Yay turizmində yeni tendensiya: “Coolcation” Azərbaycana necə təsir edə bilər?
Son illər dünya turizmində “coolcation” adlandırılan yeni tendensiya sürətlə yayılmağa başlayıb. Bu anlayış yay aylarında həddindən artıq isti hava şəraitindən qaçaraq daha sərin iqlimə malik ölkələrə və bölgələrə səyahət etməyi ifadə edir. İqlim dəyişikliyi nəticəsində bir sıra ənənəvi yay istirahət məkanlarında temperaturun rekord həddə çatması turistlərin seçimlərinə də təsir göstərir. Bəs bu tendensiya Azərbaycanda da müşahidə olunurmu və ölkə turizmi üçün hansı imkanlar yarada bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, son illərdə yay aylarında sərin iqlimə malik ölkələrə marağın artması qlobal turizm bazarında formalaşan yeni istiqamətlərdən biridir.

Onun sözlərinə görə, xüsusilə yay mövsümündə temperaturun rekord həddə çatdığı ölkələrdə turistlər daha rahat hava şəraiti təklif edən istiqamətləri seçməyə başlayırlar.
“Bu tendensiya, həqiqətən, mövcuddur. İnsanlar həddindən artıq isti hava şəraitində istirahət etməkdə çətinlik çəkdikləri üçün daha sərin iqlimə malik ölkələrə üz tuturlar. Xüsusilə temperaturun yüksək olduğu regionlarda yaşayan turistlər yaşıllığı bol, təbiəti zəngin və havası sərin olan bölgələrdə dincəlməyə üstünlük verirlər. Bu seçim həm komfortlu istirahət, həm də daha keyfiyyətli turizm təcrübəsi baxımından əhəmiyyətlidir”, – deyə ekspert bildirib.
C. Aşurovun sözlərinə görə, bu tendensiyanın geniş yayılmasında nəqliyyat imkanlarının inkişafı da mühüm rol oynayır.
“Son illərdə aviasiya sektorunun inkişafı, beynəlxalq uçuşların sayının artması və yeni istiqamətlərin açılması turistlərin seçim imkanlarını xeyli genişləndirib. Bu gün insanlar dünyanın bir nöqtəsindən digərinə əvvəlki illərlə müqayisədə daha rahat və daha qısa müddətdə səyahət edə bilirlər. Buna görə də yayda sərin, qışda isə isti iqlimə malik ölkələri seçmək artıq adi turizm davranışına çevrilib”, – deyə o qeyd edib.
Ekspert əlavə edib ki, rəqəmsal texnologiyalar da insanların səyahət qərarlarına ciddi təsir göstərir.
“İnternet və smartfon texnologiyalarının inkişafı sayəsində insanlar istədikləri turizm istiqamətləri haqqında əvvəlcədən ətraflı məlumat əldə edə, hotelləri müqayisə edə, uçuş biletlərini və yerləşmə xidmətlərini onlayn bronlaşdıra bilirlər. Bu imkanlar turistlərə səyahətlərini turizm şirkətlərindən asılı olmadan planlaşdırmağa və fərdi marşrutlarını rahat şəkildə hazırlamağa şərait yaradır”, – deyə Ceyhun Aşurov vurğulayıb.
Mövzuya iqtisadi aspektdən münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə qeyd edib ki, “coolcation” tendensiyası iqlim dəyişikliyinin turizm sektoruna təsirinin bariz nümunələrindən biridir.

Onun sözlərinə görə, yay aylarında ekstremal istilər turistlərin istirahət vərdişlərini dəyişdirir və onlar artıq yalnız dəniz turizmini deyil, daha komfortlu hava şəraiti təklif edən istiqamətləri də nəzərdən keçirirlər.
“Yay aylarında ekstremal istilər həm rahat istirahəti, həm də açıq hava fəaliyyətlərini çətinləşdirir. Buna görə də turistlər artıq təkcə dəniz və günəş axtarmır, eyni zamanda sərin hava şəraiti, təbiət, dağlıq ərazilər və aktiv turizm imkanları təklif edən istiqamətlərə üstünlük verirlər. Məhz bu səbəbdən Skandinaviya ölkələri, İslandiya, Şotlandiya, Baltikyanı ölkələr və digər sərin iqlimə malik bölgələrə maraq artır”, – deyə o bildirib.
A. Nəsirli hesab edir ki, bu tendensiya Azərbaycanda da müəyyən dərəcədə hiss oluna bilər.
“Yay aylarında xaricə səyahət edən azərbaycanlı turistlər arasında sərin iqlimə malik istiqamətlərə marağın artması müşahidə oluna bilər. Digər tərəfdən, Azərbaycana gələn turistlər də isti hava şəraitindən yayınmaq üçün daha çox dağlıq və mülayim iqlimə malik bölgələri seçə bilərlər”, – deyə o qeyd edib.
İqtisadçı vurğulayıb ki, bu tendensiya ölkənin turizm sektoru üçün yeni imkanlar yarada bilər.
“Şəki-Zaqatala, Quba-Xaçmaz, Qusar, Lerik, Gədəbəy, Kəlbəcər və digər dağlıq ərazilər yay aylarında sərin və komfortlu hava şəraiti ilə seçilir. Bu bölgələr ekoturizm, kənd turizmi, yürüş marşrutları və sağlamlıq turizmi istiqamətində daha fəal tanıdılsa, Azərbaycan ‘coolcation’ trendindən faydalana bilər. İqlim dəyişikliyi fonunda turizm strategiyalarında yalnız dəniz turizminə deyil, dağ və təbiət turizminin inkişafına da xüsusi diqqət yetirilməlidir. Ölkəmiz öz təbii və coğrafi üstünlüklərindən səmərəli istifadə etməklə dəyişən turist tələbatına uyğunlaşa və yay turizmində rəqabət qabiliyyətini artıra bilər”, – deyə A. Nəsirli əlavə edib.
Fidan Abdullayeva
14:40 06.07.2026
Oxunuş sayı: 46