QDTİB prezidenti: Azərbaycanla tərəfdaşlıq qarşılıqlı etimad üzərində qurulub
Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əməkdaşlıq vasitəsilə dayanıqlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.
Crossmedia.az xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Sərhat Köksal bu gün Bakıda keçirilən "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı" çərçivəsində keçirilən biznes forumda deyib.
O qeyd edib ki, karbohidrogen ehtiyatlarından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində görülən işlər investisiya və əməkdaşlıq üçün yeni imkanlar yaradır.
QDTİB Prezidenti vurğulayıb ki, Bankın Azərbaycanla əməkdaşlığı artıq 20 ildən çoxdur qarşılıqlı etimad, ortaq məqsədlər və özəl sektorun inkişafının transformativ roluna əsaslanan tərəfdaşlıq prinsipləri üzərində inkişaf edib. Onun sözlərinə görə, bu müddət ərzində QDTİB maliyyə institutları, istehsal, ticarət, energetika və digər sahələri əhatə edən çoxsaylı layihələri dəstəkləməklə yeni iş yerlərinin yaradılmasına, rəqabətqabiliyyətliliyin artırılmasına və dayanıqlı iqtisadi artımın təşviqinə mühüm töhfə verib.
S. Köksal Biznes Forumun Azərbaycanın gələcək inkişafının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayaraq tədbirin yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının dəyərləndirilməsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olduğunu qeyd edib.
11:21 02.07.2026
Oxunuş sayı: 44