Avropa ölkələri özbaşına deyil - onların ağası ABŞ-dir
Son günlər beynəlxalq mediada Avropa ölkələrinin Hörmüz boğazından keçid üçün rüsum ödəməyə razı ola biləcəyi ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Dünya neft ticarətinin mühüm hissəsinin həyata keçirildiyi bu strateji su yolunda hər hansı yeni maliyyə və ya təhlükəsizlik mexanizminin tətbiqi qlobal iqtisadiyyata birbaşa təsir göstərə bilər. Xüsusilə Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda Hörmüz boğazının gələcək fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məhz buna görə də boğazdan keçid üçün rüsum tətbiq ediləcəyi ilə bağlı iddialar həm hüquqi, həm siyasi, həm də iqtisadi baxımdan ciddi suallar doğurur. Bu məsələdə əsas müzakirə mövzularından biri belə bir ödəniş mexanizminin beynəlxalq dəniz hüququna nə dərəcədə uyğun olmasıdır. Digər mühüm məqam isə rüsumun hansı dövlət və ya qurum tərəfindən toplanmasının mümkünlüyü ilə bağlıdır. Eyni zamanda, Avropa ölkələrinin belə bir ödəniş modelini qəbul edib-etməyəcəyi və bunun enerji təhlükəsizliyinə necə təsir göstərə biləcəyi də maraq doğuran məsələlər sırasındadır. Ekspertlər hesab edirlər ki, Hörmüz boğazı ətrafında atılacaq hər hansı addım yalnız region dövlətlərinə deyil, həm də qlobal enerji bazarına və beynəlxalq ticarət marşrutlarına təsirsiz ötüşməyəcək. Bu baxımdan, mediada yayılan məlumatların nə dərəcədə real olduğu və onların arxasında hansı geosiyasi məqsədlərin dayandığı xüsusi diqqətlə təhlil edilməlidir. Bütün bunları nəzərə alaraq sual yaranır: Avropa ölkələrinin Hörmüz boğazından keçid üçün rüsum ödəməsi nə dərəcədə mümkündür, belə bir rüsumu hansı dövlət ala bilər və Avropa buna həqiqətən razılıq verərmi?
Politoloq Zərdüşt Əlizadə Crossmedia.az-a
açıqlamasında qeyd edib ki, Avropa İttifaqı ölkələri özbaşına deyil: “Onlar
asılı dövlətlərdir. Amerika isə onların ağasıdır. ABŞ nə deyirsə, onlar da onu
edirlər. Yeganə istisnalardan biri İspaniyadır. İspaniya ABŞ-nin mövqeyinə tam
tabe olmadı, İsraili tənqid etdi, fələstinlilərin müdafiəsinə qalxdı. Donald
Tramp da dəfələrlə İspaniyanın Baş naziri Pedro Sançesi tənqid edir. Amma
İspaniya geri çəkilmir. Qalan Avropa ölkələrinin isə Trampın qarşısında geri
addım atdıqlarını görürük. Hörmüz boğazının gələcək statusuna – açıq, bağlı, nəzarətli,
nəzarətsiz, rüsumlu və ya rüsumsuz olmasına gəlincə, bu məsələ ABŞ ilə İran
arasında həll ediləcək. Hesab edirəm ki, bunun danışıqlar yolu ilə həlli çox çətindir.
Böyük ehtimalla məsələ güc yolu ilə həll olunacaq. Hansı tərəf üstün gəlsə, öz
iradəsini də qarşı tərəfə qəbul etdirəcək. Əgər ABŞ İranın mövqeyini qəbul etsə
və Hörmüz boğazının İranın və ya İranla Omanın birgə nəzarəti altında olmasına
razılaşsa, bu, İranın dünya siyasətində tamamilə yeni mövqeyə yüksəlməsi demək
olacaq. Çünki dünya neftinin təxminən 20 faizi, eləcə də qaz, helium, alüminium
və digər strateji yüklər bu boğazdan keçir. Belə olan halda İran bu marşruta nəzarət
edən ölkəyə çevriləcək və dünyanın ən güclü dövlətlərindən biri statusunu
qazanacaq. Bəs ABŞ buna razı olarmı? Əsas məsələ də məhz budur”.

Politoloq qeyd edib ki, digər tərəfdən, ABŞ-la
bağlanan müqavilələrin ciddi əhəmiyyət daşıdığına inanmıram: “Çünki ABŞ müqavilələrə
əməl etməyən dövlətdir. Rusiya ilə bağladığı müqavilələri də, İranla bağladığı
razılaşmaları da pozub. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələri ilə imzalanmış
çoxsaylı müqavilələrin pozulması nümunələri var. Ona görə də bu dövlətə etibar
etmək mümkün deyil. Fikrimcə, ABŞ etibarlı dövlət deyil və burada əxlaq
anlayışından danışmaq da çətindir. Yenə deyirəm, Hörmüz boğazının gələcək iş
rejimi ABŞ ilə İran arasında həll olunacaq. Əgər İran istədiyi kimi rüsum tətbiq
edə bilsə, hər il on milyardlarla dollar gəlir əldə edəcək. Əslində, çox böyük
rüsumlara da ehtiyac yoxdur. Məsələn, hər barrel neft üçün cəmi 1 dollar əlavə
ödəniş tətbiq olunsa, bu, İran üçün ildə təxminən 15–20 milyard dollar gəlir
deməkdir. Bir dollar çox kiçik məbləğ kimi görünür. Halbuki neftin qiyməti
bazarda daim dəyişir – 70 dollardan 110 dollara qalxır, sonra 90-a, 80-ə, yenidən
70-ə enir. Belə bir şəraitdə hər barreldən cəmi 1 dollar rüsum alınması belə
Hörmüz boğazından istifadə edən ölkələr hesabına milyardlarla dollar gəlir gətirə
bilər. Avropaya gəlincə isə, Avropa vaxtilə müstəmləkə dünyasının sahibi idi.
Çoxlu ölkələri işğal edib, bir çox xalqlara zülm edib, onları talayıb. Amma bu
gün Avropa əvvəlki gücündə deyil. İqtisadi baxımdan güclü görünə bilər, lakin
vahid siyasi iradəsi yoxdur. İqtisadi gücünə baxmayaraq, siyasi baxımdan zəifdir”.
Ayhan
20:30 13.07.2026
Oxunuş sayı: 86