KİV: Krımda yanacaq qıtlığı, elektrik kəsintiləri böhranı dərinləşir
Fransanın "Le Monde" nəşri yazır ki, Ukraynanın zərbələrindən sonra işğal altındakı Krımda vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib.
Crossmedia.az xəbər verir ki, nəşr yarımadada yanacaq qıtlığı, elektrik kəsintiləri və turizm sahəsində ciddi problemlərin yarandığını bildirib.
Məqalədə qeyd olunur ki, əsas problemlərdən biri yanacaq çatışmazlığıdır. İşğalçı hakimiyyət benzinin satışına məhdudiyyət tətbiq edib. Krım sakinləri yanacağı Kerç körpüsü vasitəsilə gətirməyə çalışsalar da, Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrdən sonra qıtlıq ölkənin cənub bölgələrinə də yayılıb.
Nəşrin məlumatına görə, bəzi yanacaqdoldurma məntəqələri artıq Krım nömrə nişanlı avtomobillərə xidmət göstərməkdən imtina edir.
Bildirilir ki, yarımadada elektrik təchizatı ilə bağlı vəziyyət də ağırdır. Yarımstansiyalar və elektrik xətlərinə zərbələrdən sonra genişmiqyaslı elektrik kəsintiləri baş verib. Sahibkarlar generatorlardan istifadə etməyə məcbur olduqlarını, lakin yanacaq qıtlığı səbəbindən bunun da çətinləşdiyini bildirirlər.
Nəşr yerli sakinlərdən birinin sözlərini də sitat gətirib: "Siz bizə təhlükəsizlik və normal həyat vəd etmişdiniz. Amma indi boş yanacaqdoldurma məntəqələri, qorxu, blokpostlar, uzun növbələr və tam qeyri-müəyyənlik var."
"Le Monde" əlavə edir ki, yaranmış vəziyyət turizm sektoruna da ciddi zərbə vurub. Rusiya turizm operatorlarının məlumatına əsasən, rusiyalı turistlər Krıma səfərlərini getdikcə daha çox ləğv edir, bir çox hotellər isə demək olar ki, boş qalıb.
17:27 09.07.2026
Oxunuş sayı: 51