Haqqın sönməyən işığı: Təzəpirə doğru mənəvi yürüş - REPORTAJ
Bu gün Aşuradır... Zamanın dayandığı, tarixin ən böyük kədərinin qəlblərə köçdüyü o müqəddəs matəm günü. Tam 1400 il əvvəl, Kərbəlanın qızmar qumları üzərində haqq carçıları susuz qaldı, oxlandı, doğrandı. Hətta beşikdəki südəmər körpələrin belə günahsız qanına qəsd etdilər. Zülmün tərəfdarları elə düşünürdülər ki, o mübarək canları məhv etməklə ətrafa yayılan nuru, imanı birdəfəlik söndürəcəklər. Nahaqlar zənn edirdi ki, qılınc zərbələri ilə haqqın səsini boğacaq, İslamın uca bayrağını yerə endirəcəklər.
Lakin unutduqları bir həqiqət var idi: Haqqın nurunu üfürməklə söndürmək olmazdı. Bir müqəddəs ailənin amansızca qətli, əsrlər sonra — bu gün milyonlarla insanı eyni amalın, eyni işığın ətrafında birləşdirdi.

İzdihamın içindəki səssiz dua
Mən də bu gün, 1400 il əvvəl boğulmağa çalışılan, lakin zamanı aşaraq gələn o haqq səsinin bir zərrəsi, bir nümayəndəsi kimi məscidə doğru yollanıram. Mənəviyyat yürüşü hələ metronun çıxışından başlayır. İnsan seli Təzəpir məscidinə doğru xəfif, aram addımlarla irəliləyir. Ən diqqətçəkən isə o idi ki, insanlar dua etmək üçün məscid divarlarına çatmağı gözləmirdilər; elə yoldaca əllərini Uca Yaradanın dərgahına açır, qəlblərindəki pıçıltıları göylərə ucaldırdılar. Addım-addım haqqın daim qalib gəldiyi o müqəddəs evə, Allahın evinə doğru axırdıq. Mən də o böyük, dalğalı mənəvi izdihamın içində bir damla idim. Məscidə çatmamış yol kənarlarında fərqli bir mənzərə mənəviyyatı daha da gözəlləşdirirdi. Böyük ürəkli insanların kiçik masalar arxasında qurduğu ehsan süfrələri hər addımbaşı idi. Masaların üzərinə sular, şirniyyatlar və müxtəlif təamlar düzülmüşdü. Küçənin bir ucundan digər ucuna ucalan o səmimi səs ruhu oxşayırdı:

“İmam Hüseyn ehsanından hər kəs dadsın, buyurun!”
Mən də yaxınlaşıb bir şirniyyat götürdüm. Nə ac idim, nə də canım şirniyyat istəyirdi... Məni o masaya çəkən, o şirniyyatın yoğrulduğu pak niyyət, ülvi mahiyyət idi.
Təzəpir həyətində göyə ucalan dualar
İzdihamla birgə addımladıqca şəhərin ritminin də dəyişdiyini hiss edirdim. Maşınlar yollarda tıxacda qalmışdı, sanki metal karvanları da bu günün ağırlığı qarşısında baş əymişdi. Hər kəsin məqsədi eyni idi: məscidə çatmaq və ehtiyacı olanlar üçün qan vermək.
Nəhayət, Təzəpir məscidinin geniş həyətinə daxil oldum. Məscidin o əzəmətli həyəti yavaş-yavaş insan selinə sinə gərirdi. Baş tərəfdə məscid axundunun yanıqlı səslə oxuduğu mərsiyə göyün üzünə bülənd olurdu. O səs qəlblərə toxunduqca, həyətdəki insanlardan kimi göz yaşlarını saxlaya bilmir, kimi isə kədərlə sinəsinə vururdu. Bura toplaşanlar 1400 il əvvəl Kərbəlada söndürülməyə çalışılan o böyük ulduzun bu gün yer üzünə səpələnmiş canlı şölələri idi. Başımızın üstündə bürkü, yandırıcı yay günəşi olmasına, həyətdə bir bənd kölgə tapılmamasına baxmayaraq, insanlar zərrə qədər də şikayət etmədən, saatlarla o qızmar günəşin altında dayanırdılar. Çünki qəlblərdəki Hüseyn atəşi, zahiri günəşin hərarətindən qat-qat güclü idi.
Qan vermə məntəqəsi: Bir canın digər cana hədiyyəsi
Bir az həyətdə dayanıb o atmosferi ruhuma çəkdikdən sonra, əsl vəzifəmi yerinə yetirmək üçün qanvermə məntəqəsinə doğru aşağı endim. Hər il mütəmadi olaraq Aşura günündə qan verdiyim üçün proseduru yaxşı bilirdim. Məntəqəyə daxil olanda burada da böyük bir insan izdihamı ilə qarşılaşdım. Heyrətamiz bir fəlsəfə var idi bu mənzərədə: əsrlər əvvəl zalımca sındırılan, axıdılan Həzrəti Hüseynin müqəddəs qanı, bu gün ona inanan, onu sevən fədakar insanlar tərəfindən misilləmə şəklində, tanımadıqları xəstə və ehtiyacı olan insanların damarlarına həyat bəxş etmək üçün axırdı. Zülm qan axıtmışdı, iman isə o qanla can verirdi.

