Starmerdən sərt addım: 16 yaşdan aşağılar sosial şəbəkələrdən kənar qala bilər
Böyük Britaniyanın Baş naziri Kir Starmer 16 yaşdan kiçiklərin sosial media platformalarına girişini qadağan etməyə yönəlmiş sərt yeni planı açıqlayıb. Məqsəd uşaqları onlayn risklərdən qorumaq və onlara “uşaqlıq illərini geri qaytarmaq”dır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Plan çərçivəsində TikTok, Snapchat və Instagram kimi populyar platformalara 16 yaşdan aşağı şəxslərin tam girişinin bloklanması nəzərdə tutulur. Eyni zamanda hökumət onlayn oyun və canlı yayım xidmətlərinə də ciddi məhdudiyyətlər tətbiq edəcək. Bu platformalarda tanımadığı şəxslərin uşaqlarla birbaşa əlaqə qurması məsələsi xüsusi nəzarətə alınacaq.
Baş nazir bildirib ki, hökumət artıq bu prosesə başlamaq üçün hüquqi mexanizmlərə malikdir. Yeni qaydaların ilin sonunadək tətbiq edilməsi, tam qadağanın isə gələn ilin yazından qüvvəyə minməsi planlaşdırılır.
Qərar, uşaqlar arasında artan psixoloji problemlər və uzunmüddətli ekran istifadəsinin yaratdığı narahatlıqlar fonunda qəbul edilib. Hökumətin keçirdiyi genişmiqyaslı sorğuda 116 mindən çox insan iştirak edib və valideynlərin 83 faizindən çoxu onlayn risklərin faydalardan üstün olduğunu bildirib.
Valideynlər və müəllimlərin bir hissəsi bu qərarı müsbət qarşılayır. Lakin bəzi psixoloqlar hesab edir ki, belə bir qadağanın effektivliyinə dair hələ kifayət qədər elmi sübut yoxdur.
03:21 20.06.2026
Oxunuş sayı: 61