I Bakı Türkoloji Qurultayının tarixi dəyəri və dərsləri
Türkoloji Qurultay haqqında düşünərkən fikrimizdə Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin parlaq tarixi canlanır. Cəmi 23 ay mövcud olsa da, Şərqdə ilk demokratik dövlət kimi tarixə düşən bu quruluş milli şüurun oyanışında və siyasi düşüncənin formalaşmasında silinməz iz qoydu. Cümhuriyyət haqqında nə qədər yazılsa da, onun əhəmiyyəti və xidmətləri zaman keçdikcə daha dərindən dərk olunur. 1926-cı ilin 26 fevral – 6 mart tarixlərində Bakıda keçirilən I Türkoloji Qurultay da məhz bu tarixi gedişin davamı idi.
Cəmi 8 gün davam edən möhtəşəm toplantı, əslində, bütöv bir əsrin düşüncə və ideya istiqamətlərinə təsir edən hadisəyə çevrildi. 100 il sonra onun doğurduğu elmi və mədəni rezonans daha da hiss olunmaqdadır.
Qurultay yalnız görünən tərəfləri ilə deyil, həm də dərin və bəzən gizli qalan ağrılı tərəfləri ilə də xüsusi əhəmiyyət daşıyır. O, türkologiya elminin sistemli inkişafına təkan verməklə yanaşı, türk xalqları arasında mədəni və mənəvi yaxınlaşmanın güclənməsində mühüm rol oynadı. 20-dən çox türk xalqının və başqa xalqların nümayəndələrinin qatıldığı toplantıda ortaq əlifba məsələsi – xüsusilə latın qrafikasına keçid ideyası, dil və ədəbiyyatın inkişafı, elmi əməkdaşlığın genişləndirilməsi kimi vacib mövzular geniş müzakirə edildi.
Qəbul edilən qərarlar təkcə elmi müstəvidə deyil, həm də ideoloji və mədəni sahədə yeni mərhələnin başlanğıcını qoydu. Bu baxımdan I Türkoloji Qurultay türk xalqlarının milli özünüdərkinin möhkəmlənməsində, ortaq kimlik şüurunun formalaşmasında mühüm dönüş nöqtəsi kimi tarixdə öz yerini qoruyub saxlayır.

1926-cı ildə keçirilən I Türkoloji Qurultay yalnız elmi müzakirələrlə deyil, həm də həmin ildə çəkilən “Birinci Türkoloji Qurultay” sənədli filmi ilə tarixə həkk olundu. Azərbaycan kinematoqrafiyasının ilk sənədli nümunələrindən sayılan bu ekran əsəri, türkologiya sahəsində beynəlxalq miqyaslı ilk toplantını əbədiləşdirərək Səməd ağa Ağamalıoğlu, Əli bəy Hüseynzadə, Fuad Köprülü, Xalid Səid Xocayev, Teodor Menzel, Bəkir Çobanzadə, Əziz Qubaydulin, Həbib Cəbiyev, Hüseyn Cavid, Fərhad Ağazadə kimi simaları da canlı şəkildə gələcəyə ötürdü.
Lakin sovet hakimiyyətinin ideoloji siyasəti nəticəsində I Türkoloji Qurultayın elmi və ictimai əhəmiyyəti uzun illər kölgədə saxlanıldı. Qurultayda qəbul edilən qərarlar, xüsusilə türk xalqlarının dil, əlifba və mədəni inteqrasiyasına dair irəli sürülən ideyalar pantürkizm kimi qiymətləndirilərək tənqid olundu. Qurultayın bir çox iştirakçıları 1930-cu illərin siyasi repressiyalarının qurbanına çevrildi, onların elmi irsi uzun müddət araşdırılmadı, adlarının çəkilməsi belə məhdudlaşdırıldı. Bu səbəbdən I Türkoloji Qurultay onilliklər ərzində elmi dövriyyədən kənarda qaldı və onun tarixi əhəmiyyəti obyektiv şəkildə qiymətləndirilmədi.
