QHT-lərə dövlət dəstəyi ilə bağlı konseptual yanaşmanın yenilənməsinə ehtiyac var - MÜSAHİBƏ
Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti, maliyyə dayanıqlığı və dövlət qurumları ilə əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafında əsas məsələlərdən biri olaraq qalır. QHT-lərin bir qismi layihələr vasitəsilə fəaliyyət göstərsə də, uzunmüddətli maliyyə imkanlarının məhdudluğu təşkilatların davamlı fəaliyyətinə və institusional inkişafına təsir edir. Bu baxımdan qrant mexanizmləri ilə yanaşı, QHT-lərin sosial xidmətlərə cəlb olunması, özəl sektorla əməkdaşlığı və peşəkar potensialının artırılması da əhəmiyyət daşıyır.
Son illərdə QHT sektorunda maliyyələşmə mexanizmlərinin əlaqələndirilməsi, birgə qrant müsabiqələri və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüslər həyata keçirilir. Bununla yanaşı, təşkilatların ictimai nüfuzunun qorunması, fəaliyyətlərinin real nəticələrlə ölçülməsi və dəyişən şəraitə uyğun dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması məsələləri aktuallığını saxlayır.
Crossmedia.az-ın “QHT tribunası” layihəsinin növbəti qonağı Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərlidir. O, müsahibəsində QHT sektorunun mövcud vəziyyəti, qrant müsabiqələrində şəffaflıq, dövlət–QHT münasibətləri, beynəlxalq əməkdaşlıq və sektorun gələcək inkişaf istiqamətləri barədə danışıb.
– Azərbaycanda qeydiyyatdan keçmiş çoxsaylı QHT var. Lakin onların hamısının aktiv fəaliyyət göstərdiyini demək mümkündürmü? Yalnız sənədləşmə və layihə hesabatları ilə kifayətlənən təşkilatlar sektorun nüfuzuna necə təsir edir?
– Azərbaycanda təxminən 4 min QHT qeydiyyatdan keçib, lakin onların hamısı ilboyu eyni intensivliklə fəaliyyət göstərmir. Bəzi təşkilatlar mövsümi xarakter daşıyan layihələr həyata keçirir. Layihənin müddəti dörd, altı, səkkiz və ya on iki ay ola bilər. Layihə başa çatdıqdan sonra həmin təşkilatın fəaliyyəti də zəifləyir və ya müəyyən müddət dayanır.
Bu vəziyyət xüsusilə sığınacaqların və gündəlik sosial xidmət göstərən təşkilatların fəaliyyəti baxımından daha həssasdır. Çünki belə xidmətlər layihənin müddəti ilə məhdudlaşmamalı, davamlılıq tələb etməlidir.
Qrant QHT üçün məqsəd deyil, ideyanı reallaşdırmaq vasitəsi olmalıdır. Əgər təşkilatın əsas fəaliyyəti yalnız qrant əldə etmək və hesabat təqdim etməklə məhdudlaşırsa, bu, sektorun ictimai nüfuzuna mənfi təsir göstərə bilər. QHT-lərin maliyyə dayanıqlığı yaratması, peşəkar komanda formalaşdırması və cəmiyyət üçün davamlı nəticələr ortaya qoyması vacibdir.
– Qrant müsabiqələrinin şəffaflığı və ədalətliliyi ilə bağlı zaman-zaman suallar səslənir. Bəzi təşkilatlar maliyyə və layihə təcrübəsi baxımından imkanların bərabər olmadığını düşünürlər. İctimai etimadı artırmaq üçün hansı mexanizmlər vacibdir?
– Qrant müsabiqələrində iştirak edən hər bir təşkilatın maliyyələşmə əldə etməməsi mümkündür. Bu, beynəlxalq təcrübədə də rast gəlinən haldır. Mən özüm də donor təşkilatlarında çalışmışam, məsləhətçi olmuşam və qrant komissiyalarının işində iştirak etmişəm. Müsabiqələrdə layihələr müəyyən meyarlar əsasında qiymətləndirilir və bütün müraciətlərin dəstəklənməsi mümkün deyil.
Bununla belə, qərarlarla razılaşmayan təşkilatların müraciət və şikayət imkanları olmalıdır. Belə hallarda apellyasiya prosedurlarının işləməsi, müraciətlərin ekspertlər tərəfindən nəzərdən keçirilməsi əhəmiyyətlidir.
