İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
FIFA-nın prezidenti Canni İnfantino FIFA-ya göstərdiyi dəstəyə və 2026-cı ildə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatına və festivalına Bakının ev sahibliyi etməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Crossmedia.az bu barədə İnfantino Bakıda Prezident İlham Əliyevlə görüşündən sonra "Instagram" səhifəsində paylaşdığı yazıda bildirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bakıda görüşərək FIFA-ya göstərdiyi dəstəyə və ilk dəfə keçiriləcək 2026-cı il FIFA U-15 Dünya Çempionatına və festivalına ev sahibliyi etdiyinə görə ona təşəkkür etmək mənim üçün böyük şərəf idi!” - deyə İnfantino yazıb.
O qeyd edib ki, Prezident İlham Əliyev gənclərə imkanlar yaradılmasında və icmaların birləşdirilməsində futbolun rolunu yüksək qiymətləndirir.
İnfantino həmçinin futbolun inkişafı istiqamətində layihələrin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında davam etdirilməsinə Prezident İlham Əliyevin dəstəyindən məmnun olduğunu bildirib.
Qeyd edək ki, tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 24 oktyabr 2026-cı ildə Azərbaycanda start götürəcək. FIFA-nın yeni turniri dünyanın müxtəlif ölkələrindən gənc futbol istedadlarını bir araya gətirəcək və bütün üzv assosiasiyalara beynəlxalq səviyyədə mübarizə aparmaq imkanı verəcək. 2028-ci ildən etibarən turnirin oğlanlar və qızlar arasında hər il keçirilməsi planlaşdırılır.
Yarış çərçivəsində innovativ 8x8 formatından istifadə olunacaq və hər hissə 20 dəqiqə davam edəcək. Altı oyun günü ərzində Bakının Hövsan İdman Kompleksində təxminən 1 000 matçın keçirilməsi planlaşdırılır. Açılış və oktyabrın 30-da keçiriləcək final oyunu Bakı Kristal Zalında baş tutacaq.
Turnirdə 3 000-dən çox gənc futbolçunun, məşqçinin və rəsmilərin iştirakı gözlənilir. Komandalar əvvəlcə qrup mərhələsində mübarizə aparacaq, daha sonra nəticələrə əsasən turnirin ikinci mərhələsində altı performans səviyyəsi üzrə bölünəcəklər. Bütün komandalar son oyun gününədək mübarizəni davam etdirəcək, A səviyyəsinin qalibi isə FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu elan olunacaq.
Turnirin əsas məqsədlərindən biri FIFA-ya üzv ölkələrə beynəlxalq yarışlarda iştirak təcrübəsi qazandırmaq və gənc futbolçuların inkişafı üçün şərait yaratmaqdır. Yarışların təşkilində təxminən 250 könüllünün iştirakı nəzərdə tutulur. Azərbaycanın 2027-ci ildə Özbəkistanla birgə FIFA U-20 Dünya Çempionatına ev sahibliyi edəcəyini nəzərə alaraq, U-15 turnirinin ölkədə keçirilməsi beynəlxalq futbol yarışlarının təşkili istiqamətində ardıcıllığın təmin olunmasına da xidmət edir.
17:02 29.09.2026
Oxunuş sayı: 43