Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər.
Bu barədə Crossmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-mayor G.Əbdülov Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı inam, etimad və dostluq münasibətlərinə əsaslandığını qeyd edib. O, Azərbaycanda hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onun müsbət nəticələrindən danışıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
General-leytenant B.Aktaş səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, uzun müddətdən sonra Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Ordusunun keçdiyi uğurlu inkişaf yolunun digər ölkələr üçün əsl nümunə olduğunu qeyd edən Türkiyə MMU-nun rektor müavini əməkdaşlığın bundan sonra da bir millət, iki dövlət devizi altında davam etdiriləcəyinə əminliyini bildirib.
Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, peşəkar kadr heyətinin hazırlanması, eləcə də təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin vacibliyi diqqətə çatdırılıb, maraq doğuran bir sıra mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
General-leytenant B.Aktaş xatirə kitabına ürək sözlərini yazdıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
15:46 02.07.2026
Oxunuş sayı: 38