Rüşvəti alan günahkardır, ya verən?
Rüşvətə qarşı mübarizə hüquqi dövlətin əsas prinsiplərindən biri hesab olunur və Azərbaycan qanunvericiliyində bu məsuliyyət təkcə rüşvət alanın deyil, eyni zamanda rüşvət verənin də üzərinə qoyulub. Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən, rüşvət vermə əməli də cinayət hesab edilir. Lakin praktikada bu yanaşma bəzən mübahisələr doğurur. Çünki elə hallar olur ki, vətəndaş hüququnu təmin etmək, işini həll etdirmək və ya süni maneələri aşmaq üçün rüşvət verməyə məcbur olduğunu iddia edir. Rüşvət alan adam vətəndaşın da qanun qarşısında məsuliyyət daşıdığını bilərək hədələyir və hüquq mühafizə orqanlarına müraciət etməməsi üçün təhdid edir. Digər tərəfdən, polis tərəfindən bəzi halların mülki mübahisə kimi qiymətləndirilib məhkəməyə yönləndirilməsi, məhkəmə proseslərinin uzun çəkməsi və vətəndaşın əlavə vaxt itkisi ilə üzləşməsi sual yaradır: rüşvət verən şəxsin də eyni qaydada məsuliyyətə cəlb olunması nə dərəcədə ədalətlidir və bu mexanizm vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Hüquq elmləri üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Crossmedia.az-a açıqlama verib:

“Bu məsələdə iki yanaşma var və hər ikisinin məntiqi əsasları mövcuddur. Mövcud yanaşmaya görə rüşvət alan da, verən də məsuliyyət daşımalıdır. Çünki əgər yalnız alan cəzalandırılsa, onda insanlar istədikləri işi qanunsuz yolla həll etmək üçün rahatlıqla rüşvət təklif edə bilərlər. Yəni korrupsiya iki tərəfin iştirakı ilə baş verdiyindən qanun hər iki tərəfi məsul hesab edir. Amma praktikada qeyd edilən problem də realdır. Çox vaxt vətəndaş könüllü olaraq deyil, məcburiyyət qarşısında qalaraq rüşvət verir. Məsələn, qanuni haqqı olan sənədi almaq, müalicə, xidmət və ya başqa bir işi həll etdirmək üçün ondan pul tələb olunur. Belə hallarda vətəndaş sonradan şikayət etmək istəyəndə "özün də cinayət törətmisən" qorxusu yarana bilər. Bu səbəbdən bir çox ölkələrdə və Azərbaycan qanunvericiliyində də müəyyən güzəşt mexanizmləri mövcuddur. Məsələn, şəxs rüşvəti verməyə məcbur edilibsə və ya rüşvət verdikdən sonra bunu könüllü şəkildə hüquq-mühafizə orqanlarına bildirərək cinayətin açılmasına kömək edibsə, məsuliyyətdən azad edilə bilər. Məncə, qanunun məqsədi düzgün olsa da, vətəndaşların korrupsiya faktlarını daha rahat ifşa etməsi üçün bu mexanizmlər daha aydın və effektiv tətbiq olunmalıdır. Əks halda, rüşvət alan şəxs "sən də məsuliyyət daşıyırsan" arqumenti ilə qarşı tərəfi susdura bilir”.
Hüquqşünas əlavə edib ki, polisin bəzi hallarda məsələni mülki mübahisə kimi qiymətləndirib məhkəməyə yönləndirməsi, məhkəmələrin isə iş yükünə görə vətəndaşı aylarla gözlətməsi insanlarda hüquq müdafiəsinin effektivliyinə inamı azalda bilər. Vətəndaş düşünür ki, həm vaxt itirəcək, həm də nəticə əldə etməyəcək: “Rüşvət verənin də məsuliyyətə cəlb edilməsinə gəlincə, bunun hüquqi məntiqi var: qanunsuz sövdələşmənin hər iki tərəfi məsuliyyət daşımalıdır. Lakin bu yanaşmanın mənfi tərəfi odur ki, rüşvət alan şəxs sonradan "sən də cinayət törətmisən" arqumenti ilə qarşı tərəfi şikayət etməkdən çəkindirə bilir. Məncə, qanun elə tənzimlənməlidir ki, rüşvət faktını könüllü şəkildə ilk dəfə açıqlayan və istintaqa kömək edən şəxs məsuliyyətdən tam azad olunsun və ya çox geniş hüquqi təminat alsın. Bu, korrupsiya faktlarının üzə çıxarılmasını asanlaşdıra bilər. Digər tərəfdən, məqsədi qanunsuz üstünlük əldə etmək olan və rüşvəti özü təklif edən şəxslərin məsuliyyətdən kənarda qalması da düzgün olmazdı. Ona görə ən balanslı variant, görünür, rüşvəti ifşa edənlə rüşvətin təşəbbüskarı olan şəxsi fərqli hüquqi rejimdə qiymətləndirməkdir”.
Ayhan
14:56 15.06.2026
Oxunuş sayı: 84