1970-ci ildən etibarən türkoloji elmdə baş verən müəyyən canlanma nəticəsində qurultayın fəaliyyətinə yenidən maraq göstərilməyə başlandı. Tədqiqatçılar bu mötəbər elmi toplantının XX əsrin əvvəllərində türk xalqlarının ortaq elmi düşüncəsinin formalaşmasında, türkologiyanın inkişafında və dilçilik elminin mühüm istiqamətlərinin müəyyənləşdirilməsində oynadığı rolu daha obyektiv şəkildə araşdırmağa başladılar. Bununla da qurultay tədricən elmi yaddaşa qaytarıldı və onun irsi yenidən qiymətləndirildi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra I Türkoloji Qurultaya münasibət tamamilə yeni məzmun qazandı. Qurultay artıq yalnız tarixi hadisə kimi deyil, Azərbaycanın elmi fikir tarixinin, milli-mədəni irsinin və Türk dünyasının inteqrasiya proseslərinin mühüm mərhələsi kimi dəyərləndirildi. Bu istiqamətdə dövlət səviyyəsində ardıcıl tədbirlər həyata keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ildə I Türkoloji Qurultayın 80 illiyinin, 2016-cı ildə isə 90 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamlar Qurultayın irsinin öyrənilməsinə və təbliğinə təkan verdi. Həmin sərəncamlara uyğun olaraq respublikada və xarici ölkələrdə beynəlxalq elmi konfranslar, simpoziumlar, sərgilər və müxtəlif elmi tədbirlər təşkil olundu, qurultayın materialları yenidən nəşr edildi, onun iştirakçıları və qəbul etdiyi qərarlar haqqında yeni tədqiqat əsərləri işıq üzü gördü.
Bu tədbirlər I Türkoloji Qurultayın təkcə Azərbaycan elmi üçün deyil, bütövlükdə Türk dünyasının ortaq elmi və mədəni irsi baxımından əhəmiyyətini bir daha təsdiqlədi. Eyni zamanda, türk xalqları arasında dil, əlifba, tarix, mədəniyyət və elmi əməkdaşlığın inkişafına, ortaq mənəvi dəyərlərin qorunmasına və türkologiya sahəsində yeni tədqiqat istiqamətlərinin formalaşmasına mühüm töhfə verdi. Bu gün Birinci Türkoloji Qurultay XX əsr türkoloji fikir tarixinin ən mühüm elmi hadisələrindən biri kimi qiymətləndirilir və onun ideyaları Türk dünyasında elmi-mədəni inteqrasiyanın inkişafı baxımından aktuallığını qoruyub saxlayır.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı 2026-cı ildə I Türkoloji Qurultayın 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını irəli sürərək bu mötəbər hadisəyə yeni məna qazandırdı. 22 oktyabr 2025-ci il tarixli sərəncamla yubileyin rəsmi şəkildə qeyd olunması təsdiqləndi və bununla da qurultayın tarixi irsi dövlət səviyyəsində yenidən diqqət mərkəzinə gətirildi.
I Türkoloji Qurultay müasir dövrdə türkologiya elminin inkişafına istiqamət verən mühüm platformaya çevrilmişdir. Bu prosesdə Azərbaycan tədricən regional çərçivədən çıxaraq beynəlxalq elmi mühitdə söz sahibi olan mərkəzlərdən biri kimi mövqeyini möhkəmləndirmişdir. Qurultayın yad edilməsi ənənəsi isə yalnız tarixə ehtiram deyil, həm də türk xalqları arasında mənəvi bağların gücləndirilməsinə xidmət edən canlı bir proses kimi davam edir.
“Xalq qəzeti” də I Türkoloji Qurultay mövzusuna xüsusi həssaslıqla yanaşaraq bu əlamətdar hadisəni səhifələrində geniş şəkildə işıqlandırmış, qəzet əməkdaşlarının və elm adamlarının müxtəlif baxış bucaqlarından onlarla yazı dərc etmişdir. Redaksiya eyni zamanda qəzetin əməkdaşı, Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Namiq Əhmədovun “I Türkoloji Qurultay: böyük birlik və repressiya olunmuş miras” kitabını hazırlamış və Türkiyənin Bilkənd Universitetinin professoru, Dövlət mükafatı laureatı Əmirulla Məmmədovun təşəbbüsü ilə Türkiyədə qürulmuş Azərbaycanlı Elm Adamları Dərnəyinin birgə layihəsi kimi çap etmişdir.
Yeri gəlmişkən, qeyd edək ki, bu kitab 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın elmi-siyasi mahiyyətini və tarixi rolunu geniş şəkildə təqdim edir və ilk dəfə olaraq qurultayın bütün rəsmi nümayəndələri haqqında ətraflı ensiklopedik məlumat verir. Kitabda qurultay iştirakçılarının sonrakı taleyi - repressiyalara məruz qalan ziyalıların faciəli həyat yolu da araşdırılır. Müəllif qurultayın türk xalqları arasında elmi və mədəni yaxınlaşmaya təsirini ön plana çəkir. Bu gün türk dövlətləri və xalqları arasında əməkdaşlıq, ortaq layihələr və elmi mübadilə proqramları həmin ideyaların davamı kimi qiymətləndirilir.
