"Olimpiakos” “Qarabağ”ın hücumçusunu bəyəndi
“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahimov Yunanıstanın “Olimpiakos” klubunun düşərgəsindədir.
Crossmedia.az xəbər verir ki, Ağdam təmsilçisinin əvəzedici heyətində, U-19 komandasında və Azərbaycanın U-20 millisində çıxış edən futbolçu daha bir neçə gün Pirey klubunun düşərgəsində qalacaq.
Əli İbrahimov ötən mövsüm UEFA Gənclər Liqasında “Qarabağ”ın keçirdiyi altı oyunun beşində meydana çıxıb. O, həmin qarşılaşmaların ikisində start heyətində yer alıb, üçündə isə sonradan oyuna daxil olub.
Məlumata görə, gənc hücumçu “Olimpiakos”da sınaq müddətini uğurla başa vurarsa, ilkin mərhələdə klubun əvəzedici və U-19 komandalarında çıxış edəcək.
Yunanıstan təmsilçisinin nümayəndələri futbolçunu UEFA Gənclər Liqasındakı və milli komandadakı oyunları zamanı izləyərək bəyəniblər.
Qeyd edək ki, Əli İbrahimov karate üzrə 18-21 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elnur İbrahimin oğludur.
15:49 10.10.2026
Oxunuş sayı: 75