Rusiya paytaxt Kiyevə genişmiqyaslı hava hücumu edib
Rusiya ordusu gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə qanadlı və ballistik raketlər, eləcə də pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində şəhərin Şevçenkovski, Desnyanski, Peçerski, Solomyanski, Svyatoşinski və Darnitski rayonlarında yaşayış binaları və mülki infrastruktur obyektləri zərər görüb.
Məlumata görə, hücum zamanı çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb, paytaxtın müxtəlif ərazilərində iri yanğınlar baş verib.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına əsasən, indiyədək 2 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığı təsdiqlənib. Yaralananlar arasında 5 tibb işçisi də var. Hücum nəticəsində ümumilikdə 28 mülki infrastruktur obyekti zərər görüb.
Hadisə yerlərində xilasedicilər işləyir, dağıntılar altında qala biləcək şəxslərin axtarışı və nəticələrin aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir.
12:24 02.07.2026
Oxunuş sayı: 50