Arkadağ şəhər muzeyində "Azərbaycan - obyektivdən tarixə" adlı sərgi açılıb
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkənin Arkadağ Şəhər Tarix-Diyarşünaslıq muzeyində "Azərbaycan - obyektivdən tarixə" adlı sərgi açılıb.
Crossmedia.az xəbər verir ki, təqdimatda Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Milli Məclisin üzvü Hikmət Babaoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, mədəni ictimaiyyət və media mənsubları iştirak ediblər.
Çıxış edən mədəniyyət nazirinin müavini M. Hüseynov Türkmənistanda Azərbaycan Mədəniyyət Günlərinin yüksək səviyyədə təşkil olunduğunu deyib. Nazir müavini mədəniyyət günlərinin ölkənin həm Aşqabaq, həm də Arkadağ şəhərlərində keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.
Türkmənistanın mədəniyyət nazirinin müavini N. Şirimov isə, öz növbəsində, iki xalq arasında mədəni əlaqələrin inkişaf etdiyini bildirərək qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsini əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman jurnalistlərə açıqlamasında fotosərgi barədə ətraflı məlumat verib. O, sərgidə həm Azərbaycanın müasir memarlığının, həm də azad olunmuş ərazilərdəki tarixi-mədəni irsin, bərpa-quruculuq işlərinin əks olunduğunu qeyd edib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.(Report)
22:54 06.06.2026
Oxunuş sayı: 47