Məhərrəm ayının tarixi mahiyyəti və Kərbəla hadisəsi
Məhərrəmlik. Dünyadakı bütün şiələrin matəm saxladığ ay. Bu ayın mahiyyət və əhəmiyyəti İslam dinindən çox əvvələ gedib çıxır. Elə məhz buradan başlayaq: “Məhərrəm” ayı İslam təqviminin (Hicri təqvim) birinci ayıdır və yeni ilin başlanğıcını bildirir. “Məhərrəm” sözü ərəbcədən tərcümədə “haram edilmiş”, “qadağan olunmuş” mənasını verir. Qurani-Kərimin “Tövbə” surəsində qeyd olunan dörd müqəddəs aydan biri hesab olunur. Bu aylarda müharibə və qan tökmək qadağan edilmiş, insanların mənəvi saflaşmasına xüsusi diqqət yetirilmişdir. Digər müqəddəs aylar Zülqədə, Zülhiccə və Rəcəb aylarıdır. İslam ənənəsində müqəddəs aylarda yaxşı əməllərin savabının daha böyük, günahların isə daha ağır hesab edildiyi vurğulanır. Məhərrəm ayı İslamdan əvvəlki dövrdə də müqəddəs qəbul edilirdi. Bu ay yeni başlanğıclar, mənəvi yenilənmə və ibadətin artırılması üçün mühüm zaman hesab olunur. İslam mənbələrində Məhərrəm ayı “Allahın ayı” kimi qeyd olunur. Hədislərdə Ramazan ayından sonra ən fəzilətli orucun bu ayda tutulduğu bildirilir. Xüsusilə Məhərrəmin 10-cu günü – Aşura günü – tutulan oruc böyük savab hesab edilir. Rəvayətlərə görə, Məhəmməd Peyğəmbər Aşura orucu ilə birlikdə 9 və ya 11-ci günün də tutulmasını tövsiyə etmişdir. Aşura günü həmçinin Musa peyğəmbərin və İsrail övladlarının Fironun zülmündən xilas olması ilə əlaqələndirilir. Bu ayda Quran oxumaq, zikr etmək, sədəqə vermək və əlavə ibadətlərə üstünlük verilməsi tövsiyə olunur.
Bütün bu fəzilətlərlə yanaşı Məhərrəm ayının tarixi əhəmiyyəti həm də Hicrətin 61-ci ilində, yəni 680-ci ildə baş verən Kərbəla hadisəsi ilə bağlıdır. Əməvi hökmdarı Müaviyənin ölümündən sonra oğlu Yezid hakimiyyətə gəldi. Onun irsi idarəçiliyi və siyasi yanaşması müsəlman cəmiyyətində narazılıq yaratdı. Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu olan İmam Hüseyn Yezidə beyət etməyi qəbul etmədi və hakimiyyətin İslamın mahiyyətinə uyğun olmadığını bildirdi. Kufə əhalisinin dəvəti ilə Məkkədən İraqa doğru yola çıxan İmam Hüseynin karvanı Kərbəla çölündə mühasirəyə alındı. Məhərrəmin 10-u – Aşura günü – onunla birlikdə olan yaxınları və tərəfdarları şəhid edildi.
Klassik mənbələrdə qeyd olunur ki, bu hadisə təkcə siyasi qarşıdurma deyil, həm də haqq, ədalət və dini prinsiplərin qorunması uğrunda mübarizə idi. İmam Hüseynin “Mən islah üçün çıxmışam” fikri bu mövqenin əsas ideyası kimi qəbul edilir.
Kərbəlanın sonrakı təsirləri və matəm ənənəsi
Kərbəla hadisəsi İslam dünyasında dərin iz buraxdı və sonrakı dövrlərdə müxtəlif ictimai-siyasi proseslərə təsir göstərdi. Kərbəla hadisəsindən 1400 il keçməsinə baxmayaraq bu gün də dünyadakı şiələr matəm saxlayır, müəyyən xatirə yığıncaqları təşkil edirlər. İmam Hüseynin şəhadətindən sonra müxtəlif etirazlar və hərəkatlar meydana çıxdı. Zamanla Məhərrəm və xüsusilə Aşura günü matəm və xatirə mərasimləri ilə qeyd olunmağa başladı. Bu mərasimlərdə mərsiyə, növhə və dini çıxışlar vasitəsilə Kərbəlanın mənəvi mesajı yaşadılır. Müasir dövrdə bir çox müsəlman cəmiyyətlərində Məhərrəm ayı yalnız matəm deyil, həm də sosial həmrəylik, qanvermə aksiyaları, xeyriyyəçilik və ehtiyac sahiblərinə yardım kimi fəaliyyətlərlə qeyd olunur.
Məzhəbi yanaşmalar və ortaq dəyərlər
Şiə ənənəsində Kərbəla və İmam Hüseyn şəxsiyyəti dini kimliyin əsas sütunlarından biri hesab olunur. Sünni ənənəsində isə Aşura günü ibadət və oruc ilə qeyd edilir, İmam Hüseyn Peyğəmbərin sevimli nəvəsi və böyük şəxsiyyət kimi hörmətlə anılır. Hər iki yanaşmanın ortaq nöqtəsi İmam Hüseynə ehtiram, ədalətə bağlılıq və haqsızlığa qarşı mövqedir. Məhərrəm ayı və Kərbəla hadisəsi İslamın mənəvi dəyərlərini – ədaləti, fədakarlığı, islahatı və haqsızlığa qarşı müqaviməti simvolizə edir. Bu hadisə yalnız tarixi faciə deyil, həm də müxtəlif nəsillər üçün mənəvi və etik mesaj daşıyan bir yaddaşdır.
Ayhan
13:00 22.06.2026
Oxunuş sayı: 47