İsrailə qarşı çıxan yəhudilərin sayı çoxalır - Rəy
Qəzzada davam edən müharibə təkcə siyasi və hərbi müstəvidə deyil, dini institutların mövqeyi baxımından da beynəlxalq müzakirələrin mərkəzində qalır. Bu dəfə diqqət çəkən addım Anqlikan Kilsəsinin Baş Sinodundan gəlib. Sinod üzvləri böyük səs çoxluğu ilə kilsə icmasını Kairos Palestine təşkilatının hazırladığı və İsrailin Qəzzadakı hərbi əməliyyatlarını “soyqırım xarakterli müharibə” kimi qiymətləndirən sənədlə tanış olmağa çağırıblar. Bu qərar dini qurumların beynəlxalq münaqişələrə münasibəti, xristian həmrəyliyi və dini institutların siyasi proseslərdə rolu ilə bağlı yeni müzakirələr yaradıb.
Tarixçi alim Taleh Cəfərov
Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Anqlikan Kilsəsinin Baş Sinodu tərəfindən
hazırlanmış sənəddə Fələstin xalqına qarşı yəhudi dövləti, yaxud İsrail dövləti
tərəfindən həyata keçirildiyi iddia olunan etnik təmizləmə və soyqırımı siyasəti
bu şəkildə qiymətləndirilib: “Bu yanaşmanın əsaslandırılması ondan ibarətdir
ki, bu gün İsrailin istər Fələstin ərəblərinə, istərsə də region xalqlarına
qarşı həyata keçirdiyi siyasətin bölgədə müəyyən bir məqsədi olduğu iddia
edilir. Həmin məqsəd Yaxın Şərqdə dominant dövlətə çevrilmək, region xalqlarını
özündən asılı vəziyyətdə saxlamaq, onlar üzərində hakim rol oynamaq, eyni
zamanda İsrailin ərazisini genişləndirərək “Böyük İsrail” dövləti yaratmaqdır. İddia
olunur ki, İsrailin əsas məqsədi bu coğrafiyada fələstinliləri tamamilə bölgədən
çıxarmaq və ərazidə öz yurisdiksiyasını tam bərpa etməkdir. Bu məqsədlə fələstinlilərin
böyük qırğına məruz qaldığı və bunun soyqırımı kimi qiymətləndirilə biləcəyi
bildirilir. Qeyd edilir ki, həlak olanların sayının 70 minə çatdığı, onların
böyük hissəsinin körpə uşaqlar və qadınlar olduğu nəzərə alınarsa, belə bir
ifadənin işlədilməsi əsaslandırılır. Bildirilir ki, XXI əsrdə insan
hüquqlarının ən çox müdafiə olunduğu bir dövrdə Fələstin xalqına qarşı baş verən
hadisələri görməmək mümkün deyil. İddia edilir ki, İsrail Fələstin xalqını öz
qonşuluğunda görmək istəmir və tarixi Fələstin torpaqlarını əhalini deportasiya
etməklə tam nəzarətə götürməyə çalışır. Bu prosesdə fələstinlilərin də müəyyən
məsuliyyəti olub. Bildirilir ki, torpaqların əldən çıxmasının qarşısını
vaxtında ala bilməyiblər və həmin ərazilərin əhəmiyyətli hissəsi yəhudilər tərəfindən
pulla satın alınıb. Sonradan bunun nəticələrinin fərqinə vardıqda isə artıq gec
olduğu vurgulanır”.

