Diasporumuz Avropa çempionu olan millimizə dəstək olub
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının final oyununda Ukrayna seçməsini 2:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycan millisinin bu parlaq qələbəsini Slovakiya, Çexiya və Macarıstandakı soydaşlarımız da böyük coşğu ilə qarşılayıb.
“Land of Fire“ Cəmiyyətinin və Budapeşt Azərbaycan Evinin təşkilatçılığı ilə icma üzvlərimiz milli komandamıza güclü azarkeşlik ediblər. Soydaşlarımız oyun zamanı stadionda Azərbaycan bayraqları dalğalandırıb, milli şüarlar səsləndirib, həmrəylik ruhunu qürurla nümayiş etdiriblər.
Azərbaycan diasporunun beynəlxalq idman yarışlarında milli komandalarımıza verdiyi dəstək artıq ənənə halını alıb. Soydaşlarımızın Slovakiyadakı birliyi xaricdə yaşayan azərbaycanlıların Vətənə bağlılığının və milli həmrəyliyin uğurlu nümunələrindən biri kimi yadda qalıb.
11:05 08.06.2026
Oxunuş sayı: 45