Rusiya hökuməti bölgələrə əlavə yanacaq tədarükü vəd edib
Rusiya hökuməti neft emalı zavodlarında aparılan çoxsaylı təmir işləri fonunda regionlara əlavə yanacaq tədarükünün təmin edilməsi istiqamətində fəal işləyir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, ölkənin daxili bazarının tələbatını ödəmək üçün kifayət qədər yanacaq ehtiyatı mövcuddur. Lakin yaranmış ajiotaj nəticəsində tələbat 20-30 faiz artıb ki, bu da logistika sisteminin yenidən qurulmasını zəruri edib.
Aleksandr Novak bildirib ki, yanacaq çatışmazlığı son aylarda pilotsuz uçuş aparatlarının neft emalı müəssisələrinə hücumları nəticəsində bəzi zavodların istehsalı qismən dayandırması və emal həcmini azaltması ilə bağlıdır.
Baş nazirin müavini qeyd edib ki, hökumət hazırda neft emalı zavodlarının mühafizəsinin gücləndirilməsi və onların tam gücü ilə işləməsinin təmin olunması istiqamətində tədbirlər görür.
O, həmçinin Federal Antiinhisar Xidmətini (FAS) yanacaq qiymətlərinə ciddi nəzarət etməyə və mövcud vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə artırmağa çalışan vasitəçiləri müəyyən etməyə çağırıb. Novakun sözlərinə görə, bu cür halların qarşısının alınması bazarda əlavə gərginliyin yaranmasının qarşısını almağa kömək edəcək.
16:41 10.07.2026
Oxunuş sayı: 61