İçəri daxil olub növbəyə dayandım. İlk olaraq həkimlər tərəfindən təzyiq ölçülür, son 3 ayda qan verib-vermədiyiniz soruşulur. Daha sonra barmaqdan kiçik bir qan nümunəsi alınaraq təhlil edilir və bədənin qan verməyə uyğunluğu yoxlanılır. Tibbi təsdiqdən sonra rəsmi qeydiyyat mərhələsi gəlir və yalnız bundan sonra o izdihamlı, lakin nizamlı növbədə durmağa haqq qazanırsan. Məntəqədəki ab-hava isə tamamilə fərqli bir dünya idi. Tibb bacıları, məntəqə nümayəndələri, asayişi qoruyan polis əməkdaşları... Hamının üzündə qəribə bir razılıq, sonsuz bir mehribanlıq və təbəssüm var idi. Çünki hamımız bilirdik ki, bura saf, təmiz və ülvi bir məqsəd üçün toplaşmışıq. İnsanlar bir-biri ilə hər zamankından daha nəzakətli, daha səbrli davranır, sakit səslə müxtəlif mövzulardan müdrikliklə söhbət edirdilər. Çünki hər kəs bu günün dərin mahiyyətini, mənəvi məsuliyyətini ruhən dərk edirdi.
Əbədi yaşayan haqq
Nəhayət, növbəm çatdı. Tibb çarpayısına uzandım və damarımdan süzülən qanın başqa bir bədəndə ümid çırağı yandıracağını düşünərək qanımı verdim. Prosedur bitdikdən sonra tibbi qaydalara uyğun olaraq şirniyyat, şokolad və isti çay təklif olundu. Həkimlərin tövsiyəsi ilə hər hansı bir halsızlıq olmasın deyə bir neçə dəqiqə oturdum, bədənimin özünü bərpa etdiyindən əmin oldum. Ayağa qalxıb məntəqədən çıxanda gün artıq yarı olmuşdu. Məsciddən ucalan o yanıqlı mərsiyə səsləri mən uzaqlaşdıqca yavaş-yavaş zəifləyir, eşidilməz olurdu. Lakin mənim daxilimdə tamamilə fərqli bir səs ucalırdı. Yol boyu addımladıqca bu günün böyük mahiyyətini, zalımların torpağa gömmək istədiyi haqqın necə min illərlə yaşadığını və heç vaxt ölməyəcəyini düşünərək mənəvi bir rahatlıqla oradan uzaqlaşdım...
Ayhan
14:04 25.06.2026
Oxunuş sayı: 66