Donor olan gənc gündəm yaratdı
Tanınan bloger Nərmin Əliyevanın bacısı Məryəmin ölümü çoxlarını sarsıtdı. Lakin onun fədakar ailəsi ən dərin ağrının, o dözülməz qaranlığın içində elə bir ümid çırağı yandırdı ki, ölümün o lal səssizliyi birdənbirə həyatın sədasına çevrildi. Onlar fani bir cismin torpağın qoynunda yox olmasındansa, başqa çarəsiz bədənlərdə döyünən ürəyə, nəfəs alan ciyərə, dünyanı görən gözə çevrilməsini seçdilər — Məryəmin orqanlarını bağışladılar. Ailənin və bacısının bu ağır günlərdə dilə gətirdiyi o misralar isə əslində fəlsəfi bir manifest idi:
“Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi. Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq”.
İndi Məryəmin o pak, o gözəl ürəyi haradasa, tamamilə yad bir köksdə döyünür.
Onun dünyanı sevgiylə seyr edən gözləri qaranlığa məhkum olan birinin pəncərəsinə çevrilib. İllərdir xəstəxana palatalarının ağ divarları arasında, reanimasiya işıqlarının altında bir möcüzə sorağı ilə yaşayan, hər gün ölümün kölgəsini hiss edən o çarəsiz insanlar üçün bu addım sadəcə tibbi bir transplantasiya deyil. Bu, taleyin onlara uzatdığı ən böyük həyat sovqatıdır. O, gedərkən özü ilə bir faciə aparmadı, arxasında adı bilinməyən, üzü görünməyən insanların gizli qəhrəmanına çevrildiyi bir humanizm abidəsi ucaltdı.
Həyat bəzən ən böyük zülmətlərin içindən belə bir işıq doğura bilir. Məryəmin bu son və ən gözəl hədiyyəsi cəmiyyətdəki bir çox daşlaşmış qəlibləri, sümükləşmiş qorxuları və dogmaları bir andaca darmadağın etdi. İndi bu xəbəri oxuyan minlərlə insan eyni empatiya hissi ilə sarsılır, ruhunu eyni sualla başbaşa qoyur: “Biz gedərkən arxamızda necə bir iz qoyuruq?” və “Bir başqasının dünyasını işıqlandırmaq üçün nə etməliyik?”

Məryəm və ailəsi arxalarında ölümün deyil, məhz həyatın qalib gəldiyi bir dünya qoyub getdilər. Bəs görəsən, bu insanlıq körpüsü, bu böyük fədakarlıq mexanizmi ölkəmizdə hüquqi və praktiki olaraq necə tənzimlənir? Biz bu əbədiyyət karvanına necə qoşula bilərik?

Bu barədə Crossmedia.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslamda bir insanın həyatını qurtarmaq, bütün insanlığı qurtarmaq kimidir: "Belə faciəvi bir məqamda ailənin bu cür fədakar addım atması ölkəmizdə rezonans doğuracaq qədər böyük və nümunəvi bir hadisədir. Uca Yaradan Qurani-Kərimin Maidə surəsinin 32-ci ayəsində bir insanın həyatını qurtarmağı bütün insanlığın həyatını qurtarmaq kimi vurğulayır. Bir nəfərin əslində altı insana xilas yolu olması həqiqətən böyük bir fədakarlığın ifadəsidir. İslam dinində ayinlər, ibadətlər var və insanlar əxlaqi dəyərləri əxz eləmək, ruhunu şəkilləndirməyə çalışmaq üçün bu ibadətləri yerinə yetirirlər. Amma bəzən elə bir yaşatma ruhu ortaya çıxır ki, bir çox ibadət edən insanın əlinin çatmadığı bir ucalıqda, fədakar bir ruh gerçəkdən fövqəladə bir addım atır".
İlahiyyatçı qeyd edib ki, orqan donorluğu ölkəmizdə uzun müddətdir mübahisələrə səbəb olan mövzulardan biridir:
"Biz bunu dəfələrlə vurğulamışıq; necə ki, insan insana qan verib onun həyatını qurtarır, donorluq da bu sahədə insanın həyatını xilas edəcəksə, çox gözəl və bəyənilən bir əməldir. Ancaq burada önəmli bir məqamı qeyd etmək lazımdır. İslam dinində vəfat edən bir insanın vəsiyyət olaraq öz orqanını hədiyyə verməsi məqbul haldır, lakin bir şərtlə ki, o orqan heç zaman bazara çevrilməyəcək, alınıb-satılmayacaq. İnsan bədəninin dəyəri çox alidir. O, yalnız və yalnız hədiyyə edilə bilər. İnsan vücudu üzərindən hansısa bir bazarlıq haramdır, yasaqdır, ancaq təmənnasız hədiyyə edilməsinə gəlincə, bu caizdir, icazəlidir".