Digər tərəfdən, QHT-lər öz potensiallarını artırmalıdırlar. Layihənin hazırlanması, problemin araşdırılması, məqsədlərin düzgün müəyyənləşdirilməsi, büdcənin planlaşdırılması və komandanın peşəkarlığı nəticəyə birbaşa təsir edir. Təşkilatlar yalnız maliyyə əldə etməyə deyil, keyfiyyətli layihələr hazırlamağa və davamlı nəticələr yaratmağa fokuslanmalıdırlar.
QHT sektorunun maliyyələşmə modeli də zamanla dəyişib. Əvvəlki dövrlərdə humanitar ehtiyaclar, xüsusilə qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər ön planda idi. Sonrakı mərhələdə inkişaf layihələri və institusional potensialın artırılması istiqamətləri genişləndi. 44 günlük müharibədən sonrakı reallıqlar isə yeni prioritetlər formalaşdırdı. Bu gün maliyyə imkanlarını yalnız xarici donorlarda axtarmaq düzgün deyil. Milli donorlarla əməkdaşlıq, dövlət qurumlarının təşəbbüsləri və birgə qrant müsabiqələri də sektorun inkişafı üçün imkanlar yaradır.

– Dövlət dəstəyi ilə QHT-lərin ictimai müstəqilliyi arasında tarazlıq necə qorunmalıdır?
– Dövlət və QHT-lər arasında əməkdaşlıq vətəndaş cəmiyyətinin inkişafı üçün vacibdir. Bu əməkdaşlıq təşkilatların fəaliyyət imkanlarını genişləndirməli, eyni zamanda onların ictimai təşəbbüslərini həyata keçirməsinə şərait yaratmalıdır.
Əvvəllər bəzi dövlət qurumlarının əməkdaşlıq zamanı daha çox tanıdıqları təşkilatlara üstünlük verməsi halları ilə rastlaşmaq mümkün idi. Bunun səbəblərindən biri aydın prosedurların və koordinasiyanın kifayət qədər formalaşmaması idi. Sonrakı mərhələdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti, “bir pəncərə” yanaşması və birgə qrant müsabiqələri vasitəsilə daha sistemli əməkdaşlıq imkanları yaranıb.
Bu cür mexanizmlər maliyyələşmə prosesinin əlaqələndirilməsinə və təşkilatların müxtəlif dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Azərbaycan–Özbəkistan birgə qrant proqramları da əməkdaşlığın yeni istiqamətlərindən biridir.
Eyni zamanda, maliyyə mənbələri və onların hərəkəti ilə bağlı hüquqi tələblər bir çox ölkələrdə mövcuddur. Terrorçuluğun maliyyələşdirilməsinin və çirkli pulların yuyulmasının qarşısının alınmasına yönələn qaydalar da bu çərçivədə qiymətləndirilməlidir. Əsas məsələ qanuni tələblərin aydın olması və prosedurların şəffaf şəkildə tətbiq edilməsidir.
– Azərbaycan Milli QHT Forumunun üzv təşkilatların problemlərinin həlli istiqamətində konkret hansı nəticələri olub? Forumun fəaliyyətinin effektivliyini necə ölçmək olar?
– Forumun fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə qurulur. Beynəlxalq istiqamətdə əsas məqsədlərimizdən biri Azərbaycan QHT-lərinin münasibətlərini yalnız donor və benefisiar çərçivəsində saxlamaq deyil, bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə yüksəltməkdir. Bu məqsədlə BMT institutları, beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsinə çalışırıq.
COP29 çərçivəsində formalaşan beynəlxalq əməkdaşlıq imkanları, Qlobal Cənub QHT Platforması və müxtəlif ölkələrdən təşkilatları bir araya gətirən təşəbbüslər bu istiqamətdə mühüm nümunələrdir. Platforma inkişaf etməkdə olan ölkələrin, o cümlədən ən az inkişaf etmiş ölkələrin və kiçik ada dövlətlərinin QHT-ləri ilə əməkdaşlıq imkanlarını genişləndirir. İqlim və ətraf mühit məsələləri, birgə qrant proqramları və beynəlxalq tədbirlər bu əməkdaşlığın əsas istiqamətləri sırasındadır. Forum tərəfdaşların tapılması və metodoloji dəstək göstərilməsi istiqamətində də fəaliyyət aparıb.
