İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilimiş buraxılış imtahanı keçirilir
Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, imtahan prosesi 8 iyun tarixindən Bakı şəhərində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində start götürüb. İyunun 10-dan etibarən isə mərkəzləşdirilmiş buraxılış imtahanları ölkə üzrə Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən bütün müvafiq təhsil müəssisələrini əhatə edəcək.
Cari tədris ili üzrə imtahanlarda 8000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur. İmtahanların keçirilməsində əsas məqsəd şagirdlərin təhsil müddətində əldə etdikləri nəzəri biliklərin, praktiki bacarıqların və yaradıcılıq potensialının obyektiv qiymətləndirilməsi, eləcə də tədrisin keyfiyyətinin vahid yanaşma əsasında ölçülməsidir.
İmtahanlar müvafiq ixtisaslar üzrə təsdiq edilmiş proqramlara uyğun təşkil olunur. Prosesin şəffaf, obyektiv və sistemli şəkildə aparılması üçün zəruri təşkilati və metodiki tədbirlər görülüb.
Buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq, bu ildən ilk dəfə məzunlara elektron şəhadətnamələrin verilməsi nəzərdə tutulur. Bu yenilik sənədləşmə prosesinin daha çevik, şəffaf və müasir tələblərə uyğun təşkilinə imkan yaradacaq.
İmtahanların yekunlarına əsasən şagirdlərin təhsil müddətində qazandıqları nəticələr müəyyən ediləcək və müvafiq sənədləşmə aparılacaq.
13:08 10.06.2026
Oxunuş sayı: 49