Beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb - YENİLƏNİB
Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veley-in rəhbərlik etdiyi beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin Qarabağ və Şərqi Zəngəzura səfərinin son ünvanı Cəbrayıl rayonu olub.
Crossmedia.az-ın xəbərinə görə, səyyahlar Cəbrayıl rayonunun Yarəhmədli kəndində ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə işləri ilə tanış olublar.
Nümayəndə heyətinə işğal dövründə ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi, eləcə də mina təhlükəsi nəticəsində indiyədək insanların həlak olması və xəsarət alması barədə məlumat verilib. Bildirilib ki, ərazidə tank əleyhinə və piyada əleyhinə minalarla yanaşı, qarışıq mina xətlərinə də rast gəlinir. Axtarışlar zamanı partlamamış hərbi sursatların aşkarlandığı da diqqətə çatdırılıb.
Səyyahlara aşkarlanan piyada əleyhinə minaların əsas hissəsinin Ermənistan istehsalı olduğu bildirilib. Həmçinin ərazidə minatəmizləmə işlərinin mexaniki üsulla, əl ilə və xüsusi təlim keçmiş itlərin köməyi ilə həyata keçirildiyi qeyd olunub.
Daha sonra nümayəndə heyəti ərazidə aşkarlanan minaların partladılaraq zərərsizləşdirilməsi prosesini izləyib.
Qeyd edək ki, 13 ölkəni, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyanı təmsil edən təxminən 40 nəfərlik heyətin səfər proqramına Azərbaycanın qədim tarixini və zəngin keçmişini əks etdirən alban məbədlərinin ziyarəti də daxil olub.
Bu səfər dünyanın aparıcı səyyah klublarının 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi 17-ci səfərdir. Belə səfərlər beynəlxalq nümayəndələrə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yerində tanış olmaq imkanı yaradır.
09:52
Dünyaşöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Veleyin (Charles Veley) rəhbərlik etdiyi beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin Zəngilana səfəri başlayıb.
Crossmedia.az-ın xəbərinə görə, səfər çərçivəsində nümayəndə heyəti Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunda aparılan tikinti işləri ilə tanış olur.
Proqram çərçivəsində beynəlxalq səyahətçilərin Cəbrayıl rayonuna da səfəri nəzərdə tutulub. Burada qonaqlar ərazidə həyata keçirilən minatəmizləmə işləri ilə tanış olacaqlar.
15:41 10.10.2026
Oxunuş sayı: 50