Ölkə daxilində isə aktual ictimai məsələlərlə bağlı müzakirələr və dəyirmi masalar təşkil edir, irəli sürülən təklifləri aidiyyəti qurumlara çatdırırıq. Uşaqlara təsir edən zərərli onlayn məzmun, gənclərin media savadlılığı, dezinformasiya ilə mübarizə, mina təhlükəsi və itkin düşmüş şəxslərin ailələrinin hüquqları bu mövzular sırasındadır.
Məsələn, uşaqların zərərli məzmundan qorunması ilə bağlı müzakirələr zamanı təkliflər irəli sürülüb və bu sahədə daha geniş ictimai müzakirələr aparılıb. Uşaqların öz adlarının mənasını və ana dilini öyrənməsini təşviq edən məktəb inşa müsabiqələri ilə bağlı təklif də aidiyyəti üzrə təqdim olunub və müsbət qarşılanıb.
İtkin düşmüş şəxslərlə bağlı məsələlərdə isə ailələrin yaxınlarının taleyini öyrənmək hüququnun beynəlxalq konvensiyalar çərçivəsində diqqətdə saxlanılması, bu mövzunun beynəlxalq təşkilatlara çatdırılması vacibdir.
Fəaliyyətimizin effektivliyini yalnız keçirilən tədbirlərin və görüşlərin sayı ilə ölçmək olmaz. Əsas meyar irəli sürülən təkliflərin hansı nəticəni verdiyi, problemlərin həllinə nə dərəcədə təsir göstərdiyi və üzv təşkilatların fəaliyyət imkanlarının necə genişləndiyidir.
– QHT sektorunun inkişafı üçün üç institusional dəyişikliyi həyata keçirmək imkanınız olsaydı, nələri dəyişərdiniz? Bir ildən sonra bu dəyişikliklərin nəticəsini hansı göstəricilərlə ölçmək mümkün olardı?
– İlk növbədə, QHT-lərə dövlət dəstəyi ilə bağlı mövcud konseptual yanaşmanın yenilənməsinə ehtiyac var. 2007-ci ildə qəbul olunmuş QHT-lərə dövlət dəstəyi konsepsiyasının hazırlanmasından xeyli vaxt keçib. Bu müddətdə ölkədə və regionda ciddi dəyişikliklər baş verib, xüsusilə müharibədən sonrakı dövr və vətəndaş cəmiyyətinin yeni fəaliyyət istiqamətləri fərqli yanaşmalar tələb edir.
Yeni konsepsiya yalnız qrantların ayrılması məsələsini əhatə etməməlidir. Burada QHT-lərin institusional inkişafı, dövlət qurumları ilə üfüqi əməkdaşlığı, dövlət proqramlarında iştirakı və sosial xidmətlərin göstərilməsinə cəlb olunması kimi istiqamətlər də yer almalıdır.
Dövlət qurumları müəyyən sosial xidmətlərin həyata keçirilməsini QHT-lərə həvalə edə bilər. Bu, həm təşkilatların maliyyə dayanıqlığına, həm də cəmiyyətin ehtiyaclarına uyğun xidmətlərin göstərilməsinə töhfə verə bilər. QHT-lərin fəaliyyətini yalnız layihə müddəti ilə məhdudlaşdırmamaq üçün uzunmüddətli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması vacibdir.
Digər mühüm istiqamət QHT-lərin peşəkarlığının və idarəetmə potensialının artırılmasıdır. Layihələrin hazırlanması, maliyyə idarəçiliyi, kommunikasiya və beynəlxalq əməkdaşlıq üzrə sistemli dəstək, xüsusilə regionlarda fəaliyyət göstərən təşkilatlar üçün əhəmiyyətlidir.
Nəhayət, maliyyələşmə və əməkdaşlıq mexanizmləri daha əlaqələndirilmiş şəkildə işləməlidir. “Bir pəncərə” yanaşması və birgə qrant müsabiqələri bu baxımdan əsas ola bilər. Bir ildən sonra görülən işləri qiymətləndirərkən yalnız ayrılan vəsaitin həcminə deyil, uzunmüddətli fəaliyyətini davam etdirən QHT-lərin sayına, sosial xidmətlərə cəlb olunan təşkilatların nəticələrinə, region QHT-lərinin imkanlarının genişlənməsinə və dövlət qurumları ilə əməkdaşlıqdan yaranan real faydaya baxmaq lazımdır.
Zeynəb Həsən
13:00 10.10.2026
Oxunuş sayı: 81
QHT Tribunası
"QHT Tribunası" qeyri-hökumət təşkilatlarının fəaliyyətinin, gördüyü işlərin təqdim olunması üçün həyata keçirilən layihədir.