Alimlər ən böyük kütləvi məhvin səbəbini açıqladı
Təxminən 252 milyon il əvvəl Yer tarixinin ən böyük kütləvi yoxolması baş verib və dəniz canlılarının təxminən 90 faizi məhv olub. Space Daily yazır ki, alimlər bu fəlakətin əsas səbəbinin təkcə lava axınları deyil, yerin dərinliklərində baş verən proseslər olduğunu düşünürlər.
Araşdırmalara görə, indiki Sibir ərazisində bir milyondan çox il davam edən güclü vulkanik fəaliyyət nəticəsində atmosferə təxminən 100 min milyard ton karbon qazı buraxılıb. Lakin tədqiqatçılar hesab edirlər ki, həlledici amil səthə axan lava yox, maqmanın yeraltı süxurlara yayılması olub. Bu proses karbonat, duz və karbohidrogenlə zəngin süxurları qızdıraraq çox böyük həcmdə istixana və zəhərli qazların atmosferə buraxılmasına səbəb olub.
Alimlərin hesablamalarına görə, bunun nəticəsində okeanların səth temperaturu təxminən 10 dərəcə Selsi artıb. Sürətli istiləşmə okeanlarda oksigenin azalmasına, suyun turşuluğunun yüksəlməsinə və dəniz ekosisteminin çökməsinə gətirib çıxarıb. Bununla belə, tədqiqatçılar bildirirlər ki, bu hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir və müxtəlif elmi izahlar hələ də müzakirə olunur.
11:14 15.07.2026
Oxunuş sayı: 47