T.Cəfərov qeyd edir ki, Fələstin
dövlətinin yaradılması planlaşdırılarkən təxminən 24 min kvadratkilometrlik ərazinin
8 min kvadratkilometrinin İsrailə, 16 min kvadratkilometrinin isə Fələstin dövlətinə
verilməsi nəzərdə tutulurdu: “Lakin bu plan həyata keçməyib. Hazırda vəziyyətin
əksinə olduğu, fələstinlilərin təxminən 8 min kvadratkilometrlik ərazidə
dağınıq vəziyyətdə yaşadığı, yəhudilərin isə 16–17 min kvadratkilometrlik ərazidə
möhkəmləndiyi bildirilir. İddia olunur ki, məqsəd qalan 8–9 min
kvadratkilometrlik ərazidən də fələstinliləri çıxarmaq, ən yaxşı halda isə
onların İordaniya və ya Liviyada məskunlaşdırılmasına nail olmaqdır. Beləliklə,
İsrail ərazisində bir nəfər də olsun fələstinlinin qalmaması hədəflənir. Yəhudilərin
planı bundan ibarətdir və onlar məqsədlərinə çatana qədər müxtəlif üsullardan
istifadə etməyə davam edəcəklər. Bu üsulların yalnız soyqırımı ilə məhdudlaşmadığı,
qorxu, vahimə, terror və digər vasitələrin də tətbiq oluna biləcəyi bildirilir.
Məqsəd kimi “vəd olunmuş torpaqlar” adlandırılan coğrafiyanın tam nəzarətə
götürülməsi göstərilir. Bunun qarşısının alınması üçün böyük dövlətlərin səfərbər
olması, Fələstinə dəstəyin davam etdirilməsi və bölgənin bərpasına yardım göstərilməsi
zəruri hesab edilir. Bildirilir ki, Qəzzada dağıdılmış binalar müasir
infrastruktur əsasında yenidən tikilməli, yaşayış üçün layiqli şərait
yaradılmalıdır. Bu məqsədlə beynəlxalq səviyyədə toplantı keçirilib və ilkin mərhələdə
900 milyon dollar məbləğində vəsaitin ayrılması barədə qərar qəbul olunub. Bu
istiqamətdə ilk addımların atıldığı, lakin layihələrin icrası üçün müəyyən
zamana ehtiyac olduğu vurğulanır. Hazırda bərpa işlərinin nə vaxt başlanacağı dəqiq
məlum deyil. Fələstinlilərin həmin ərazilərdən çıxarılması tarixin ən böyük səhvlərindən
biri olar. Çünki Fələstin qədim tarixə malik coğrafiyadır və Misir, Finikiya,
Babil və Assuriya kimi qədim sivilizasiyalarla eyni dövrdə mövcud olub. Bu
tarixi coğrafiyanın xəritədən silinməsi tarixi baxımdan ciddi yanlışlıq kimi
qiymətləndirilir. Beynəlxalq ictimaiyyət buna imkan verməməli, Fələstinə dəstək
aksiyaları davam etdirilməlidir. Bu kimi sənədlərin gələcəkdə də qəbul ediləcəyi
ehtimal olunur. Həmçinin qeyd edilir ki, hazırda dünyanın müxtəlif ölkələrində
İsrailin həyata keçirdiyi iddia olunan etnik təmizləmə və soyqırımı siyasətinə
qarşı, o cümlədən Qərb ölkələrində geniş kampaniyalar başlayıb və bir sıra dövlətlər
buna qarşı öz etirazlarını ifadə edirlər”.
İlahiyyatçı Fazil Əhmədli qeyd edib ki, bu, beynəlxalq təşkilatların İsrail–Fələstin məsələsi ilə bağlı qəbul etdiyi qərarların fonunda baş verən bir prosesdir: “Çünki BMT kimi beynəlxalq təşkilatlar dəfələrlə İsrail–Fələstin münaqişəsi, xüsusilə də Fələstin ərazilərində yeni yaşayış məntəqələrinin salınması və həmin ərazilərə yeni əhalinin yerləşdirilməsi ilə bağlı qərarlar qəbul ediblər. Bu baxımdan humanitar yönümlü təşkilatların, xüsusilə dini konfessiyaların da bu məsələyə münasibət bildirməsi və fəallığını artırması mövzuya müəyyən qədər təsir göstərmək məqsədi daşıyır. Artıq neçə illərdir ki, Azərbaycan da daxil olmaqla beynəlxalq ictimaiyyət İsrail–Fələstin münaqişəsində İsrailin Fələstin ərazilərində həyata keçirdiyi siyasətə, o cümlədən işğal altında hesab olunan ərazilərdə yeni yaşayış məntəqələrinin salınmasına münasibət bildirir. Azərbaycan da bu məsələdə daim Fələstinin mövqeyini dəstəkləyib və qeyd edib ki, Qarabağda da uzun illər ərzində oxşar siyasət həyata keçirilmiş, ərazilər işğal edilmiş və həmin ərazilərdə yerli əhaliyə aid olmayan şəxslərin məskunlaşdırılması baş vermişdi. Bu barədə BMT və digər beynəlxalq təşkilatlar müxtəlif qərarlar qəbul etsələr də, təəssüf ki, həmin qərarların əksəriyyəti kağız üzərində qalıb”.

