Donetskdə “Vivaldi” şoku: Ukrayna Rusiyanın hücum planını alt-üst edir?
Ukrayna ordusunun Donetsk vilayətinin şimalında keçirdiyi “Vivaldi” əməliyyatında yeni irəliləyişlər qeydə alınıb. Ukraynanın 3-cü Ordu Korpusunun məlumatına görə, əməliyyatın son mərhələsində Nove, Ridkodub və Katerynivka yaşayış məntəqələri azad edilib, Karpivka və Novomykhailivka üzərində isə nəzarət bərpa olunub. Son mərhələdə 51 kvadratkilometr əraziyə nəzarətin geri qaytarıldığı, əməliyyatın əvvəlindən etibarən bu göstəricinin 176 kvadratkilometrə çatdığı açıqlanıb. Əməliyyatın əsas döyüş sahələrindən biri Lıman istiqamətidir. Müharibəni izləyən müstəqil analitiklər “Vivaldi”nin yalnız ərazi əldə etmək baxımından deyil, Rusiyanın Donbasdakı əməliyyatlarının gedişinə təsir baxımından da əhəmiyyət daşıya biləcəyini bildirirlər. ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Ukraynanın əks-hücum taktikasındakı dəyişikliklərin Rusiya qüvvələrinin əməliyyat imkanlarını məhdudlaşdırmağa yönəldiyini qeyd edib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Ukraynanın Donetsk istiqamətindəki son irəliləyişlərinin əsas hərbi əhəmiyyəti ərazi qazanclarından daha çox Rusiyanın hücum planının ritmini və istiqamətini dəyişmək potensialında görünür:

"Ukrayna tərəfinin məlumatına görə, “Vivaldi” əməliyyatının məqsədlərindən biri Rusiyanın Donbasdakı əsas müdafiə xəttini şimaldan çevrələmək cəhdlərini pozmaqdır. Bu baxımdan ilk nəticə Rusiyanın qüvvələrini yenidən bölüşdürmək məcburiyyətində qalması ola bilər. Rusiyanın Donetskdə paralel istiqamətlərdə hücum aparmaq üçün müəyyən sayda qüvvəyə ehtiyacı var. Ukrayna isə şimal istiqamətində əks-hücumları genişləndirərək Rusiya bölmələrini həmin əraziyə cəlb edərsə, bu, bir sıra istiqamətlərdə Rusiyanın hücum tempini zəiflədə bilər. Hazırda Rusiya qüvvələrinin Donetskdə irəliləməyə çalışdığı, lakin bəzi sahələrdə əhəmiyyətli nəticə əldə edə bilmədiyi barədə müstəqil qiymətləndirmələr də mövcuddur".
Politoloq qeyd edib ki, ikinci mühüm məsələ logistika və kommunikasiya xətləridir. Müharibənin bu mərhələsində bir neçə kilometr ərazi qazanmaqdan daha vacib məsələ həmin ərazidən istifadə edərək qarşı tərəfin təchizat marşrutlarına, komanda məntəqələrinə, artilleriya və pilotsuz uçuş aparatı mövqelərinə təzyiq göstərməkdir: "Ukrayna son günlər Donetskdə Rusiya radarlarına, PUA idarəetmə məntəqələrinə, sursat və logistika anbarlarına zərbələr endirdiyini açıqlayıb. Bu zərbələr quru qoşunlarının əldə etdiyi taktiki üstünlüyün möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla belə, Ukraynanın irəliləyişini cəbhədə qüvvələr nisbətinin köklü dəyişməsi kimi qiymətləndirmək hələ tezdir. Rusiya hələ də böyük canlı qüvvə, artilleriya, aviasiya və PUA imkanlarına malikdir və Donetskdə hücum əməliyyatlarını davam etdirir. Deməli, hazırkı mərhələdə daha düzgün yanaşma budur ki, Ukraynanın Donetskdəki əks-hücumları Rusiyanın əməliyyat planını çətinləşdirir, onu əlavə qüvvə və resurs ayırmağa məcbur edə bilər və Donbasdakı hücum tempini zəiflətmək potensialına malikdir. Lakin bunun strateji dönüşə çevrilməsi üçün Ukraynanın əldə etdiyi mövqeləri qoruması, logistika xətlərini genişləndirməsi və Rusiyanın əks-hücumlarına davam gətirməsi həlledici olacaq. Başqa sözlə, hazırkı hadisələri Rusiyanın Donetskdəki əməliyyatlarının dayandırılması deyil, həmin əməliyyatların daha baha başa gələn və daha çox resurs tələb edən mərhələyə keçməsi kimi xarakterizə etmək daha düzgün olar".
Zeynəb Həsən
16:30 29.09.2026
Oxunuş sayı: 46