Kitab I Türkoloji Qurultayın tarixi rolunu, onun iştirakçılarının taleyini və Türk dünyasının intellektual inkişafına təsirini kompleks şəkildə təqdim edərək oxucuya geniş və dolğun baxış bucağı qazandırır. Ümumiyyətlə, “Xalq qəzeti” və Türkiyədə qurulmuş Azərbaycanlı Elm Adamları Dərnəyinin birgə layihəsi kimi çap olunmuş bu kitab, təkcə, publisistik marağın deyil, sistemli elmi yanaşmanın məhsulu kimi seçilir və qurultayın ictimaiyyətə təqdimində yeni mərhələ açır. Əlbəttə, hər bir ilk təşəbbüsdə olduğu kimi, burada da müəyyən elmi mübahisə doğura biləcək məqamlar mövcuddur. Qurultay nümayəndələrinin ensiklopedik səviyyədə sistemləşdirilməsi baxımından bu kitabın ilkin və əhatəli mənbələrdən biri olduğu diqqəti cəlb edir.
Maraqlı cəhətlərdən biri də odur ki, nəşrdə Vilayət Quliyev və Azər Turan kimi tanınmış tədqiqatçıların əhatəli araşdırmalarında yer almayan bəzi nümayəndələr haqqında da məlumatlar var. Kitabın digər mühüm üstünlüyü isə müxtəlif türk respublikalarından — Türkmənistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Yakutiya, hətta Türkiyədən gəlmiş nümayəndələr barədə daha geniş və dəqiq məlumatların təqdim edilməsidir. Bu yanaşma, indiyədək kifayət qədər işıqlandırılmayan məqamların üzə çıxarılmasına və I Türkoloji Qurultayın nümayəndələri haqqında daha dolğun mənzərənin formalaşmasına imkan yaradır.
Bu baxımdan “Xalq qəzeti”nin kitabxanası” seriyası çərçivəsində ərsəyə gələn bu nəşrin də I Türkoloji Qurultayın zəngin elmi irsinin yenidən dərk edilməsinə xidmət göstərəcəyinə inanırıq. Kitab, təkcə, mövcud bilikləri sistemləşdirmək məqsədi daşımır, yeni araşdırmalar üçün istiqamətlər müəyyənləşdirən, oxucu ilə tarixi yaddaş arasında canlı elmi dialoq yaradan bir mənbə kimi nəzərdə tutulmuşdur. Ən başlıcası isə, bu əsər I Türkoloji Qurultayın 100 illik yubileyinə ehtiramın və milli elmi irsə bağlılığın ifadəsidir.
Türkoloji Qurultaydan söz açarkən bu sahənin inkişafına töhfə verən alim və ziyalıların fəaliyyətini xatırlatmamaq mümkün deyil. İsa Həbibbəyli, Tofiq Hacıyev, Kamil Nərimanoğlu, Adil Babayev, Nizami Cəfərov, Muxtar İmanov, Əli Şamil, Ədalət Tahirzadə, Akif Aşırlı kimi tədqiqatçıların, eləcə də son illərdə Nadir Məmmədlinin gördüyü işlər bu istiqamətdə ardıcıl elmi ənənənin formalaşdığını göstərir. Bu mövzu təkcə akademik mühitlə məhdudlaşmayıb, həm də geniş ziyalı təbəqəsinin diqqət mərkəzində olub.
Anar, Rafael Hüseynov, Samir Tağızadə, Büludxan Xəlilov kimi simaların yazılarında da qurultay yalnız tarixi hadisə kimi deyil, həm də milli yaddaşın ağrılı və məsuliyyətli bir parçası kimi təqdim olunur. Əslində, bu mövzu ətrafında səslənən fikirlərdə bir ortaq cəhət aydın hiss olunur: itirilmiş və güllələnmiş bir dövrün faciəsi ilə yanaşı, gələcəyə yönəlmiş ümid və məsuliyyət duyğusu.
Türk dünyasının müxtəlif guşələrində yaşayan ziyalıların da münasibəti, qurultayın yalnız bir ölkənin deyil, bütöv Türk dünyasının ortaq yaddaş hadisəsi olduğunu göstərir. Bu baxımdan çoxsaylı misallarla siyahını uzatmaq mümkündür, lakin əsas məqam dəyişmir: I Türkoloji Qurultay düşüncə və kimlik tariximizin canlı mövzusu olaraq qalır.
Əflatun AMAŞOV,
“Xalq qəzeti”nin baş redaktoru
16:18 30.06.2026
Oxunuş sayı: 53