İlahiyyatçı hesab edir ki, humanitar təşkilatların, eyni zamanda dini konfessiyaların mövzuya münasibət bildirməsi vacibdir: “Dünya ictimaiyyəti də bu məsələyə ümumilikdə öz münasibətini ortaya qoyur. Əksər dövlətlər hesab edirlər ki, bir ölkənin başqa bir ölkənin ərazisində yeni yaşayış məntəqələri salması və bu siyasəti davam etdirməsi münaqişənin daha da dərinləşməsinə səbəb olur. Azərbaycan da bu məsələdə mövqeyini hər zaman açıq şəkildə ifadə edib. Dini konfessiyalar da çalışırlar ki, heç olmasa öz platformaları vasitəsilə bu məsələyə təsir göstərsinlər və qarşı tərəfə çatdırsınlar ki, dini icmalar da baş verən hadisələrdən xəbərdardır və dünya ictimaiyyətinin nümayiş etdirdiyi mövqeni bölüşürlər. Dini konfessiyaların və dinlərarası münasibətlərin gələcəyi baxımından bu məsələ üzərində ciddi düşünülməlidir. Məncə, yəhudi icması da nəzərə almalıdır ki, münasibətlər elə qurulmalıdır ki, bu cür qarşıdurmalar yaranmasın və dini konfessiyalar da belə məsələlərdə sərt mövqe bildirmək məcburiyyətində qalmasın. Müsəlmanlarla münasibətlər də qarşılıqlı hörmət prinsipləri əsasında qurulmalıdır ki, dinlərarası münasibətlər sağlam məcrada inkişaf etsin. İsrail–Fələstin münaqişəsində Fələstin tərəfini dəstəkləyən çoxsaylı yəhudilərin olduğu da nəzərə alınmalıdır. Hazırda ABŞ-də, İsrailin özündə və dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər arasında Fələstinlilərə qarşı zorakılığı tənqid edən çoxlu insanlar mövcuddur. Bunu hər gün beynəlxalq mediada da müşahidə edirik. Bu baxımdan hesab edirəm ki, xristian və müsəlman icmalarının bu cür mövqe nümayiş etdirməsi qətiyyən yəhudi dini icması ilə münasibətlərin pisləşməsi və ya dinlərarası əlaqələrin pozulması kimi qiymətləndirilməməlidir. Əksinə, dünya ictimaiyyəti dinindən asılı olmayaraq zorakılıq hallarını pisləyir. Ümid edirəm ki, yaxın zamanda bu münaqişə öz həllini tapacaq, Fələstin xalqı müstəqil dövlət şəraitində yaşayacaq və regionda davamlı sülh bərqərar olacaq. Tarixən, xüsusilə 1948-ci ildən əvvəl yəhudilər, fələstinlilər və müsəlmanlar uzun müddət birgə yaşayıblar. Arzum budur ki, gələcəkdə də sülh bərpa olunsun və xalqlar yenidən qarşıdurmasız, dinc şəraitdə birgə yaşaya bilsinlər”.
Ayhan
11:30 16.07.2026
Oxunuş sayı: 132