Avropanı bürüyən rekord istilər: ölüm halları artır
Avropanın bir sıra ölkələrində müşahidə olunan anormal istilər nəticəsində fövqəladə tədbirlər görülüb. Lakin ölüm halları artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Fransada temperaturun tarixi rekordlara çataraq +44°C-yə yüksəldiyi bildirilib. Havanın kəskin istiləşməsi səbəbindən bir sıra şəhərlərdə “iqlim sığınacaqları” açılıb, hovuzlara pulsuz giriş təmin edilib və nəqliyyat sistemində fasilələr yaranıb.
Almaniyada yüksək temperaturun təsiri ilə yol infrastrukturunda və bəzi avadanlıqlarda zədələnmələr qeydə alınıb, polis isə şəhər əhalisini sərinlətmək üçün su şırnaqlarından istifadə edib.
Rəsmi məlumatlara görə, Avropanın 26 ölkəsində isti hava ilə bağlı fövqəladə xəbərdarlıqlar verilib, uşaq bağçaları bağlanıb və ictimai xidmətlərdə məhdudiyyətlər tətbiq olunub.
Bildirək ki, Fransada təxminən 1000 nəfər, İspaniyada 327 nəfər, İtaliyada isə onlarla insan yüksək temperatur və istilik vurması səbəbilə həyatını itirib.
21:00 28.06.2026
Oxunuş sayı: 54