ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyacını qarşılamır
ABŞ Ukraynaya bütün yeni istehsal olunan Patriot raketlərini versə belə, bu, Rusiyanın ballistik raket hücumlarının qarşısını tam almaq üçün kifayət etməyə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Defense Express” nəşrinin təhlil yayımlayıb.
Analitiklərin hesablamalarına əsasən, Rusiya hər ay 113-dək ballistik, aeroballistik və hipersəs raketi istehsal edir. Bu tip raketlərin zərərsizləşdirilməsi üçün isə Ukraynanın əsasən MIM-104 Patriot hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.
Müqayisə üçün qeyd olunur ki, ABŞ-ın müdafiə sənayesi şirkəti Lockheed Martin hazırda Patriot sistemləri üçün ayda təxminən 52 ədəd PAC-3 MSE raketi istehsal edir. Nəşrin fikrincə, hətta bu raketlərin hamısı Ukraynaya göndərilsə belə, mövcud ehtiyacı tam ödəməyəcək.
Məqalədə vurğulanır ki, vəziyyət Yaxın Şərqdəki son qarşıdurmalardan sonra ABŞ-ın öz raket ehtiyatlarının azalması səbəbindən daha da mürəkkəbləşib.
Defense Express-in qənaətinə görə, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün təkcə mövcud raket tədarüklərinin artırılması deyil, həm də istehsal həcmlərinin əhəmiyyətli şəkildə genişləndirilməsi tələb olunur.
19:48 07.06.2026
Oxunuş sayı: 59