Yeməkdən sonra bu səhvi etməyin! Sağlamlığınız üçün vacib xəbərdarlıq
Yeməkdən sonra qısa müddət gəzmək sağlamlıq üçün faydalı gündəlik vərdişlərdən biri hesab olunur. 2023-cü ildə Sports Medicine jurnalında dərc edilən və səkkiz randomizə edilmiş tədqiqatı əhatə edən meta-analiz göstərib ki, yeməkdən sonra fiziki aktivlik qanda şəkərin yüksəlməsini azaltmağa kömək edə bilər. Araşdırmanın nəticələri yüngül gəzintinin xüsusilə yeməkdən sonra qlükoza səviyyəsinin tənzimlənməsində rol oynaya biləcəyini göstərir.
Crossmedia.az-a açıqlamasında terapevt Nərminə Abbasova bildirib ki, yeməkdən sonra yüngül gəzinti maddələr mübadiləsinin və həzm prosesinin normal fəaliyyətinə kömək edir.

“Əgər çölə çıxıb piyada gəzmək imkanı yoxdursa, yeməkdən sonra yatmağa üstünlük vermək olmaz. Hərəkətsizlik maddələr mübadiləsinə mənfi təsir göstərə, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri ilə bağlı riskləri artıra bilər. Həzm prosesini dəstəkləmək üçün piyada gəzmək faydalıdır”, - deyə terapevt qeyd edib.
Onun sözlərinə görə, xüsusilə yaşlı insanların yeməkdən sonra açıq havada, yaxınlıqdakı parklarda və ağaclıq ərazilərdə gəzməsi məqsədəuyğundur.
“Yeməkdən sonra açıq havada gəzmək ümumi qan dövranının normal fəaliyyətinə və həzm prosesinə müsbət təsir göstərə bilər. Uzun müddət oturaq qalmaq zamanı diafraqmanın hərəkəti məhdudlaşa, qarın nahiyəsində piylənmə riski arta bilər. Bu hallar bəzi insanlarda təngnəfəslik və digər narahatlıqlarla müşayiət oluna bilər. Açıq havada yüngül gəzinti isə hərəkətliliyi artırmağa kömək edir”, - deyə Nərminə Abbasova bildirib.
Terapevt əlavə edib ki, gəzinti zamanı hər kəs öz fiziki vəziyyətini nəzərə almalıdır. Xüsusilə oynaq problemləri olan və yaşlı şəxslər həddindən artıq fiziki yüklənmədən çəkinməli, rahat tempdə hərəkət etməlidirlər.
“İmkan daxilində yeməkdən sonra piyada gəzmək vacibdir. Bu, təkcə həzm sistemi üçün deyil, ümumi qan dövranını dəstəkləmək baxımından da əhəmiyyətlidir. Əsas şərt insanın öz fiziki imkanlarını nəzərə alması və oynaqlara həddindən artıq yük verməməsidir”, - deyə terapevt fikirlərini yekunlaşdırıb.
Nigar Xəlilli
14:00 10.10.2026
Oxunuş sayı: 69