reallıqlar göstərir ki, Cənubi Qafqaz artıq heç bir xarici gücün birtərəfli təsir imkanlarına malik olduğu məkan deyil. İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni siyasi nizam əməkdaşlıq formatlarının da mahiyyətini dəyişib. Azərbaycanın yaratdığı reallıqlar fonunda gündəliyi artıq münaqişə deyil, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının inkişafı müəyyənləşdirir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, “3+3” platforması region dövlətlərinin qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə biləcəyi mühüm dialoq mexanizmlərindən biri kimi qiymətləndirilə bilər. Platformanın əsas üstünlüyü regional problemlərin region ölkələrinin iştirakı ilə müzakirəsini təşviq etməsidir. Bu yanaşma kənar geosiyasi rəqabətin təsirini minimuma endirməklə yanaşı, Cənubi Qafqazın iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edə bilər. Xüsusilə Orta Dəhlizin beynəlxalq əhəmiyyətinin artması, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, enerji və logistika marşrutlarının şaxələndirilməsi fonunda regional əməkdaşlığın institusional mexanizmlərinə ehtiyac daha da artır. Təsadüfi deyil ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “3+3” sessiyasında da siyasi məsələlərdən daha çox qarşılıqlı faydalı iqtisadi layihələrin dəstəklənməsi ön plana çıxarılıb. Bu platformanın gələcək fəaliyyət istiqamətinin geosiyasi qarşıdurmadan deyil, iqtisadi praqmatizmdən qaynaqlandığını göstərən mühüm siyasi mesajdır. Həmçinin Rusiyanın bu platformada oynadığı rolu olduğundan artıq qiymətləndirmək düzgün deyil. Rusiya “3+3” formatının iştirakçısı və təşəbbüsün formalaşmasında rol oynamış dövlətlərdən biridir. Lakin platforma hər hansı bir ölkənin siyasi iradəsinə əsaslanan mexanizm deyil. Burada qəbul edilən qərarlar iştirakçı dövlətlərin qarşılıqlı razılığı və konsensus əsasında formalaşır. Ona görə də, Moskvanın növbəti görüşlə bağlı optimist mövqeyi siyasi iradənin ifadəsi olsa da, yekun qərarın verilməsi Azərbaycan, Türkiyə, İran və Ermənistan da daxil olmaqla bütün tərəflərin razılığından asılıdır. Azərbaycanın mövqeyi isə bu məsələdə prinsipial olaraq dəyişməz qalır. Azərbaycan regional əməkdaşlıq təşəbbüslərini dəstəkləsə də, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasını yalnız iki suveren dövlət arasında aparılan birbaşa danışıqların predmeti hesab edir. Son illərdə keçirilən ikitərəfli görüşlər də göstərir ki, Azərbaycan üçün əsas prioritet vasitəçilik institutlarının genişləndirilməsi deyil, birbaşa siyasi dialoqun davam etdirilməsidir. Bu yanaşma ölkəmizin suveren qərarvermə hüququna və milli maraqlarına tam uyğundur. Digər tərəfdən isə “3+3” platformasının sülh danışıqlarını əvəz etməsi nə siyasi, nə də diplomatik baxımdan real görünür. Əksinə, bu mexanizm regionun iqtisadi inkişafına xidmət edən paralel əməkdaşlıq platforması kimi fəaliyyət göstərə bilər. Nəqliyyat-kommunikasiya layihələri, enerji təhlükəsizliyi, ticarət əlaqələrinin genişləndirilməsi, gömrük və logistika sahəsində koordinasiya kimi istiqamətlər platformanın real potensialını formalaşdırır. Rusiyanın son dövrdə “3+3” formatına xüsusi önəm verməsi də təsadüfi deyil. Ukrayna müharibəsinin davam etdiyi və Qərblə münasibətlərin gərgin olaraq qaldığı şəraitdə Moskva Cənubi Qafqazda diplomatik iştirakını və siyasi təsir imkanlarını qorumağa çalışır. Eləcə də, Türkiyə regional diplomatiyada artan nüfuzunu möhkəmləndirir, İran isə regiondakı geoiqtisadi layihələrdə fəal iştirak etmək niyyətini nümayiş etdirir. Belə mürəkkəb geosiyasi balans şəraitində “3+3” platformasının effektivliyi hər hansı bir dövlətin ambisiyalarından deyil, iştirakçı ölkələrin ortaq maraqları ətrafında uzlaşma əldə edə bilməsindən asılı olacaq. Azərbaycan isə bu proseslərdə tamamilə fərqli mövqedən çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində ölkəmiz Cənubi Qafqazın əsas geosiyasi və geoiqtisadi aktoruna çevrilib. Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, təşəbbüskar diplomatiyası və balanslaşdırılmış xarici siyasəti regional əməkdaşlıq formatlarında ölkəmizin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib".

A.Qurbanova qeyd edib ki, bugün Cənubi Qafqazın gələcəyini müəyyən edən əsas amil xarici güclərin rəqabəti deyil, region dövlətlərinin siyasi iradəsi və qarşılıqlı maraqlarıdır: "“3+3” platformasının uğuru da məhz bu reallığın qəbul edilməsindən asılı olacaq. Əgər format geosiyasi təsir alətinə çevrilmədən iqtisadi əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edərsə, regionda uzunmüddətli sabitlik və inkişaf üçün əlavə imkanlar yarada bilər. Nəticə etibarilə, Mariya Zaxarovanın açıqlaması Rusiyanın regional diplomatik fəallığını nümayiş etdirən siyasi mesajdır. Lakin bu Moskvanın Cənubi Qafqazda yekun qərarverici statusunu ifadə etmir. Müasir geosiyasi reallıq göstərir ki, regionun gələcəyinə dair qərarlar yalnız bərabərhüquqlu dialoq, qarşılıqlı hörmət və suveren dövlətlərin milli maraqları əsasında qəbul oluna bilər. Azərbaycan da məhz bu prinsipial mövqeyi ilə həm regional əməkdaşlığın fəal iştirakçısı, həm də Cənubi Qafqazın yeni siyasi arxitekturasını formalaşdıran əsas dövlət kimi çıxış edir".
Ayhan
11:00 18.07.2026
Oxunuş sayı: 59