Yeni qanun: Məhkəmə vətəndaşların pulunu qaytarmayacaq
Ali Məhkəmənin qanunsuz məqsədlə verilmiş pulların hüquqi müdafiə predmeti hesab olunmaması ilə bağlı yanaşması cəmiyyətdə yeni müzakirələrə səbəb olub. Yeni qanuna görə, hər hansı pul tələbi yalnız qanuni əsaslara – müqavilə, zərər vurulması, əsassız varlanma və ya qanunda nəzərdə tutulan digər hüquqi münasibətlərə söykəndiyi halda qorunur. Qanunsuz məqsədlə verilən vəsait isə hüququn müdafiə etdiyi münasibət hesab edilmir.
Lakin bu yanaşma praktikada daha mürəkkəb suallar doğurur. Xüsusilə vətəndaşın işə düzəlmək, hansısa xidmət almaq və ya problemini həll etdirmək ümidi ilə rüşvət verməsi, lakin sonradan aldadılması hallarında məsələ təkcə hüquqi deyil, həm də ictimai ədalət müstəvisində müzakirə olunur. Bu halda vətəndaş verdiyi vəsaiti birdəfəlik itirməlidirmi? Yoxsa qanunsuz ödənişi qəbul edib mənimsəyən şəxslərə qarşı əlavə hüquqi və cəza mexanizmləri tətbiq olunmalıdır? Bu yanaşma korrupsiya ilə mübarizəni gücləndirir, yoxsa zərərçəkmiş şəxslərin hüquqi müdafiəsini zəiflədir?
Mövzu ilə bağlı hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Crossmedia.az-a açıqlama verib:
“Bu məsələ hüquqi və etik baxımdan mürəkkəbdir. Burada məntiq ondan ibarətdir ki, rüşvət vermək də qanunsuz əməldir. Əgər məhkəmə rüşvət məqsədilə verilən pulun geri qaytarılmasını təmin etsəydi, bu, dolayısı ilə qanunsuz sövdələşmələri hüquqi müdafiə altına almış olardı. Buna görə də mülki hüquq belə münasibətləri adətən qorumur. Amma digər tərəfdən, praktikada elə hallar olur ki, məmur və ya vasitəçi vətəndaşı aldadaraq "işini həll edəcəyəm" deyib pul alır, vətəndaş çarəsizlikdən və ya təzyiq altında həmin pulu verir, nəticədə nə işi həll olunur, nə də pulu qaytarılır. Belə hallarda pulun "batması" ədalətli görünmür. Burada məsələ artıq sadəcə mülki münasibət deyil, cinayət hüququ müstəvisinə keçir. Əgər şəxs rüşvət adı ilə pul alıb mənimsəyibsə, bu, konkret şəraitdən asılı olaraq dələduzluq, rüşvət alma və ya digər cinayət tərkibi yarada bilər. Belə hallarda dövlət həmin şəxsi cinayət məsuliyyətinə cəlb etməli və zərərçəkmişin vurulmuş zərərinin ödənilməsi məsələsinə də baxmalıdır”.

Hüquqşünas əlavə edib ki, bununla yanaşı, qanunvericilikdə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da rüşvət verən şəxs könüllü şəkildə hüquq-mühafizə orqanlarına müraciət edib hadisəni ifşa edərsə, müəyyən hallarda cinayət məsuliyyətindən azad oluna bilər: “Bu mexanizm korrupsiyanın aşkar edilməsini təşviq etmək məqsədi daşıyır. Yəni məncə, balans belə olmalıdır: Rüşvət müqaviləsi mülki hüquqla qorunmamalıdır. Lakin rüşvət adı ilə pulu mənimsəyən şəxs mütləq cinayət məsuliyyəti daşımalı və mümkün olduqda həmin vəsait zərərçəkmişə qaytarılmalıdır. Belə yanaşma həm korrupsiyanı təşviq etmir, həm də dələduzluq və qanunsuz mənimsəməyə qarşı hüquqi müdafiəni təmin edir”.
Ayhan
11:30 18.06.2026
Oxunuş sayı: 49