Litvada Azərbaycan mədəni irsi böyük maraqla qarşılanıb
Litva Respublikasında fəaliyyət göstərən “Azəris” təşkilatı Klaypeda şəhərində keçirilən “Milli Mədəniyyət Günü” festivalında iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Festivalda qurulan Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. Stenddə ölkəmizin zəngin mədəni irsini əks etdirən milli geyim nümunələri nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub. Ziyarətçilər Azərbaycan xalqının mədəniyyəti, adət-ənənələri və kulinariya irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Tədbirin bədii hissəsində “Azəris” təşkilatının nəzdində fəaliyyət göstərən Klaypeda həftəsonu Azərbaycan məktəbinin şagirdləri milli rəqslərimizi ifa ediblər. Azərbaycan bayraqları ilə səhnəyə çıxan gənc soydaşlarımızın rəngarəng və dinamik çıxışları böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılması, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın təşviqi baxımından mühüm əhəmiyyət daşıyan festival ölkəmizin zəngin mənəvi irsinin təbliği üçün növbəti uğurlu platforma olub.
14:00 10.06.2026
Oxunuş sayı: 47