Türkmənistan Prezidenti Xəzərin dayazlaşması üzrə komissiyanın iclasının Azərbaycanda keçirilməsini dəstəkləyib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Xəzər dənizinin dayazlaşması ilə bağlı təklif olunan komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsini dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, Türkmənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Sərdar Berdiməhəmmədov bu təkliflə dünən Avaza şəhərində keçirilən Xəzər Ekoloji Sammitində çıxış edib.
Berdiməhəmmədovun sözlərinə görə, Türkmənistan Xəzəryanı beş dövlətin hökumət rəhbərlərinin müavinləri səviyyəsində Xəzər dənizinin dayazlaşması üzrə komissiyanın yaradılmasını dəstəkləyir. Komissiya obyektiv elmi məlumatlar əsasında dayazlaşma probleminin həlli üçün razılaşdırılmış tədbirlər hazırlamalıdır.
“Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsinin tərəfdarıyıq”, - deyə o bildirib.
Bundan əlavə, Sərdar Berdiməhəmmədov komissiya nəzdində beş ölkənin alimləri, ekspertləri və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ixtisaslaşmış işçi qruplarının yaradılmasını təklif edib.
Türkmənistan Xəzər dənizinin su ehtiyatlarının qorunmasına dair dövlətlərarası proqramın hazırlanmasını da dəstəkləyir. Berdiməhəmmədov dənizin bioloji ehtiyatlarının qorunmasının və onlardan səmərəli istifadənin təmin edilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Xəzəryanı beş dövlət arasında əməkdaşlıq Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya, Xəzər dənizinin dəniz mühitinin mühafizəsi haqqında Tehran Konvensiyasına və əvvəlki Xəzər sammitlərində əldə olunmuş razılaşmalara əsaslanmalıdır.
Berdiməhəmmədov, həmçinin Xəzəryanı beş dövlətin iştirakı ilə birgə layihələrin dəstəklənməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa çağırıb.
Türkmənistan Prezidenti Xəzər Ekoloji Sammitinin Xəzər dənizini əhatə edən ekoloji məsələlər üzrə əməkdaşlıq üçün daimi fəaliyyət göstərən platformaya çevrilməsini təklif edib.
13:09 10.10.2026
Oxunuş sayı: 120