NASA könüllü astronavtlar axtarır
"NASA" gələcək Ay və Mars missiyalarına hazırlıq məqsədilə Yer üzərində yaradılacaq süni bazada bir il qapalı şəraitdə yaşayacaq dörd könüllü axtardığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, proqramın ən tez 2027-ci ilin avqustunda başlanması planlaşdırılır.
Məlumata görə, "Ay və Mars Kəşfiyyatı Simulyasiyası" adlanan layihə ABŞ-nin Hyuston şəhərində yerləşən "Conson" Kosmik Mərkəzində həyata keçiriləcək. Simulyasiya astronavtların uzunmüddətli kosmik uçuş və başqa planetdə yaşam şəraitini mümkün qədər real şəkildə təqlid edəcək.
Proqram üç mərhələdən ibarət olacaq. İlk mərhələdə iştirakçılar Marsa səyahəti canlandırmaq üçün 60 kvadratmetrlik kosmik gəmi maketində yaşayacaqlar. Daha sonra onlar Mars səthini təqlid edən 84 kvadratmetrlik bazaya köçürüləcək, burada kənd təsərrüfatı ilə məşğul olacaq, sağlamlıqlarını izləyəcək və xüsusi hazırlanmış poliqonda kosmos yürüşlərini məşq edəcəklər.
Son mərhələdə isə eyni kosmik gəmi maketində Yerə "qayıdış" ssenarisi həyata keçiriləcək.
"NASA" layihə çərçivəsində Mars vaxt qurşağına uyğunlaşmanın insan orqanizminə təsirini də araşdıracaq. Məlumata görə, Marsda bir sutka Yer vaxtından təxminən 40 dəqiqə uzundur və bunun yuxu rejimi, eləcə də insanın iş qabiliyyətinə uzunmüddətli təsir göstərə biləcəyi ehtimal edilir.
Kosmik agentlik bildirib ki, layihədə iştirak edəcək namizədlər fiziki və psixoloji baxımdan astronavtlara yaxın göstəricilərə malik olmalıdırlar.
09:12 10.07.2026
Oxunuş sayı: 45