İranlı deputat: Ali rəhbərə qarşı siyasi çevriliş hazırlanır
İran parlamentinin sərt xətt tərəfdarı deputatı Kamran Qəzənfəri ölkənin ali rəhbərinə qarşı "siyasi çevriliş" həyata keçirildiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşdığı videoda danışıb.
Qəzənfərinin sözlərinə görə, ölkədə küçə dini mərasimlərinin miqyası azaldılır və ali rəhbərə bağlı qurumların təsiri zəiflədilir.
Deputat iddia edib ki, Prezident Məsud Pezeşkian və onun ətrafı Ali Milli Təhlükəsizlik Şurasının səlahiyyətlərini genişləndirməyə, ali rəhbərin və parlamentin rolunu isə azaltmağa çalışır.
"Onlar dövlətin ali rəhbərini kənarlaşdırmaq üçün plan hazırlayıblar. Məqsədləri Ali Milli Təhlükəsizlik Şurasını yeganə qərarverici orqana çevirməkdir. Bu, mərhələli şəkildə həyata keçirilən siyasi çevrilişdir. Xalq bu planın qarşısını almaq üçün səfərbər olmalıdır", – deyə Qəzənfəri bildirib.
O, həmçinin iddia edib ki, gecə keçirilən dini mərasimlərdə mərsiyəxanların və çıxışçıların iştirakdan imtina etməsi üçün böyük məbləğdə vəsait xərclənir.
Qəzənfərinin sözlərinə görə, "Bəsic" təşkilatına bu mərasimləri dəstəkləməmək barədə göstəriş göndərilib. O əlavə edib ki, parlament də son dörd ay ərzində faktiki fəaliyyət göstərmir ki, deputatlar onun sözlərinə görə, ali rəhbərə qarşı həyata keçirilən bu prosesə etiraz edə bilməsinlər.
Qeyd edək ki, Qəzənfərinin səsləndirdiyi iddialarla bağlı İran hakimiyyəti tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
11:21 03.07.2026
Oxunuş sayı: 58