Partiya sədri sərt danışdı: Ramiz Mehdiyev həbs edilməlidir
Bakının Xəzər rayonunun Zirə qəsəbəsində 12 hektar torpaq sahəsi ilə bağlı vətəndaşın iddiası ətrafında mübahisə yenidən gündəmə gəlib. Sakin Samil Musayev torpağın ailəsinə məxsus olduğunu təsdiqləyən çıxarış və arxiv sənədlərinin olduğunu bildirir. Onun sözlərinə görə, sahə təxminən 10-15 il əvvəl ondan alınıb, əvəzində başqa torpaq veriləcəyi vəd edilsə də, bu vəd yerinə yetirilməyib. Musayev iddia edir ki, ərazi sonradan daha böyük torpaq massivinə birləşdirilib. O, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etsə də, problemin həllini tapmadığını deyir.
Zirədəki məsələ ərazidə yüzlərlə, hətta təxminən 1000 hektara çatan torpaq massivlərinin kimlərin nəzarətində olması ilə bağlı illərdir səsləndirilən iddiaları da yenidən gündəmə gətirir. Müxtəlif məlumatlarda həmin ərazilərin bir hissəsi Ramiz Mehdiyev və onun yaxın çevrəsi ilə əlaqələndirilir. Lakin bu iddiaların hüquqi əsasları və torpaqların əldə edilmə qaydası ayrıca araşdırılmalı, rəsmi sənədlərlə təsdiqlənməlidir. Samil Musayevin 12 hektarlıq torpaq sahəsi ilə bağlı tələbi isə məsələnin vətəndaşın mülkiyyət hüququ baxımından hüquqi qiymətləndirilməsini zəruri edir.
Ağ Partiyasının sədri Tural Abbaslı Crossmedia.az-a açıqlamasında Ramiz Mehdiyev və onun ailəsinə məxsus olduğu bildirilən əmlak və müəssisələrin hazırkı vəziyyətindən danışıb. O, Mehdiyevin ağır ittihamlarla üzləşməsinə baxmayaraq, əmlaklarına həbs qoyulmamasını sual doğuran hal kimi qiymətləndirib:
"Ramiz Mehdiyevlə bağlı məsələ yalnız torpaq sahəsi ilə məhdudlaşmır. Onun bankı, nəşriyyatı, müəssisələri, bağları və digər əmlakları var. Bu baxımdan, burada ikili yanaşma müşahidə olunur. Şəxs dövlətə xəyanətdə, dövlət resurslarından şəxsi maraqları üçün istifadə etməkdə və dövlət çevrilişinə cəhddə ittiham olunur, lakin heç bir əmlakına və mülkünə həbs qoyulmayıb, əmlaklarından məhrum edilməyib".
Partiya sədri bu məsələdə Türkiyədə tətbiq olunan təcrübəni nümunə göstərərək, cinayət işi çərçivəsində şəxsin əmlaklarının qorunması üçün qəyyum təyin edildiyini və məhkəmə prosesinin nəticəsindən asılı olaraq həmin əmlakların dövlətin nəfinə keçirilə bildiyini bildirib:
"Məsələn, qonşu Türkiyədə Mehdiyev ailəsi kimi kifayət qədər kapitala malik ailələr və ya şəxslər barədə cinayət işi açıldıqda, yaxud araşdırma aparıldıqda onların əmlakına həbs qoyulur və qəyyum təyin edilir. Məqsəd müəssisələrin fəaliyyətinin dayanmasının, orada çalışan insanların zərər çəkməsinin və əmlakın dağılmasının qarşısını almaqdır. Əgər həmin vəsaitlərin dövlətə məxsus olduğu müəyyən edilərsə, onların itirilməsinə imkan verilmir. Qəyyum təyin olunur və məhkəmə prosesi başa çatdıqdan sonra əmlak, mülk, müəssisə və digər aktivlərin taleyi hüquqi qərara uyğun müəyyənləşdirilir və dövlətin nəfinə keçirilə bilər".
T.Abbaslı Mehdiyev ailəsi ilə əlaqələndirilən şirkətlərin fəaliyyətini davam etdirməsini də diqqətə çatdırıb:
"Amma Mehdiyev ailəsi ilə bağlı bunu görmürük. Əksinə, Mehdiyevin oğlunun "BTV Bank"ı bank olmayan kredit təşkilatına çevirdiyi və fəaliyyətini davam etdirdiyi bildirilir. Bundan başqa, qızının, onun həyat yoldaşının və gəlininin adına olduğu deyilən müxtəlif şirkətlər, o cümlədən, "Şərq-Qərb" nəşriyyatı fəaliyyət göstərir. Həmin müəssisələrə dövlət qurumları tərəfindən də sifarişlər verilir".

O, dövlət orqanlarının məsələ ilə bağlı konkret mövqe ortaya qoymasının vacibliyini vurğulayıb:
"Əgər bu şəxs barəsində həbs qərarı verilməsi zəruridirsə, qanunvericiliyə uyğun olaraq həbs edilməlidir. Əks halda, insanlara daim "Mehdiyev belə etdi, elə etdi" demək düzgün yanaşma deyil. Mehdiyev əvvəlki qədər güclü və imkanlıdır, həm maliyyə, həm də təsir imkanlarını qoruyur və evində həyatını davam etdirir".
Partiya sədri bildirib ki, digər hallarda nisbətən kiçik hüquqi və maliyyə pozuntularına görə şəxslərin əmlaklarına və hesablarına məhdudiyyətlər tətbiq edildiyi halda, Mehdiyevlə bağlı vəziyyət fərqlidir:
"Məsələn, vergidən yayınan və 200, 300, 500 min manat borcu olan şəxslərin avtomobilinə həbs qoyulur. Bank kreditini vaxtında ödəyə bilməyən şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq edilir. Hətta hər hansı müəssisənin kiçik məbləğdə borcu olduqda onun hesablarına həbs qoyula bilər. Kiçik bir cinayətə görə şəxs həbs edilərək istintaq müddətində Kürdəxanıda saxlanılır. Amma Mehdiyev ağır cinayətlərdə ittiham olunmasına baxmayaraq, evindədir".
T.Abbaslı sonda dövlətin Ramiz Mehdiyevlə bağlı mövqeyini daha aydın şəkildə ortaya qoymasının vacibliyini bildirib:
"Bu məsələlərə, hökumət yenidən baxmalı və cəmiyyətə konkret mövqeyini nümayiş etdirməlidir. Dövlət bu şəxsin həbs edilməsini istəyir, yoxsa istəmir? Dövlət çevrilişinə cəhddə ittiham olunan şəxsin hansısa torpaq sahəsinin kiməsə verilməməsi barədə mənim fikir bildirməyim gülməli görünər. Çünki həmin şəxs dövlət çevrilişinə cəhddə ittiham olunur və evindədir. Təbii ki, belə vəziyyətdə onun bir nəfərdən, yüzlərlə şəxsdən və ya böyük torpaq sahələrindən istifadə etməsi ilə bağlı məsələlərin necə qiymətləndiriləcəyi də sual doğurur. Hazırda onun barəsində cinayət işi var və həmin iş çərçivəsində həbsdə olan şəxslər də mövcuddur. Lakin prosesin başında olduğu bildirilən Ramiz Mehdiyev və onun ailə üzvləri azadlıqdadır".
Nigar Xəlilli
15:00 14.08.2026
Oxunuş sayı: 55