Hüquqşünas Ülvi Nağıyev isə bildirib ki, şəxsin donorluq qərarı ailənin rəyindən üstün tutulur: "Məryəm Əliyevanın donorluq təşəbbüsünü yüksək qiymətləndirirəm. Həm sağlığında, həm də ölümündən sonra donor olan şəxslər kifayət qədərdir. Azərbaycan qanunvericiliyi bunu qadağan etmir, lakin müəyyən şərtlər var ki, bunların da birincisi yaş və fəaliyyət qabiliyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, yetkinlik yaşına çatmış şəxsin sağlığında könüllü olaraq verdiyi donorluq qərarı ölümündən sonra ailəsinin qərarından üstün tutulur. Bu məsələdə son söz ailənin deyil, şəxsin özünündür”.
Hüquqşünas qanunun tələblərini və rəsmi prosedurları da izah edib: ““İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən donor həm canlı, həm də meyit donor ola bilər. Yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya bundan imtinası xüsusi ərizə ilə rəsmiləşdirilir və bu ərizə vahid dövlət informasiya bazasına daxil edilir. Şəxsin sağlığında verdiyi donorluq barədə razılığı əgər ölümünə qədər geri götürülməyibsə, bu zaman onun ölümündən sonra ailəsinin deyil, özünün sağlığındakı qərarı əsas götürülür. Ailənin razılığı və ya qərarı yalnız o zaman nəzərə alınır ki, şəxs sağlığında donorluq barədə hər hansı bir razılıq və ya imtina ərizəsi verməmiş olsun”.

Sosioloq Hüseyn İbrahimovun fikrincə isə bu addım cəmiyyətimiz üçün yüksək əhəmiyyətli bir donorluq mədəniyyəti nümunəsidir: "Ağır qəza xəbərindən sonra mərhumun ailəsi tərəfindən atılan bu addım, ilk növbədə, olduqca humanist bir hərəkətdir. İnsanlar zaman-zaman sosial həmrəyliklərini, bir-birlərinə olan diqqət, ehtiram və humanizmini artırmaq üçün müxtəlif üsullardan istifadə ediblər. Bu gün həmin üsullar sırasına donor ola bilmək kimi mühüm bir məsələ də əlavə olunub. Təbii ki, bu, dünyasını dəyişən şəxs tərəfindən qabaqcadan könüllü olaraq və ya onun ailə üzvləri tərəfindən atıla biləcək bir addımdır. Bütün hallarda bu hərəkət həm mənəvi, həm də hüquqi baxımdan olduqca əhəmiyyətli bir hadisədir”.
Sosioloq vurğulayıb ki, ölkəmizdə hər il minlərlə insanın müxtəlif xeyriyyə və qanvermə aksiyalarında iştirak etməsi də daxili humanizmin göstəricisidir: “İnsanların digərlərinin yaşaması naminə özlərinin və ya yaxınlarının müvafiq orqanlarını bağışlamağa razı olması cəmiyyətdə donorluq mədəniyyətinin formalaşmasının əsas göstəricisidir. Donorluq hüququ və donorluq mədəniyyəti bir-biri ilə çox sıx bağlı anlayışlardır. Donorluq mədəniyyəti yayılan cəmiyyətlərdə bu hüququn reallaşması və hərəkət mexanizmləri daha uyğun, daha real xarakter alır. Bu baxımdan, baş verən hadisə sadəcə humanist bir addım deyil, həmçinin cəmiyyətimiz üçün olduqca yüksək əhəmiyyətli bir donorluq mədəniyyəti nümunəsidir”.
Ayxan İbişov
10:49 22.06.2026
Oxunuş sayı: 98