Azərbaycan Ballast Suları üzrə Beynəlxalq Konvensiyaya qoşulur
Azərbaycan Respublikasının Prezidenti tərəfindən layihəsi Milli Məclisdə müzakirəyə təqdim olunan qanunla ölkəmizin qoşulması nəzərdə tutulan "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiya 13 fevral 2004-cü il tarixdə London şəhərində imzalanmış və balllast sularının idarə edilməsi sisteminin müəyyənləşdirilməsi ilə bağlı bir sıra texniki, habelə dövlətlərdə daxili ratifikasiya prosedurları ilə əlaqəli səbəblərdən 8 sentyabr 2017-ci ildə qüvvəyə minmişdir. Hazırda yüzədək ölkə Konvensiyanın tərəf dövlətləridir.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenear iclasında millət vəkili Zaur Şükürov səsləndirib.

Deputat bildirib ki, ""Ballast suları” dedikdə gəminin oturmasını, mayəllənməsini, yanalmasını, stabilliyini və ya konstruktiv gərginliklərini tənzimləmək məqsədilə göyərtədə bu məqsədlə nəzərdə tutulmuş xüsusi çənlərdə daşınan və tərkibində asılı hissəciklər olan su nəzərdə tutulur. Ballast suları və çöküntülərin tərkibindəki zərərli su orqanizmləri və patogenlərin aradan qaldırılması, zərərsizləşdirilməsi və ya onların qəbulu və ya buraxılmasının qarşısının alınması prosesi, fərdi və ya birgə şəkildə tətbiq olunan mexaniki, fiziki, kimyəvi və bioloji üsullar vasitəsilə həyata keçirilir. Ballast sularda mövcud olan müxtəlif su orqanizmləri və patogenlər bir dəniz mühitindən digərinə keçərək ekoloji tarazlığın pozulmasına, biomüxtəlifliyə, balıqçılıq təsərrüfatına və insan sağlamlığına mənfi təsir göstərə bilər. Preambula, 22 maddə və ballast sularının idarə olunması üzrə texniki tələblər, beynəlxalq standartlar və sertifikatlaşdırma qaydaları, o cümlədən Ballast Suları Uçot Kitabına dair əlavələrdən ibarət olan Konvensiyanın əsas məqsədi məhz belə halların qarşısının alınması və dənizin ekoloji mühitinin qorunmasıdır. Konvensiya ballast sularının idarə olunması sahəsində vahid beynəlxalq hüquqi çərçivə müəyyən edir. Konvensiyaya əsasən, sənədin tətbiq dairəsinə daxil olan gəmilər ballast sularının idarə olunması planına malik olmalı, ballast suları ilə bağlı aparılan bütün əməliyyatların uçotunu xüsusi kitabda qeyd etməli, beynəlxalq sertifikat almalı və müəyyən edilmiş qaydada mütəmadi yoxlamalardan keçməlidirlər. Ballast sularının idarə olunması beynəlxalq standartlara uyğun həyata keçirilməli, bu məqsədlə ballast sularının mübadiləsi və ya təsdiq edilmiş emal sistemlərindən istifadə edilməlidir. Eyni zamanda, insanların həyatının xilas edilməsi və ya gəminin təhlükəsizliyinin təmin olunması kimi hallarda ballast sularının axıdılmasına dair istisnalar da nəzərdə tutulur. Konvensiyanın tətbiq sahəsi, öhdəliklər, gəmilərin ballast suları və çöküntülər vasitəsilə zərərli su orqanizmləri və patogenlərin ötürülməsinə nəzarət, çöküntü qəbul qurğuları, elmi-texniki tədqiqat və monitorinq, yoxlama və sertifikatlaşdırma, pozuntuların aşkarlanması və gəmilərə nəzarət, texniki yardım və regional əməkdaşlıq, məlumatların ötürülməsi, mübahisələrin həlli, ratifikasiya, qoşulma və denonsasiyaya dair məsələlər Konvensiyanın müvafiq maddələrində qeyd olunmuşdur. Ölkəmizin bu Konvensiyaya qoşulması ballast sularının və çöküntülərinin idarə edilməsinin beynəlxalq standartlara uyğun təşkilinə, dəniz ekosisteminin mühafizəsinin gücləndirilməsinə və ölkənin beynəlxalq dəniz hüququndan irəli gələn öhdəliklərinin icrasına xidmət edəcəkdir".
11:44 10.07.2026
Oxunuş sayı: 79